Onlayn ictimai-siyasi qəzet
Səlim Müslümov, çox yox, ikicə il də sosial təminat naziri vəzifəsində qalsaydı, ölkə əhalisinin tən yarısı əllilik təqaüdü alacaqdı. Zarafat eləmirəm, belə bir tendensiya vardı.
Durduq yerə, heç bir zəhmət çəkmədən, əmək sərf etmədən havayı pul əldə ermək ehtirası insanların gözünü kütləvi şəkildə tutmuşdu. İş axtaran issizə iş tapırdın, bir-iki gün işləyir, çıxırdı ki, bundansa gedib əlillik təqaüdü alaram.
Hətta sapsağlam, boyu 1.75 sm, çəkisi 80, yaşı 38, qan təzyiqi 130/80 olan kələ kimi adamlar vardı, soruşanda nə işlə məşğulsan, deyirdi, işsizəm, deyirdin, bəs nəylə dolanırsan, deyirdi, əllilik pensiyası alıram. Dialoqun mabədi belə olurdu: “Axı sən əlil deyilsən, sağlamsan” - “Havayı puldur də, verirlər, alıram”; “Bunu necə düz-qoş etmisən?” – “Tanış adam var, lazımdırsa, kimə istəyirsən, təşkil edək”.
Ancaq gün gəldi, bu işin zibili çıxdı. Havayı pul alan xeyli adamın pensiyası kəsildi. Ancaq bir iş pis oldu ki, “havayı pul alanlar” diviziyası ilə yanaşı, gerçək əlillərin və əmək qabiliyyəti olmayanların təqaüdü də kəsildi və ölkədə vay-nöfsə qopdu. Yeni nazir Sahil Babayevin ünvanına nələr deyirdilər, nələr danışırdılar, bir Allah bilirdi, püskürülən nifrət, bişəkk, troposfer qatını da aşıb yuxarılara gedirdi.
Bu məsələ absurda getdi, kimin gerçəkdən əlil olduğu, kimin olmadığı, kimə təqaüd düşdüyü, kimə düşmədiyi bir-birinə qarışdı, xaos yarandı. Günü bu gün 100 təqaüdü kəsilmiş adamı danışdıraq, 95-i sübut edəcək ki, ona qarşı haqsızlıq olub. Sonra da təqaüdkəsənləri danışdıraq, onlar da sübut edəcəklər ki, hamısının təqaüdünü haqlı yerə dayandırıblar.
Söyüş-qarğış yerlərinin biri də həkimlər idi. Əlilliyi onlar təyin edirdilər. Val tərsinə dönmüşdü deyə, artıq onlar müraciət edənlərə müvafiq sənəd vermirdilər. Bu dəfə klinikalılarda çığır-bağır düşürdü. Bəzi “əlillər” az qalırdılar həkimləri vurub gerçək əlilə çevirsinlər.
Amma bütün həkimlər o cür höcət deyilmiş, bəziləri əlillik dərəcəsinin təyini və pensiyaların bərpası üçün vətəndaşlara xidmət göstəriblər.
Heç demə, Samirə adlı bir fərasətli qadın (hələlik məhkəmə hökmü olmadığına görə dələduz demək düzgün olmaz) kəsilmiş təqaüdləri bərpa etdirə biləcəyini deyib, ağsulu həkimləri prosesə cəlb edib.
Onlar da qohum-əqrəbaları, dost-tanışları arasındakı keçmiş “əlillər”i səfərbər edib, pullarını alıb Samirəyə ötürüb. Axırda məlum olub ki, Samirə onlara təqaüd kartı adıyla debet kartı verib. “Təqaüdçülər” karta pul kömürülmədiyini görəndə banka müraciət ediblər və orada işin üstü açılıb.
Ortada bir rota dələduzluğa məruz qalan, toplamda 126 min pul itirən, amma özləri də bu və ya digər şəkildə dələduzluq etmək istəyən (dövlətdən havayı pul alacaqdılar) adam var, amma heç kəs özünü təqsirli bilmir. Samirə də, həkimlər də Aydan arı, sudan durudurlar. Hətta həkimlər deyirlər ki, özləri Samirə tərəfindən aldadılıblar və məsumdurlar.
Ancaq bu “məsum” həkimlər onu da etiraf ediblər ki, təqaüdü bərpa olunan hər adamdan onlara 200-300 manat qalacaqmış. Bu, necə məsumluqdur ki, sağlam adamlara yalandan əlillik dərəcəsi təyin edirsən? Və bu, necə qohumluqdur ki, təqaüdünün bərpasına kömək etdiyin qohumlardan sənə 200-300 manat pul qalır?
Belə anlaşılır ki, axırda həbsə gedən təkcə Samirə olacaq. Çünki pulun çox hissəsi ona çatıb və onda batıb. Yazıq həkimlər isə aldadılan şəxslərin 126 min manatını düzəldib veriblər, ola bilər bir o qədər də artıq xərcləri çıxıb. Sovet dövründə bir məşhur kəlam vardı, deyirdilər: “Allah adamın işini bir həkimə salmasın, bir də hakimə”. Bu söhbətdə həkimlərin işi indilikdə hakimlərdədir. Yəqin ki, gün gələcək, hakimlərin də işi həkimlərə düşəcək. O zaman ödəşəcəklər.
Əsas məsələ odur ki, başqa vaxt işi-gücü, zəhmətkeşliyi ilə tanınan adamlar son illərdə çox tənbəlləşiblər, havayı pul almaq üçün xərcə düşməyə hazırdırlar. Təki işləməsinlər. Məmləkətdə normal qazanclı iş olmaması isə başqa və uzun söhbətdir.
Bu xüsusda bir məşhur lətifə də var, yazmasam, olmaz. Belədir: Üç əlil olur, biri amerikalı, biri fransız, biri rus. Oturub dərdləşir, Allaha sitəm edir, kömək istəyirlər. Amerikalı deyir, mən yaxşı xarrat idim, qolum quruyub, işləyə bilmirəm. Fransız gileylənir ki, mən də yaxşı futbol oynayırdım, ayaqdan əlil oldum, oynaya bilmirəm. Rus heç nə demir. Yuxarıdan səda gəlir: “Ey, amerikalı, sənin əl-qoluna şəfa verdim, get işinə. Ey fransız, sən də get futbolunu oyna. Ey rus, bəs sənə nə edim?” Rus üzünü göyə tutur: “Mən heç nə eləmə. Ara yerdə pensiyamı kəsəcəklər”.
11 Iyun 2025
03:54 Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır? - ARAŞDIRMA
10 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ