Onlayn ictimai-siyasi qəzet
Yer üzündə bir xeyli heyvan var ki, müxtəlif coğrafi məkanlarla anılır. Məsələn, dünyanın hər tərəfində ayı var, fəqət ən məşhuru rus ayısıdır. Rusiyanın dövlət totemi də məhz “rus ayısı”dır.
Bu cür başqa anlaıyışlar da var: İran şiri, Hindistan fili, Ərəbistan dəvəsi, Altay bozqurdu, Avstraliya dinqosu, Tasmaniya canavarı, Ussuriya pələngi, Türküstan bəbiri, Nil timsahı, Amazon piraniyası, Qarabağ atı, Mazandaran çaqqalı, Həmədan eşşəyi, Muğan ceyranı, Zobucuq tülküsü və sair.
Bu sonuncu yerli brenddir, bunu yalnız Zobucuq tərəflərdə yaşayanlar bilər. Tutmaq, vurmaq da olmur ki, görəsən, bunun başqa yerlərin tülküsündən fərqi nədir.
Vəng qoduğu da bu tipli heyvanlardandır. Onun gənc Həmədan eşşəklərindən elə bir fərqi yoxdur, amma 2020-ci ildən qabaq ermənilər ona xüsusi imtiyaz vermişdilər, hər il Xankəndinin dibindəki Vəng qəsəbəsində böyük təntənə ilə, zurna-balabanlı qoduq cıdırı keçirirdilər. Hətta bu yarışa beynəlxalq status da almaq istəyirdilər. İndi imkan verələr, Bakıda keçirilən məhkəmədə Bako Saakyan və Arkadi Qukasyandan soruşasan ki, siz canınız, hər il qoduq ötüşdürmə yarışması keçirməkdə məqsədiniz nə idi.
Belə güman var ki, yaramazlar qoduğu “artsax”ın toteminə çevirmək istəyiblər. Yəni baxın, “rus ayısı” var, “İran şiri” var, bu da olsun “artsax qoduğu”. Guya ki, “artsax” qoduğu yeri gəlsə Qarabağ atına təndir, inadkardır, sürətlidir və s.
Bilirsiniz, o məsələ çürüdü. Ermənilər Vəngdən gedəsi oldular, əldəqayırma “dövlət” totemi ilə birlikdə süqut etdi, Vəngdə ötüşdürülən qoduqlar necə oldu, bilinmədi, ya yiyəsiz qalıb vəhşiləşdilər, ya da Bakıya gətirildilər, kolbasa sexlərində işə düzəltdilər.
Əslində isə bu yazıda söhbət “İran şiri”ndən gedəcək.
Bildiyiniz kimi, İranın totemi şirdir. Generallar, axundlar keçmiş diplomatlar patriotik açıqlamalar verəndə eyzən “İran şirinin quyruğu ilə oynamaq” kimi bir ifadə işlədirlər və bildirirlər ki, bu, təhlükəli işdir, bir gün o şir nərə çəkib ayağa qalxar və guya ki, onun quyruğu ilə oynayanları cırıq-cırıq edər.
Bunu vaxtilə ayətullah Amili də demişdi, bu günlərdə də Tehran da kimsə təkrarlayıb.
Açığı, artıq bu söhbət bezdirib. Sanki başqa təşbeh, başqa söhbət yoxdur, qəhətə çıxıb.
Birincisi, bu şir niyə həmişə yatılıdır ki, quyruğu ilə oynayanlara vaxtında reaksiya vermir, amma nə vaxtsa, nervilənib nərə çəkəcək və ayağa qalxacaq.
İkincisi, illərdir o şirin quyruğu ilə nəinki oynayanlar, hətta çöp uzadaraq quyruğunun altını qıdıqlayanlar da var, amma şir heç nə eləmir, eləcə, nərə çəkir. Məsələn, ABŞ və İsrail “İran şiri”ni əməllicə incidirlər.
Üçüncüsü, real şirə “savannaların kralı” deyildiyinə baxmayın, vəhşi təbiətə dair sənədli filmlərə, yəni türkün sözü, bəlgəsəllərə baxırsınızsa, görmüş olarsınız, bir vəhşi camış 4-5 şiri bir-birinə qatır. Yaxud 6-7 şir köməkləşməyincə bir zürafəyə heç nə edə bilmirlər, hətta zürafənin təpiyi şirin kəlləsindən tutsa, yazıq qumbaraatanla vurulmuşa dönür.
Hələ bir bal porsuğu deyilən yarımmetrlik yırtıcı var, şirin qabağından qaçmır, üzünə qayıdır, arada cırmaq atır. O da durub baxır. Bax, hazırda İsrail özünü həmin bal porsuğu kimi aparır.
Cənubi Qafqaz da sanki böyük yırtıcıların oylaq yeridir. O tərəfdən “rus ayısı” nərildəyir, “qayıdacam, pətəyiniz də mənimdir, balınız da” deyir, bu tərəfdən “İran şiri” “vaxtilə oralar mənim ov yerim olub, ədalət bərpa olmalıdır” deyə təhdid edir. Arada “Fransa xoruzu” çəpərin başına çıxıb üstümüzə “xoruzlanır”, bir az banlayır, sakitləşir. ABŞ-də demokratların “eşşəyi” yorulub yolda qaldı, amma respublikaçıları “fil”i də hələlik başqa regionları “tapdalamaqla” məşğuldir. Bir gün o da fırlanıb Qafqaza gəlsə, görəcəyimiz var.
Uzun sözün kəsəsi, cəngəllikdəyik, cəncəldəyik.
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ