İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask Trampdan niyə üzr istədi? – Gücü (və digər sinonmləri) çatmadı...

Sizcə, hanıs daha güclüdür: çox pul, yüksək vəzifə, güclü silah?

Hərə bir şey deyəcək. Çünki mübahisəli məsələdir. Optimal cavab o ola bilər ki, bu, pulun, vəzifənin və silahın necə bir adamın əlində olduğuna baxır.

Bax, dünən nə gördük? Dünyanın ən pullu adamı İlon Mask dünyanın ən yüksək vəzifəli adamı Donald Trampdan üzr istədi.

Bunu diplomatik dildə “üzr istədi” adlandırırlar, amma el dilində adı başqa cürdür: “Geri verdi”, “tüpürdüyünü yaladı”, “qələt eləmişəm dedi”, “hünəri çatmadı” (bu ifadələri effektiv sinonimləri də var) və sair və ilaxır.

Əgər Trampın yerində Bayden, ya Obama olsaydı, Mask onlardan üzr istəməzdi, fikirləşərdi ki, dünyanın ən pullu adamıdır, lazım gəlsə, min vəkil tutar, meydana yüz min tərəfdar çıxarar və dünyanın ən böyük vəzifəsini tutan adam geri çəkilməli olar. Olmasın 100 milyard.

Sadəcə, Maskın ağlı kəsdi ki, Tramp qətiyyətli (hozuvari) liderlərdəndir. Belələri qanunlara, konvensiyalara, peşə etikasına, nəzakət qaydalarına elə də qoz qoymurlar, elə əmr verirlər ki, sonra gec olur.

Buradan o nəticəyə gəlmək olar ki, yüksək vəzifə Tramp kimisinin əlində olarsa, vəzifə silaha və pula qalib gələ bilər.

Amma yüksək vəzifə mədəni, demokrat, qanunpərəst, mülayim birinin əlində olanda o qədər də effektiv olmaya bilər. Məsələn, hamı bilir ki, Elçibəy sərt adam deyildi, hər zaman anlaşamadan, barışıqdan yanaydı, qan tökmək, türmə doldurmaq istəmirdi. Amma axırda necə oldu? Surət bir neçə min silahlı adamla Gəncədən gəlib onun hökumətini devirdi.

Bu da o mənanı verir ki, bəzi hallarda silah yüksək vəzifədən güclüdür. Xüsusilə də çoxlu silahlı adam bir arada olanda.

Surət silah hesabına gəlib baş nazir oldu. Yoxsa onun ən böyük vəzifəsi elə yun zavodunun direktoru postu olaraq qalacaqdı. Onda da bir gün Yevlax cəbhəçiləri yığışıb qapısını mismarlayacaqdılar. Əlbəttə, silahı olmasa.

Həmin vaxt ölkənin ən pullu adamı Rəsul Quliyev idi. Normalda yeni hökumət onu neytrallaşdırmalıydı, amma adamı baş nazirin müavini qoydular. Lap yeni hökumət isə Quliyevi parlamentin sədri təyin etdi. Niyə? Çünki pulu çox idi.

Fəqət pulunun çoxluğu onun yuxarıya doğru daha bir pillə qalxmasına səbəb olmadı.

Heç yanındakı silahlıların çox olması Surətə də kömək etmədi, sonrakı il bir “qısmat çörəh” yeməyə macal vermədən onu tərk-silah etdilər, o da məcbur qalıb tərki-vətən oldu, sonra qaytarıb gətirdilər, qoydular içəri.

Bu halda yüksək vəzifə həm silahdan, həm də puldan güclü çıxdı. Çünki yüksək vəzifə təcrübəli şəxsin əlindəydi.

Ona görə də keçən həftə yekə-yekə danışan Maskın bu həftə yumşalması təsadüfi deyil. Atası Erol Mask türkiyəli müğənni Erol Evgin kimi ona öncədən demişdi ki, atəşlə oynama, Trampa cavab qaytarmaqda səhv eləyirsən. O isə qanacaqsızlıq edərək doğma atasını “cəhənnəm şeytanı” adlandırmışdı.
Yəni adam təkcə Trampdan yox, ağsaqqal atasından da üzr istəməlidir.

Ancaq Maskın yerində Rokfeller, Rotşild olsaydı, başlarına bu iş gəlməzdi. Çünki onların ağlı vaxtında kəsərdi ki, hökumətlə hökumətllik eləmək olmaz – bir, hakimiyyətə ciddi birini gətirmək lazımdır – iki.
Hətta vaxtilə dünyanın ən varlı adamı olmuş Billi Qeyts də ağıllı hərəkət edirdi, milyardlarını siyasətə yox, təhsilə və səhiyyəyə yatırırdı. (Hərçənd ölkəmizdə o əliaçıq kişinin adına söz çıxarıblar ki, guya koronovirus pandemiyasını o təşkil edib. Tanış adam var, deyir, ser çörəyi doğrayıb tökür ki, o işdən xəbəri yoxdur).

Ona görə də pul gərək onu artırmağı və səmərəli xərcləməyi bilənin əlində olsun. Silah da onu yerində işlədənin, öz xalqına, dövlətinə çevirməyənin əlində olmalıdır. Hakimiyyət isə silahlını və pullunu ram edə bilənin əlində olsa, yaxşıdır.

Beləcə, axırda o nəticəyə gəlmək olar ki, nə vəzifə, nə silah, nə də pul həlledici deyil, ən vacib şey iradə və ağıldır.

Trampda onların hamısından var: dünyanın ən qüdrətli ölkəsinin prezidentidir, sərvəti 5 milyarddan çoxdur, ölkəsinin silahlılarının baş komandanıdır. Keçən il iradəsini də gördük, qulağından güllə ilə sırğa yeri açdılar, pəs etmədi. Bir dənə axırıncı məsələdə şübhəli məqamlar var. O da, ola bilər, nə bilim, nəysə...

Bax, Mask Trampdan ona görə üzr istədi. Maskın təkcə pulu var, Trampa qarşı çıxmamaq üçün ağıl lazım idi, çatışmadı, axıra qədər dirəşməyə isə iradəsi (sinoniçləri də var) çatmadı.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR