Onlayn ictimai-siyasi qəzet
Pah! Dövran necə dəyişərmiş, a kişilər və xanımlar. 2012-ci ildə kim deyərdi ki, gün gələcək, “Eurovision” musiqi yarışmasının birinci yarımfinalından ertəsi gün xəbər tutacağıq.
Başqalarını bilmirəm, mən yalnız dünən işə gələndə öyrəndim ki, heç demə, mayın 13-də “Eurovision”un bizim musiqiçilərin də iştirak etdiyi yarımfinal yarışması olub və bizimkilər finala keçə bilməyiblər.
Bəs bu uğursuzluğa kədərlənən oldumu? Olmadı. İstisna hal kimi, bəlkə bir qism adam buna görə pəjmurda olar. Nə də olmasa, biz də istəyirik ki, millətimizin mikrofonu mikrofonlar içində olsun. Olsaydı, yaxşı olardı, amma ta olmadısa, eybi yoxdur, canımız sağ olsun.
Bizi “Eurovision” yarışmasından Avropa, Rusiya və İran diksindirdi. Ondan sonra bir də bu yarışmanın qalibi olmayacağımıza and içdik. Rəhbərliyi bilmirəm, xalqımız qurban deyirdi, nəzir vəd edirdi.
Eldarla Nigar çempion olub Bakıya qayıdandan bir az sonra avropalı jurnalistlər tökülmüşdülər Bakıya, şəhəri qarış-qarış gəzirdilər, harada bir suvağı qopmuş divar, dolub-daşan zibil qutuları, yamaqlı asfalt görürdülər, dərhal çəkib yayır, bizi ifşa edirdilər.
Bəlkə də heç onların məqsədləri erməni dəyirmanına su tökmək deyildi, amma sübut etmək istəyirdilər ki, Azərbaycan Avropa ölkəsi deyil, Asiya ölkəsidir, Bakı isə Kəlküttə kimi bir şəhərdir.
Vicdansızlar bir az haqlıydılar, amma çox şişirdirdilər. Ona qalsa, onların yaşadığı şəhərlərdə də badar-bucaq yerlər, kələ-kötür küçələr, küçədə yatan səfillər var. Əslinə qalsa, sovet vaxtı bizdən də xaricə gedən sənət adamları, yazıçılar-filanlar ölkəyə qayıdandan sonra “çürüməkdə olan kapitalist dünyasının parıltılı reklam lövhələrinin arxasındakı eybəcərliklər”dən danışardılar.
Qayda beləydi. Xarici gəzib-gələnləri studiyaya dəvət edirdilər, onlar da kapitalizmi çürüdür, xaricdən gətirdikləri libasları 2-3 qat bahasına dost-tanışa satırdılar. Bu, heç.
Ancaq avropalı jurnalistlər bizi əməlli-başlı hoydu-hoyduya götürmüşdülər, birinci olmağımızı həzm edə bilmirdilər. Sanki “Zirə” gedib Madriddə “Real”ı, Liverpulda “Liverpul”u, Münxendə “Bavariya”nı udub gəlib.
Şimalda Rusiya küsmüşdü. Rusların tövrü təxminən beləydi ki, ni yuqa sebe, bizim başımızın üstündən çempion olmusunuz, sizə bu ixtiyarı kim verib.
Ona görə də Bakıda keçirilən “Eurovision” yarışmasına ruslar Buryatiyanın hansısa rayonunun hansısa kəndindəki mədəniyyət evində asudə vaxt keçirən nənələri göndərmişdilər. Bizdə o cür nənələr xınayaxdı məclislərində olurlar. Rusiyanın bizə hörməti bu idi. Hətta ondan sonrakı il Bakıdan Rusiyanın təmsilçisinə yüksək bal verilməyəndə XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarova xüsusi olaraq bu işdən ötrü zəng etmişdi. Təkzib, düzəliş-filan edəsi olduq. Çünki Rusiya çox nervilənmişdi.
Əslində nəyə görəsə İran Rusiyadan da artıq qəzəbnak olmuşdu, deyirdi, “Eurovision” kimi şeytan əməlləri müsəlman şəhrindən hətmən izal olmalıdır.
Hələ yarışmaya bir ay qalmışdan İran məscidlərində axundalar ağızlarını “Eurovision”la açır, “gey-parad”la yumurdular, deyirdilər, Bakı hakimiyyəti Avropanın cinsi azlıqlarına paytaxtda parada çıxmaları üçün şərait yaradır, din-iman əldən gedir, vaveyla.
Biz məlul-müşkül qalmışdıq. Amma arada hökumət adamlarından biri çıxdı, dedi ki, səsinizi kəsin, ona qalsa, ibnəlik sizdən qaynaqlanıb vaxtilə. Bu söz onların xətrinə bərk dəydi. Qanqaraçılıq oldu. Axırda həmin məmur məzuniyyətə çıxdı.
Belə günlər vardı. “Bu, musiqi olimpiadasıdır” yazırdıq. Bütün ölkə bu yarışmadan danışırdı. Televiyalar, radiolar, qəzetlər, saytlar, agentliklər, hamısı “Eurovision” xəbərləri verirdilər.
Final günü patriot yeniyetmələr kağız-qələm götürür, bizim musiqi qrupuna xal verən və verməyən ölkələrin siyahısını tuturdular, xal verənləri “dost”, verməyənləri “düşmən” qrafasına salırdılar.
Amma indi... İndi “Eurovision”un yarımfinalı olur-bitir, ertəsi gün xəbər tuturuq.
Əslində, böyük planda götürsək, o vaxtkı vur-həşir bizə lazım idi. Özümüzü Avropaya göstərməliydik, necə deyərlər, Azərbaycan həqiqətlərini Avropaya çıxarmalıydıq. Çıxardıq, dincəldik.
2020-ci ildən sonra isə Avropa bizi öz nəzərindən çıxarıb. Deyəsən, daha bizi Avropa ölkəsi saymırlar. Musiqiçilərimiz Şuşada konsert verəndən bəri Avropanın mərkəzi şəhərlərindəki belə konsertlərin finalına düşə bilmirik. Bu ikisinin bir-biri ilə əlaqəsi varmı, yoxmu, bilmirəm, amma burası dəqiqdir ki, daha Avropada bizi sevmirlər.
Bu axşam “Eurovison”un ikinci yarımfinalı olacaq. Yadımıza salan olsa, baxarıq.
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ