Onlayn ictimai-siyasi qəzet
Bununla neçənci dəfədir ki, rusiyalı jurnalistlər Putindən onu prezident postunda əvəz edəcək şəxsin kim ola biləcəyini soruşurlar, o da diplomatik cavab verir, ad çəkmir, deyir, əsas seçimi xalq edəcək, qərarı seçicilər verəcək.
Putinin niyə ad çəkmədiyi iki səbəbdən ola bilər: ya kiməsə əbəs yerə ümid vermək istəmir, ya da gözaltıladığı adamı qoruyur. Ayıların canavarlarla boğuşduğu, Pələnglərin yaquarlarla cırmaqlaşdığı, cürbəcür yırtıcıların pələsəng vurduğu meşədə ad çəkməkmi olar? Vallahi, üç gün çəkməz adamı didik-didik edərlər, məsələn, saunada şalvarsız-fatasız, özü də çoxcinsli ortamda videosunu çəkərlər, maşınına bomba qoyub partladar, suçu Zelenskinin üstünə atarlar, canım sizə desin, nikahdankənar övladlarını tapıb brifinq keçirtdirərlər və sair və ilaxır.
O vaxt Putinin sələfi Yeltsin hərdən kiminsə adını potensial varisi kimi çəkirdi, yaxşı olurdumu? Boris Nemtsova barmaq tuşladı, adamı torbasını tikdilər, Sergey Kiriyenkonu qabağa çəkdi, yazığı keçəl elədilər, Yevgeni Primakova etimad göstərdi, “məndən sonra budur” dedi, amma 3-4 aydan sonra peşman oldu, vəzifəsindən götürdü. Çünki adam prezident kürsüsünə oturan kimi Yeltsinin özünü də, bütün qohum-əqrəbasını da yaman günə qoyacaqdı. Axırda Yeltsin heç kəsə demədən Putini varis seçdi və onun başının tezlikə yeyilməməsi üçün tez vəzifəsindən istefa verdi, məsələ bitdi.
Yoxsa Putinin varis-vəliəhd olaraq başını girləməsi çətin olardı. Rusiya Səudiyyə Ərəbistanı deyil ki, vəliəhd-şahzadənin əlinin üstündə əl olmaya, sözünün qabağından söz deyilməyə. Rusiya inqilablar, çevrilişlər, üsyanlar ölkəsidir.
Putin özü 2008-ci ildə mədəni və demokratik dövlətlərdə olduğu kimi, guya “ik müddətdən artıq prezident olmamaq” ənənəsinə riyaət edərək, baş nazir Dmitri Medvedyevi varis seçdi, onu öz yerinə prezident təyin etdi, amma 2012-də dedi, ta bəsdir prezidentlik etdin, gəl təzədən baş nazir ol.
Medvedyevin də ağzına şirə dəymişdi, sammitlərdə-zadda ona “cənab prezident” demişdilər, Obama ilə, Berluskoniylə, Sarkoziylə oturub-durmuşdu, xoşuna gəlmişdi, ona görə bir ara istədi ki, müqavimət göstərsin, sonra gördü ki, yox, Putinin bir barmağının işarəsi ilə onu ala-şalvar edəcəklər, prezident mandatını öz yiyəsinə qaytardı. Hazırda o, Təhlükəsizlik Şurasının katibinin müavinidir, bütün günü Ukrayna və Qərbi nüvə müharibəsi ilə hədələyir. Axırıncı dəfə deyib ki, elə edəcəksiniz, Kiyevdə 10 may səhəri açılmayacaq. Yəni Xirosima-Naqasaki məsələsi...
Ona görə də Putin əhd edib ki, bu dəfə öz varisini seçərkən dəmdəməki, bambılı adamın üstündə dayanmasın. “Mən həmişə bu barədə düşünürəm”, - deyib Putin və əlavə edib ki, mümkün namizədləri izləyir, onların potensialını qiymətləndirir.
Belə deyərkən, o, təvazökarlıq da edib, deyib, amma mənim səsim, iradəm həlledici deyil, yeni lideri xalq seçəcək.
Əlbəttə, əsas xalqın iradəsidir. İntəhası, birinci Pyotrdan axırıncı Dmitriyə qədər hələ Rusiyada xalq bir dəfə də özünə qanuni və dürüst şəkildə rəhbər seçməyib, sadəcə, seçilənlərlə razılaşıb.
Amma bu uzun söhbətdir, aydınlıq olması üçün gərək Lenindən Qorbaçova qədər SSRİ tarixini danışaq. O tarix isə ömrümüzə oturub, 34 ildir ha yazırıq, qurtarmır.
Bu məsələdə bir yəqinlik var ki, dediyinə baxmayın, Putin heç vaxt varis seçməyəcək, səhhəti yol versə, 90 yaşında da özü prezident olacaq.
Bir o deyil, Belarusun prezidenti Lukaşenko da o niyyətdədir. Hərçənd o balaca oğlu Nikolayı düz 5 yaşından yanına salıb gəzdirə-gəzdirə prezident postuna hazırlayır. Gədə də xeyli yekələnib, təcrübə toplamış ola bilər.
Təcrübə demişkən, Nazarbayevin təcrübəsi göstərdi ki, prezident postunu yad adama, heç kürəkənə də vermək olmaz. Necə olsa, o da yad oğludur. O vaxt kürəkəni Rahat Əliyev Nazarbayevi çox narahat etdi. Hərçənd deyirdilər, guya Elbaşının varisi Rahat olacaq. Olmadı. Adam Vyanada türmədə intihar etdi. Nəticədə Nazarbayev postunu qanından, canından olmayan Tokayevə verdi. Bəs o, nə etdi? Ağsaqqalı bircə türməyə basmadığı qaldı. Bütün imtiyazlarını ləğv etdi, qohum-qardaşını tutdurdu, əmlaklarını müsadirə etdirdi və sair və ilaxır.
Putin o qədər də sadəlövh adam deyil ki, padşahlığını kiməsə verə, sonra onun üstünə əfv ərizəsi yaza.
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ