Onlayn ictimai-siyasi qəzet
41-45 müharibəsinin əfsanələrindən yazmaq üzrəydim ki, qarşıma sosial şəbəkədə ermənilərin dediyi meyxananın videosu çıxdı. Videonu həmkarımız Azər Rəşidoğlu paylaşmışdı. (Onun qada-bəlası bizə düşmən kəsilənlərin orta yerinə nəql olunsun).
Bu da bir cür müharibə əfsanəsidir əslində. 32 il qabaq Kəlbəcəri işğal edən erməni hərbçilərinin kef məclisi qurub əylənməsi, meyxana deyib məzələnməsi, türkün sözü, mazidə qalıb və əfsanəyə çevrilib.
Belə baxanda gədələrin dediyi düz-əməlli meyxana deyil, meyxana üstündə söylənilən hətərən-pətərən sözlərdir: “Ermənilər gəlib çatıb Gəncəyə, Azərbaycan yetim qaldı, ay nənə, yaxşı qızlar qurban olsun Sepoya” və s.
Güman ki, meyxana deyən sıpa elə Seponun özüdür. Yəqin ki, o, Bakı ermənisidir, uşaq vaxtı Yasamalda, Xutorda, Binəqədidə, yaxud da elə yerlərin birində böyüyüb, dilimizi öyrənib, toylarda meyxanaya qulaq asıb, bir şeylər yadında qalıb.
Sepo Qarabağ ermənisi olsaydı, meyxana deməzdi, “Qarabağ şikəstəsi” oxumağa cəhd edərdi, ona da səsi çatmazdı. Onlarınkı “Sarı gəlin”dir, yastı-yastı yola verə bilirlər. Hərgah bir erməninin muğamat oxumağa səsi çatarsa, demək ki, ortada necəsə qohumluq əlaqələri var.
Başqa vaxt , yəni 2020-ci illərdən əvvəlki illər olsa, ermənilərin ana dilimizdə, özü də bu cür sözlər deyərək meyxana oxuması bizə bərk yer edərdi. Nervilənərdik. Hər şey o tərəfə, “Azərbaycan yetim qaldı, ay nənə” sözünə görə cırnayardıq. İndi bu meyxana həm gülüş doğurur, həm də noyabr\sentyabr qələbəsinin nə qədər möhtəşəm bir zəfər olduğunu təsdiq edir.
İndi tapasan o adamları, yığasan bir yerə, deyəsən, davay, Balaəli qafiyə açsın, meyxana desin, siz də çırtma vurun, ritm tutun. Əfsanə söhbət olar.
41-45 müharibəsinin əfsanələrinə gəlincə, biz uşaq olanda bunları veteranlar danışıb, yadımda qalıb.
O əfsanələrdən biri beləydi ki, almanlar Stalinə “çerez-çerez” təklif ediblər ki, gəl bizə əsir düşmüş oğlunu feldmarşal Paulyusla dəyişək, o da deyib ki, mən əsgəri marşala dəyişmərəm.
Belə bir sövdəlşmə təklifi həqiqətən də olubmu, olmayıbmı, dəqiq məxəz yoxdur, amma fakt odur ki, feldmarşal Paulyus heç kimlə dəyişdirilməyib, yazıq Yakov Cuqaşvili də əsirlikdə ölüb.
Danışırdılar ki, yoldaş Bagirov (bizim kənddə Mircəfər Bağırova “Bagirov” deyirdilər) gəlib azərbaycanlıların xidmət etdiyi hərbi hissəyə, əlini atıb bir əsgərin boynundan bir xışma bit-birə götürüb, komandirə göstərib və tapançasını çıxararaq Xruşov soyadlı komandiri güllələyib. Və guya ki, güllələnən komandir sonradan SSRİ rəhbəri olmuş Nikita Xruşovun qardaşymış, o da ona görə 1956-cı ildə Bagirovdan qisas alıb.
Həqiqətdə isə Xruşovun komandir qardaşı olmayıb, Leonid adlı pilot oğlu varmış, o da dalaşqanın, qudurğanın biri olub, tutub 8 il iş veriblər, amma türməyə yox, müharibəyə göndəriblər, itkin düşüb, öldü-qaldısı bilinməyib. Sonradan bir DTK zabiti deyib ki, almanlar onu əsir alıblar, əməkdaşlığa sövq ediblər, sonra o, gizli şəkildə almanlardan alınıb və “vətən xaini” kimi güllələnib, sadəcə, bu işin üstünü ört-basdır ediblər.
Bu da bir az əfsanəyə oxşayır, amma Leonidin arvadı Lyubanın casusluqda ittiham edilərək Qazaxıstana göndərilməsi əfsanə deyil. Qadını günə-gün yatırdıblar, hələ həbs müddəti bitəndən sonra da orada, sürgündə saxlayıblar. Təsəvvür edin, onun qayınatası 1953-də hakimiyyətə gəlib, qadın onun dövründə 3 il sürgündə olub.
“Yoldaş Bagirov” isə bir komandiri həqiqətən güllələyib və o komandirin ad-soyadı Yevgeni Xruşov olub. Adam özü qanmazın biriymiş, elə o sözün üstündə də güllələnib. Bağırov ona rus dili bilməyən azərbaycanlılarla qaba davrandığını deyəndə Xruşov deyib ki, “bu qanmazlara dil öyrətmək mənim borcum deyil”. Bu yerdə Bağırovun “Mauzer” markalı tapançası dilə gəlib. Sonra o, Stalinin yanına gedib, deyib ki, belə bir iş görüb. Stalin də deyib, niçeqo, bıvayet, Tuxaçevskidən artıq oğlan deyil ki. (Stalinin son sözü haqqında əfsanə özümə məxsusdur, əslində onun Bağırova nə cavab verdiyi məlum deyil).
“Mixaylo mən olmuşam” əfsanəsi də geniş yayılmışdı. Düzdür, “Mixaylo” kimi igidliklər edən partizanlarımız çox olub, amma hər kənddən bir Mehdi çıxmazdı.
Almaniyada oğul-uşaq qoyub gələnlərlə bağlı əfsanələr vardı. İçində gop elementləri çox olan sərgüzəştlər az deyildi. Amma 1945-ci ilin bu ayları məğlub olmuş xalqın qadınları ilə bu və ya digər şəkildə intim münasibəti olan əsgərlər saysız-hesabsız olub. Yiyəsiz, kişisiz qalmış millətin qızı-gəlini necə olar? Sadəcə, almanlar xəcalətlərindən uzun illər bu mövzuda danışmayıblar.
Ona görə də belə bir yarızarafat-yarıgerçək deyim əmələ gəlib: “Stalinin müharibədə iki səhvi olub: “İvana Avropanı göstərib, bir də İvanı Avropaya göstərib”.
İndi yeni əfsanələr yaranır. Elə ermənilərin vaxtilə bizə yanıq verə-verə meyxana oxuması, “ermənilər gəlib çatıb Gəncəyə” deməsi də onu göstərir ki, bu iki xalqın iç-içə yaşaması əfsanə söhbətdir.
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ