İnsanlara hürriyət, millətlərə istiqlal!

Kitab erasının sonu

Dünən şair Şəhriyar del Geraninin, özü demişkən, ürək yanğısı və nigaranlıqla yazdığı statusu eyni cür nigaranlıq və ürək yanğısı ilə oxudum və açığı, klassik şairlərimizin sözü olmasın, çox pəjmürdə oldum.

Şairin yazdığı qeydlərin qısa məzmuni belədir ki, “Park” nəşriyyatında çap etdikləri kitablar oxucular tərəfindən etinasızlıqla qarşılanır. Yəni naşirlər ölkənin tanınmış imzalarının kitablarını çap ediblər, amma hazır məhsul əllərində qalıb, alıb oxuyan yoxdur.

Özümü saxlaya bilmədim, bir az təskinlik, bir az da o oxucu etinasızlığına acıqla götürüb yazdım ki, şair, 3 saniyənin içində manisə xanımın ovcuna 1300 dollar pul sayan adamların məmləkətində yazıçı-şairin axırı Hadinin aqibəti kimi olar. Rəcəbli Hadinin yox, Məhəmməd Hadinin...”.

Düzü, sonra o şərhimə yüngülvarı düzəliş etdim: “manisə xanım” sözünü “müğənni xanım”la əvəzlədim, bir də “3 saniyə” məsələsini dəqiqləşdirdim, “10 saniyə”yə çevridim. Hər şey dəqiq olmalıdır. Çünki o məşhur videoda suyuşirin, mütənasib əndamlı müğənni xanımın ovcuna 1300 dolları sayan tosqun kişi bu aktı 3 saniyədə yox, 10+ saniyədə, səxavətinin dadını çıxara-çıxara, ətrafa göstərə-göstərə etmişdi.

Çətindir. Dövran dəyişib. Kitab erası başa çatıb. Bu, 19-cu əsrin ikinci yarısı deyil ki, ölkələrin hərf tanıyanı adamlarının hamısı ellikcə kitab oxuya və kitab həm əyləncə, həm savad qaynağı, həm asudə vaxtı səmərəli keçirmək üçün əsas vasitə ola.

O zamanlar kitaba böyük maraq olub, yazıçılar da pis qazanmırmış. Söhbət, əlbəttə ki, bizim yazıçı-şairlərdən getmir. Onlardan birinin qazancı vəfat edəndə cənazəsinin yerda qalması olub, o birini də məscidin qarşısında basırığa salıb öldürüblər. Bizdə yazıçıya, şairə əvvəlcədən qiymət verilməyib. Pis-yaxşı bir Nizami fərasətli olub, hökmdara poema yazıb, başını dolandırıb. Füzuli desən, 9 axçalıq təqaüdünü kəsiblər, Nəsimini edam ediblər. Heç saray vəziri Vaqifi də gözəl qoşmalarına bağışlamayıblar, qayadan atıb öldürüblər.

Şeir sevən, şairə hörmət qoyan adam onu təkcə bu misralarına bağışlayardı:

Lalə tək qızarmaq üz qaydasıdır,
Xumar-xumar baxmaq göz qaydasıdır.
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badı-səbadan, nə şanədəndir.

(İndi kimsə götürüb müəllifə zəng etmək istəyəcək ki, Vaqif də azacıq aşın duzu olmayıb... Bunu bilirik, amma kişi belə gözəl misralar qoşub).

Bəli, bizdə yazı-pozu adamları yalnız sovet hökumətinin vaxtında pul, qonorar, mənzil, kurort, sanatoriya görüblər. O da onların bir yarısı. O biri yarısı isə istintaq, işgəncə, həbsxana, sürgün, güllə görüblər.

Amma İngiltərənin məşhur yazıçıs, “Mauqli”nin müəllifi Redyar Kiplinq hər yazdığı sözə görə fantastik qonorar alıb. Kiplinqin hər sözü bir şillinq dəyərində olub. Hesab edin, indiki pulla 1 avro. Hazırda oxuduğunuz bu yazıda təxminən 550-600 söz olacaq. Bu da o anlama gəlir ki, Kiplinq bir köşə yazısı boyda olan mətnlərina görə 550 avro qonorar alırmış.

Bəlkə indiyə qalsa, ona da o boyda pul verməzmişlər. Çünki onun dövründə yazan az, oxuyan, yeni-yeni əsərlər tələb edənlər çox olub. İndi əksinədir. Sağ olsa, Kiplinq yəqin ki, yaradıcılığını müasir konyukturaya uyğunlaşdırardı, ya serial mətnləri yazardı, ya da reklam replikaları düşünərdi – “Gücünüz gücümüzdür”-zad.

Nə edəsən, müasir oxucu kitab oxumur. Bir az əvvəl yenə 5-10 min adam qəzet-jurnal oxuyurdu. İndi onlar da üz döndəriblər, nə oxuyurlarsa, telefonda, kompüterdə oxuyurlar. O da nəsə oxumaqdan çox, baxırlar. Sən əlində telefonu olan istənilən adamdan soruş ki, “Sabahın xeyir, kral” videosuna baxmısanmı, dərhal güləcək. “Bəs Baboşun, Bayramın videolarını görmüsənmi?” Təsdiq edəcəklər. “Dəli Kürü oxumusanmı” soruşsan, bəzi hallarda “kinosuna baxmışam” cavabı alacaqsan.

Açığı, son illərdə o özüm də kitabları elektron variantda oxuyuram. Elektron kitabxanalarda o qədər kitablar var ki, min il oxusan, qurtarmaz.

Ona görə də, düzü, bu xüsusda optimizmə yer yoxdur. Heç bir şey oxucunu kitaba qaytara bilməyəcək. İndiki zamanda kitab nəşr etmək kağızı korlamaqdan başqa bir şey deyil.
Sovet dövrünün axırlarında kitab-qəzet-jurnal nəşri çox artmışdı, çoxu da səfeh-səfeh təbliğat materialı idi, oxucusu yoxdu. Bəzi satiriklər oxunmayan kitab yazanlara “meşəqıranlar”, “ağac tükədənlər” deyirdilər. Kağızı ağaclardan hazırlayırar axı.

Müasir oxucularının kitab oxumamasının bircə meşə təsərrüfatına xeyri var, kağız istehsalı üçün kəsilən ağaclar azalıb. Əvəzində cahillik artıb, artır, artacaq.

Görünür, başqa yol fikirləşmək lazımdır. Şəhriyar demişkən, eşqlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR