Onlayn ictimai-siyasi qəzet
Özümün də yazı-pozu işinə yaxın olmağımdandır, ya nədəndir, jurnalist həmkarımın yazıçı həmkarımzının yazdıqlarını “zir-zibil” adlandırmasına, onun da onu məhkəməyə verməsinə, türkün sözü, üzüldüm.
Sözlə işləyən adamlar bir-birinə ağır söz deməməlidir, atalar deyib ki, xəncər yarası sağalar, söz yarası sağalmaz.
Ona qalsa, biz sovet dövrünün oxucuları çox və hər cür şey oxumuşuq – kolxoz quruculuğundan bəhs edən əsərlər də, qəhrəman neftçilərin dalğalara sinə gərə-gərə sosialst vətənimizə “qara qızıl” hasil etmələrini tərənnüm edən romanlar da, Sibirdə BAM tikənlərin, fabrik və zavodlarda tər tökən fəhlələrin həyatın işıqlandıran povestlər də.
İndiki ağlımız olsa, onların heç birini oxumazdıq. Yoxluğun üzü qara olsun. Olanımız o idi. Amma şəxsən özüm heç bir ədəbi-estetik dəyəri olmayan o cür əsərləri “zir-zibil” hesab etmirəm. Ən azı ona görə ki, o əsərlər səlis ana dilimizdə yazılırdı, mətndə bir səhv belə olmurdu, üstəlik, ifadəli, folklorumuzin inciləri ilə zəngin cümlələrlə dolu olurdu. Biz Azərbaycan türkcəsində səlis yazmağı, ümumiyyətlə, yazı yazmağı o kitablardan öyrənmişik.
İndi neynəyək ki, Somerset Moem İngiltərədə, Ernest Heminquey ABŞ-da yaşayıb-yaradıb, bizim bəxtimizə də əsərlərini oxuduğumuz yazıçılar düşüb. Hərçənd, vallahi, Moem ölkəmizdə yaşasaydı, onun cinsi orientasiyasını başına elə qaxınc edərdik, xəcalətindən adam içinə çıxmazdı. Heminquey də başqa səbəbdən intihar etməzdi, sırf bizim dedi-qodumuz üzündən özünə qıyardı.
İndi deyirlər, detektiv ədəbiyyat ciddi ədəbiyyat deyil. Eyni şeyi satirik ədəbiyyat barədə də deyirlər. Amma elə deyənlərin hamısı Mirzə Fətəli Axundovun, Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin 100-150 il qabaq yazdığı əsərlərdən sitatlar gətirirlər. Mark Tveni, Qoqolu, Çexovu, Qaşeki də, şükür Gözəgörünməzə, hamı tanıyır. Onların yazdıqları qeyri-ədəbiyyatdırsa, necə olub, hamımız oxumuşuq?
Elə sovet dövründə də ən çox oxunan kitabların başında detektiv əsərlər gəlirdi. Yaşlı oxuculardan soruşun, görəcəksəniz ki, hamısı bir nəfər kimi Cəmşid Əmirovun “Qara Volqa” və “Brilyant məsələsi” romanlarını oxuyublar.
Sizə deyim ki, belə əsərləri yazmaq çox çətindir. Hər şey dəqiq olmalıdır. Ona görə də detektiv romanlar çox vaxt olmuş hadisələr əsasında, cinayət işlərinin protokollarından istifadə edilməklə yazılır. Yazıçının təxəyyülünə qalsa, çox boşluqlar, ziddiyyətlər olar.
Çingiz Abdullayev bu işin ustasıdır. Hansı dildə yazmasından asılı olmayaraq, hiss olunur ki, adam maraqlı süjet qura bilir və bu, ən azı oxucuları kitaba bağlamaq, onlara yazılı mətn oxutdurmaq baxımından faydalıdır.
İntəhası, ədibimiz özünü vaxtaşırı dilə-dişə salır, lazım olmayan sözlər deyir, nəticədə artıq ictimai-siyasi fəalların qara siyahısına düşüb, artıq 5-6 aydır jurnalistlərlə də qanlı-bıçaq olub.
Dünən saytlarda onun bir açıqlamasını gördüm, düzü, pis oldum. Adam da yazıçını o hala qoyarmı ki, o, onu incidənləri Allaha tapşırdığını desin. Görün, cızdağı necə çıxıb. Bəlkə də onun əsərlərinə elə deyincə, gedib lüks maşınını linglə əzsəydilər, adam elə yanıb-tökülməzdi.
Çingiz Abdullayevin bir xeyli kitablarını oxumuş adam kimi onun bəzi əsərlərinə belə bir iradım var ki, Rusiya dövlətinin xaricə qaçaraq satqınlıq edən kəşfiyyatçıları sığındıqları ölkədə bir-bir “dənləməsinə” haqq qazandırır, bunu legitim cəzalandırma kimi qələmə verir. Amma beynəlxalq hüquqa görə, belə şey ola bilməz. Bu, dövlət terrorizmidir. Bir yazıçı terrora haqq qazandırmamalıdır, məhkəmənin hökmü olmadan və ya qiyabi şəkildə çıxarılmış hökmə görə başqa bir dövlətin ərazisində gizli edam hökmü icra etməyi qanuni hərəkət saymamalıdır.
Yaxşı ki, yazıçımızın başqa əsərlərində elə şey yoxdur.
Uzun sözün kəsəsi, janrından asılı olmayaraq ədəbi mətn yazanların qəlbini qırmaq, əsərlərini “zibil” adlandırmaq, hətta cırıb atmaq, yandırmaq olmaz. Kimin yazdıqları xoşumuza gəlmirsə, oxumarıq, bitər, gedər. Hətta bunu bərkdən demək də ayıbdır. 40-50 il qabaq kitabları 100-200 min tirajla çap olunan ədiblər vardı, indiki nəsil onların nə özlərinin, nə də yazdığı əsərlərin adını bilmir. Zatən yazıçıların qəlbində gələcəkdə oxunmamaq kimi nisgil var, bir zərbə də sağlıqlarında biz vurmayaq.
Yazıçı və şairlərin boynuna ictimai-siyasi xadim funksiyası yükləmək və onlardan dissident klublarına rəhbərlik etməyi tələb etmək kimi bir trendimiz də var, ta o mövzuya girmirəm.
Bir azdan bu ölkədə nə mətn yazan qalacaq, nə də oxuyan, ondan sonra hamımızın canı dincələcək, eyzən telekanallarda cırmaqlaşan civilərə, süpürləşən manıslara, bir-birinə “cındır” deyib saçyoldusuna çıxanlara baxa-baxa həyatımızı əyləncəli edəcəyik.
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ