Onlayn ictimai-siyasi qəzet
Keşiş Baqrat Qalstanyan etirazlarının arxasında həm də Ermənistan rəhbərliyinin gizləndiyi barədə ehtimallarımız özünü doğruldu. Nikol Paşinyan sülh bəyanatları ilə baş qatmağa çalışdı, günün birində müdafiə naziri Papikyanı Fransaya, Sezar özüyeriyən artilleriya qurğularını almağa yolladı. Ola bilsin erməni baş nazir günün birində durub desin ki, nazirini Sezar silahı yox, salatı almağa yollayıbmış. Düşmən bu qədər məkrlidir...
Heç şübhəsiz ki, közərmiş ocağı alışdırmağa çalışanların başında Fransa dayanır. Həmsədrliyi ilə Qarabağı əbədi qopara bilməyən rəsmi Paris sülhün əldə olunmaması üçün hər fitnə-felə əl atır. Son günlərdə Fransadan sülhə doğru atılan addımların qarşısını kəsməkdən ötrü hər vicdansızlığa əl atdılar.
Bir müddət əvvəl Fransanın daxili işlər naziri Jerar Darmani ölkəmizə qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair əsassız fikirləri, təhqiramiz yanaşmaları ilə əsəblərimizi tarıma çəkməyə çalışmışdı, rəsmi Bakı cavabını vermişdi, XİN rəsmisi “ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik”,- məzmunlu bəyanat vermişdi.
Budur, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Fransanın yeni müharibə hazırlıqlarına sərt və kəskin şəkildə reaksiyasını bildirib. “Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.
Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür”, bəyanatda bildirilir. Xatırladılıb ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir.
“BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur”, xəbərdarlığı sıradan məsələ deyil, həm Fransa, həm də Makronun əl oyuncağı olan Ermənistan bu xəbərdarlıqdan nəticə çıxartmalıdır.
Müstəmləkəçi imperiya olan Fransa Yeni Kaledoniya və digər əsarətdə saxladığı ərazilərin əhalisinə on illərdir sitəm etdiyi halda, başını Qafqaza soxur. Üstəlik, Azərbaycanın təpkisi ilə başını soxa bilmədiyi bölgəyə bütün bədəni ilə girməyə çalışır. Utancverici siyasətdir, bir dövlət adına yaraşmayan hərəkətdir.
Budur, dünənə qədər sülh sazişinin bir ay ərzində imzalanmasını mümkün sayan Nikol Paşinyanın və digərlərinin ritorikasında aşkar dəyişiklik hiss olunur. Arxalı köpək misalı...Bastion Ermənistandakı revanşistlərin küçələrə çıxmasına stimul verdiyi kimi, Sezar da daşnakları, onların tərəfdarlarını bir az da cəsarətləndirəcək heç şübhəsiz. Azərbaycan Müdafiə Nazirliyinin yeni müharibə xəbərdarlığı 2020-ci ilin qızmar yayını, Tovuz təxribatını xatırladır. O zaman da Ermənistan rəhbərliyi Qarabağ və Şərqi Zəngəzurla kifayətlənməyərək, yeni ərazilər uğrunda hərəkətə keçmişdi. O zaman Türkiyə Cumhurbaşqanı əbəs yerə Tovuz təxribatını Ermənistanın boyunu aşan hadisələr kimi xarakterizə etməmişdi. Təxribatın ssenarisi uzaqda cızılmışdı. Bu dəfə də eyni plan masadadır. Danışıqlar masasından qovulan Makron bu uğursuzluğu sinirə bilmir, Prezident İlham Əliyevdən qisas almağa çalışır.
Azərbaycan Prezidenti xəbərdarlığı edib: “Peşman olacaqlar!” Necə deyərlər, gül kimi proses gedirdi: 4 kənd işğaldan azad edildi, sərhədlərin dəqiqləşdirilməsinə başlandı, digər 4 kəndin azad olunması, Zəngəzur dəhlizinin açılması istiqamətində addımların atılacağı şübhə doğurmurdu. Sözsüz ki, Paşinyanın bu addımları onun şəxsi iradəsinin məhsulu deyildi, Azərbaycanın qətiyyətli mövqeyi onu kəndləri azad etməyə, digər addımların atılmasının zəruriliyi barədə əhali ilə açıq danışmağa vadar edirdi. Elə bu günlərdə Zəngəzurda idi, növbəti addımların qaçılmaz olduğunu anlayır. Amma eyni zamanda Qərbdəki ağaları, bacılarının da təzyiqlərini nəzərə almaya bilmir, çünki əks halda Qalstanyan etirazlarının növbəti mərhələsində onun üçün arzuolunmaz nəticə olar. İki stulda oturmağa adət edən Paşinyan hakimiyyətini toxunulmaz saxlamağa çalışır, ona görə də “var-gəl” edir sülh və müharibə vəziyyəti arasında. Deyək ki, Baqrat anlamazın biridir, siyasətdən uzaq keşişdir, Fransa ilə Sezar müqaviləsini imzalamaq üçün Papikyanı Parisə o yollamayıb, Paşinyan yollayıb. Deməli, yeni müharibə arzusunda olan həm də Paşinyandır. Deməli, bir aya sülh...sadəcə nağıldır, əvvəldən dediyimiz kimi...
Baxın, Sezarı – ölümcül silahları alan da Ermənistan, Azərbaycanı ittiham edən də...Ermənistan Xarici İşlər Nazirliyi sərsəm bəyanatında iddia edib ki, noyabrın 29-da Bakıda keçirilən COP 29 iqlim sammitindən sonra Azərbaycanın yeni təcavüzə əl atmaq niyyətində olduğundan şübhələnir. Həyasızlıq miqyas tanımır. Azərbaycanda hətta Paşinyanın COP 29-da iştirakı perspektivindən danışılır, Ermənistan XİN isə noyabrdan sonra müharibə iddiasını ortaya atır. Bu da Paşinyanın mart ayında Qazaxın kəndləri tərəfdəki görüşündə “ara, bir həftəyə Azərbaycan müharibəyə başlayacaq”, hay-küyünü xatırladır.
İrəvan iddia edib ki, hər bir ölkə kimi Ermənistanın da müasir orduya malik olmaq hüququ var. “Eyni zamanda, Ermənistanın 29 743 kvadratmetrdən artıq ərazi iddiası yoxdur”, bəyanatda deyilir. Azərbaycanın ərazilərini 30 il işğalda saxlayan, müharibə cinayətləri törədən, soyqırımlar törədən və soyqırım törətdiyi kəndlərdən 4-nü hələ də geri qaytarmayan ölkə özünü “aydan arı, sudan duru” göstərməyə çalışır. Ermənilər sosial-iqtisadi durumun ağırlığından ölkəni kərt edir, Ermənistan isə büdcəsinin “boğazından” kəsib Fransadan, Hindistandan hücum silahları alır. İndi kim kimə hücum etmək istəyir?! Azərbaycan hücum etmək istəsəydi, müharibəni 44 günə bitirməz, Ermənistanın daşını daş üstə qoymaz, Xocalı uşaqlarının qatili Köçəryanla Sərkisyanı İrəvanın Fransa meydanından başıaşağı asdığı günədək hücumu davam etdirərdi. Amma Azərbaycan dövləti Fransadan, onun əl meymunu olan Ermənistandan fərqli olaraq, beynəlxalq hüquqa istinad edən, müharibəni də, sülhü də ləyaqətlə aparan dövlətdir, unutmasın şər-böhtan yayanlar!
Afrikanın ardınca Avropa Parlamentində də biabırçı məğlubiyyətə uğrayan Makron qarşıdakı seçkilərdə Fransadakı yarım milyonluq erməninin səsini qazanmaqdan ötrü var-yoxundan keçir, Ermənistanı silahlandırmasının arxasında həm də səs amili dayanır. Ermənistanı növbəti dəhşətli müharibəyə sövq etməkdən ötrü hər şeyini ortaya qoyub. Olsun, Xəzər sahilindəki Hərbi Qənimətlər Parkında SEZARımız yoxdur, məncə...
Üstəlik, Makron bu gedişlə ilahi ədalətin bərqərar olmasına səbəbkar ola bilər. Paris Sülh Konfransına 9 min kv.km-lə yollanan Ermənistan heç o əraziləri belə dövlət kimi tanıtdıra bilməmişdi. Bu gün Ermənistan rəhbərliyi 29,7 min kv.km-dən dəm vurur. Fransanın Sezarla başlatdığı yeni müharibə tarixi ədalətin bərqərar olması ilə bitə bilər: Çünki Qərbi Azərbaycan Azərbaycandır!
Bütün erməniçilik hərəkətə keçib, Makron Fransasının ermənipərəst davranışlarını gördükcə. Budur, Fransanın “Le Point” nəşri bir sıra məşhur fransız xadimlərinin Fransa prezidenti Emmanuel Makrona açıq məktubunu dərc edib. Ermənipərəstlər öz müraciətində Makronu Fransa qoşunlarını Ermənistana göndərməyə çağırıblar.
“Müəyyən silahların tədarükünə icazə verməklə bu dövlətə müdafiə xarakterli hərbi yardım göstərmək təşəbbüsünüzə, həmçinin erməni əsgərlərinin ən yaxşı məktəblərimizdə təlim keçməsinə xüsusi təşəkkür edirik”, yazıblar müraciət müəllifləri. Sonra da “Fransa silahlı qüvvələrini bu qardaş ölkəyə (Ermənistana-E.P.) göndərməyə çağırırıq. Effektiv iştirakı Ermənistana hücum etmək barədə düşünənləri çəkindirmək məqsədi daşıyacaq dinc kontingent”, yazır ermənisifətlilər. Açıq-aşkar qan salmaq, Qafqazda yeni müharibəyə başlamaq üçün hərəkətə keçiblər. Afrikadan it kimi qovulanları Qafqaz ölkəsində yerləşdirmək üçün hərəkat başlayıb.
Gələcəkləri varsa, gedəcəkləri də var. Keçən ilin yayında TIR-la Xankəndiyə keçmək istəyirdilər, unudublar deyəsən. Sezar artilleriya qurğuları da Hərbi Qənimətlər Parkına çox yaraşar, göndər, Makron!
22 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ