İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın payızı və gecə yarısı tətiyi çəkilən “Kalaşnikov”

Ermənistanda silahlar işə düşdü, qətllər törədildi. Əslində, gözlənilirdi. Təkcə ona görə yox ki, ermənilər və Ermənistan üçün terror həyata keçirmək tarixən adi hadisələrdən olub. Həm də ona görə ki, qarşıda ölüm-dirim parlament seçkiləri var və Nikol Paşinyan hakimiyyətini yıxmaq istəyən çevrələrin hərəkətə keçməsi göz önündədir.

Müxalifətçinin qətlinin həyata keçirilməsi bəlkə də nəzərlərin Paşinyan komandasına yönəlməsi üçün kimlərəsə lazım ola bilərdi. Bu, özünün sabit elektoratı ilə 2026-cı il seçkilərində qələbəsini növbəti dəfə təmin etməyi hədəfləyən baş naziri seçicinin gözündən salmağa yönəlik plana da bənzəyir. Artıq Paşinyan mövqeyini bildirib. O, “Parakarın genişləndirilmiş icmasının Merdzavan kəndində baş vermiş, icma rəhbəri Qriqoryanın və onun dostunun ölümü ilə nəticələnən həyasız silahlı hücumu qətiyyətlə pisləyirəm”, deyərək qanlı olaya reaksiya verib.

Yeri gəlmişkən, ötən gecə evinin həyətində qətlə yetirilən Parakar icmasının müxalifət lideri, 42 yaşlı, 4 övlad atası Volodya Qriqoryan Qarabağdakı keçmiş xunta rejiminin oyuncaq “dövlət naziri” Ruben Vardanyanın təsis etdiyi “Həyat üçün ölkə” partiyasının üzvü olub. O, 2021-ci ildən 2025-ci ilə qədər Qriqoryan Parakar Ağsaqqallar Şurasında “Ömürlük ölkə” fraksiyasına rəhbərlik edib. Bu il martın 30-da Armavir vilayətinin genişləndirilmiş Parakar icmasında keçirilən yerli seçkilərdə müxalifət namizədi kimi Volodya Qriqoryan hakim “Mülki müqavilə” partiyası üzərində inamlı qələbə qazanıb. 2025-ci il aprelin 19-dan o, Parakar icmasının rəhbəri vəzifəsini icra edib. Diqqət edin, atəş Paşinyanın partiyasına qalib gələn şəxsə açılıb. Burada siyasi motivli ssenari barədə düşünmək lazım gəlir. Özü də bu şəxs keçmiş Rusiya vətəndaşıdır, xüsusi təlimatla Qarabağ göndərilən, Qarabağ ermənilərini “xilas etdikdən sonra” Ermənistan hakimiyyətini ələ keçirməyi hədəfləyən Vardanyanın adamından söhbət gedir. Az öncə Ruben Vardanyan Bakıdakı Ədalət Məhkəməsinə Paşinyanın çağırılmasını təklif etmişdi. Və bundan sonra adamı qətlə yetirildi. Təsadüfdürmü?..

Ancaq digər qətlə yetirilən də var. Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, “Parakar” (Bu arada, qətllərin törədildiyi Parakarın əsl adı Şirabaddır, ermənilər digər toponimlərimiz kimi, bu adı da dəyişiblər-E.P.) icmasının rəhbəri Volodya Qriqoryanla birlikdə Ermənistan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməliyyatçısı Karen Abramyan da öldürülüb. Bəlkə də “şahid olmasa, daha yaxşıdır”, məntiqi ilə…Hadisə nəticəsində yaralanan Artsrun Qalstyan isə əməliyyata götürülüb. Hər halda sağ qalsa, onun dedikləri çox şeyə aydınlıq gətirə bilər.

Ermənistan İstintaq Komitəsi qətl və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işinin başlandığını açıqlayıb. Cinayət yerindən isə çoxlu sayda avtomat gilizləri aşkar edilib. Paşinyan “Parakarda baş verən silsilə zorakılıq hadisələrinin qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlərin görülməli olduğunu, onları kimlərin etməli olduğunu və niyə baş vermədiyini müəyyən etmək üçün hərtərəfli təhlil də lazımdır”, deyib. Görünür vəzifəsinin öhdəsindən gələ bilməyən bir “çox başlar gedəcək”.

Amma indiki halda tapılan avtomat gilizləri bir xatırlatmanı etmək zərurəti yaradır. Söz vaxtına çəkər, ötən ilin sentyabrında Nikol Paşinyan 17 min avtomat və pulemyotun yoxa çıxdığını, bu silahların əhalidə olduğu narahatlıqla açıqlamışdı. Təsəvvür edin, 44 günlük müharibə zamanı erməni ordusunda fərarilik edənlər – onların sayının 12-15 min arasında dəyişdiyi bildirilir – silahları da gizlədiblər və təhvil verməyiblər. Üstəlik, “könüllü”lər adı altında döyüşən terrorçular silahları evlərində saxlayıblar. Nə vaxtsa bu silahların işə salınacağını Paşinyan da çox yaxşı bilirdi və budur, atəş açıldı: 2 ölü, 1 yaralı.

Nikol Paşinyan ona qarşı sui-qəsd hazırlandığı barədə əvvəllər demişdi və bir sıra şəxslər, o cümlədən Baqrat Qalstanyan kimi “keşişlər” ağır ittihamlarla həbs ediliblər. Kilsənin donoru funksiyasını icra edən rusiyalı milyarder Samvel Karapetyanın da bayırdakılara təlimatlar verməsi davam edir. Üstəlik, Paşinyana qarşı impiçment təşəbbüsü ilə çıxış edən müxalifətin 2 oktyabrda İrəvanın baş meydanında aksiya keçirmək planı var. Oktyabr isə Ermənistan parlamentinin güllə boran edildiyi aydır, Paşinyan hər an hədəfə alına biləcəyini və tətiyin sıxılacağını da çox yaxşı bilir. Xüsusən də son səs-küylü qətllərin Paşinyanın 3 keçmiş prezidentə - Levon ter-Petrosyana, Robert Köçəryana və Serj Sərkisyana ünvanlı məntiqli, həm də öldürücü ittihamlardan az sonar baş verməsi özü də düşündürücüdür. Paşinyan eks-prezidentlərə 2008-ci ilin martında hakimiyyət uğrunda mübarizə zamanı insanları qətlə yetirmələrini də xatırlatmışdı. O hadisələr zamanı Köçəryan-Sərkisyan cütlüyü azı 10 ermənini qətlə yetirmişdilər.

Budur, parlament seçkiləri öncəsi Nikol Paşinyan üçün sürpriz atəş açıldı. “Kalaşnikov” atəşi əlavə düşüncələrə də yol açır. “Atəş” komandası “5-ci kolon”a xaricdən də verilə bilər. Axı, elə bir neçə gün əvvəl Paşinyan yenidən sədr seçildiyi partiyasının qurultayında 1 il 7 aydır döyüşlərdə insanların ölmədiyini fəxrlə bildirir və bu vəziyyətin yüz illərlə davam etməsi üçün çalışdığını söyləmişdi. Dediklərini burnundan gətirməyə çalışdılar gecəyarısı qətllərlə. Demək istədilər ki, Azərbaycanla döyüşlərdə adamlar ölmürsə, müxalifətçi evinin qarşısında qətlə yetirilir, “budur, sənin sabit, təhlükəsiz və real Ermənistanın?!” Yəqin övladlarını, nəvələrini Qarabağ müharibəsindən gizlətdiklərinə görə Paşinyanın kəskin ittihamlarına məruz qalan eks-prezidentlər “bülbül kimi” ötəcəklər bir azdan və Paşinyanı istefaya çağıracaqlar.

Həm də bu hadisə Vaşinqton razılaşmasının icra olunması istiqamətində addımların atıldığı dövrdə törədildi. Üstəlik, Azərbaycan və Ermənistan XİN başçılarının Nyu-Yorkda görüşündən az sonra…Həm də ABŞ-nin Zəngəzur dəhlizinin tikintisi üçün 145 milyon dollar vəsait ayırması, Ermənistan rəhbərliyinin Vaşinqton razılaşmalarına sadiq olduğunu israrla bəyan etməsi bəlli çevrələri kifayət qədər qıcıqlandırıb. Vitse-spiker Ruben Rubinyan sülhün nəinki ilin sonunadək, hətta sentyabrın axırınadək imzalana biləcəyi barədə iddialı açıqlama verməmişdimi? Bu mənada açılan atəş hələ “jurnal” sayıla bilər.

Ermənistanın, əslində Paşinyanın payızı gecə yarısı “Kalaşnikov”un tətiyinin çəkilməsi ilə başladı. Sonra nələr olacaq? Kim-kimə atəş açacaq? Gözləyək...Həm də sərhədlərimizi və şərti sərhədləri. Əllərdə 17 min avtomat varsa, demək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR