İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Rusiya və İranın bacarmadığını etdi – “Binokl diplomatiyası”na SON!!!

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında 17 maddəlik paraflanmış sazişin 7-ci maddəsində Ermənistan üçün daha bir “ev tapşırığı” var. Söhbət Ermənistan ərazisində 2022-ci ilin payızından etibarən yerləşdirilən Avropa İttifaqının missiyasından gedir.

İlk olaraq 40 nəfərlə işə başlayan bu missiyanın sayı daha sonra 209-a çatdırıldı və cari ilin yanvarında qalma müddəti daha iki illik uzadıldı. Azərbaycan Prezidenti həmin missiyanı kəşfiyyat şəbəkəsi adlandırmaqla yanaşı, onların bölgədə olmasını sülhə və sabitliyə təhdid olaraq da qiymətləndirmişdi. Təsadüfi deyildi ki, Qərb paytaxtları və Bakıya səfər edən ayrı-ayrı rəsmilərlə görüşlərdə dövlətimizin başçısı Avropa İttifaqının “müşahidə missiyası”nın fəaliyyətinə etirazını davamlı şəkildə bildirirdi. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında demişdi ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Sitat: “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.

MİSSİ.jpg (64 KB)

Xatırlatmaq yerinə düşər, 2022-ci ilin oktyabrında “Avropa Siyasi Birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Amma bir müddət sonra heyətin sayının 50 nəfər olduğu açıqlandı. Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, razılaşmaya uyğun olaraq azı iki ay bölgədə qalacaq missiyanın məqsədi tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Azərbaycan da məhz bu səbəbdən Aİ missiyasının yalnız Ermənistan ərazisində yerləşməsinə razılıq vermişdi. Dövlət başçımız o zaman missiyanın Azərbaycan tərəfdə də ərazisinə göndərmək cəhdlərinin olduğunu söyləmişdi. Sonrakı dönəmlərdə Aİ missiyasının üzərinə götürdüyü öhdəliklərə zidd davranması, Azərbaycan və Ermənistan arasındakı şərti sərhədlərdə delimitasiya və demarkasiya prosesinə yardım etmək əvəzinə, Azərbaycanı davamlı təhdid edən “binokl diplomatiyası”nı işə salması, Arazdəyəndən Qazaxadək bütün şərti sərhədlər boyunca postlar qurmağa başlaması və ən nəhayət, razılaşmanı pozaraq say artımını da – hətta qeyri-rəsmi məlumatlarda faktiki sayın dəfələrlə çox olduğu bildirilir - reallaşdırması birmənalı şəkildə sabitliyə xələl gətirən addımlar idi. Eyni zamanda Fransanın başçılığı ilə həyata keçirilən bu missiya təkcə Aİ-nin deyil, həm də NATO-nun missiyasına çevrildi. Həm də “mülki” adı altında bölgəyə gətirilmiş, əslində hərbi kontingentin Ermənistanda bəlkə də əbədi yerləşdirilməsinin təməlləri qoyulmuşdu, özü də amerikalı generalın rəhbərliyi ilə...

MİSSİYA.jpg (295 KB)

Ötən 3 il ərzində Rusiyadan Avropa İttifaqının missiyası ilə bağlı davamlı narahatlıq ifadə olunurdu. Rəsmi Moskvanın bəyanatlarında da qeyd olunurdu ki, Rusiya Ermənistana göndərilən Avropa İttifaqı misssiyasının mülki xarakter daşıdığına şübhə edir. Bir sıra hallarda Azərbaycanın Aİ missiyası ilə bağlı qətiyyətli mövqeyinin kölgəsində sürünürdü rusiyalı rəsmilər. Məsələn, Mariya Zaxarova səviyyəsində səslənən açıqlamanı xatırlatmaq olar: “Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiqimiz Ermənistanda hər hansı bir vasitə ilə möhkəmlənmək səylərini ilk dəfə deyil qeydə alırıq. Biz bu cəhdlərdə Cənubi Qafqazda münasibətlərin real normallaşması maraqlarından uzaq, müstəsna geosiyasi vəziyyət görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı səsləndirdiyi mənfi qiymətləndirmələrə məhəl qoyulmur”.

Amma Rusiya bu kimi ümumi sözlərdən uzağa gedə bilmədi bu müddətdə. Baxmayaraq ki, faktiki olaraq Aİ Rusiyanın patronajlığı altında olan KTMT-nin təsir zonasında yerləşmişdi, nə Gümrüdəki hərbi bazanı saya salmışdı, nə də Kremlin narahatlıqlarını.

PUTİN SON.jpg (54 KB)

Cənub qonşumuz İran çox hallarda Aİ-nin kəşfiyyatçı dəstələrini görməzdən gəlirdi. Hətta Tehranın İrəvandakı elçisi, ermənidən çox erməni mövqeyi ilə “seçilən” Mehdi Sobhani çox uzağa gedərək “Avropa İttifaqının (Aİ) missiyası hərbi missiya deyil, Ermənistan hökuməti onların sabitliyi qorumaq, gərginliyin qarşısını almaq üçün yerləşdirildiyini bəyan edib və bizim üçün bu, başa düşülən, məqbuldur”, açıqlamasını vermişdi kəşfiyyatçıların “ömrü”nün uzadılması xəbərinə reaksiyasında. Absurdun üstü səviyyəsində mövqe(sizlik). Azərbaycanı olmayan məsələlərə görə ittiham edənlər, Bakının Qərblə əməkdaşlığından təşviş keçirənlər Ermənistana yeridilən NATO və Aİ kəşfiyyatçı-hərbçi dəstələrinin pişvazına az qalırdılar duz-çörəklə çıxsınlar. Bir sıra hallarda Sobhani sübh çağı “binokl dipplomatiyası”nın təmsilçilərinin post qurduğu yüksəkliklərdən Azərbaycan tərəfə boylanmışdı da...Amma İran hakimiyyətində ciddi narahatlığın olduğu bəlli idi. Aİ və NATO missiyası təkcə Azərbaycana qarşı fəaliyyət göstərmirdi, təkcə Ermənistanı Rusiyanın təsir zonasından uzaqlaşdırmaq üçün regiona girməmişdi, həm də məqamı yetişəndə İrana qarşı aktiv hərəkətə keçmək üçün postlar qurmuşdular. Şovinistlər sadəcə, uzun onilliklər boyunca bəslədikləri Ermənistanı itirməməkdən ötrü bu ölkədəki kəşfiyyatçılara da dözürdülər. Mehdi Sobhaninin “Biz Ermənistan hökumətinin münasibətlərini şaxələndirmək siyasətinə hörmətlə yanaşırıq” sözləri sadəcə nağıl idi.

MEHDİ.jpg (97 KB)

Budur, Vaşinqtondakı Sülh Zirvəsində Rusiya və İranın azı 3 il ərzində bacarmadığı işin öhdəsindən Azərbaycan dövləti təkbaşına gəldi, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti nəticəsində! Dövlətimizin Lideri Ermənistanı və Aİ rəhbərliyini xəbərdar etmişdi ki, bu missiyanın sayının artırılması və fəaliyyət müddətinin uzadılması Azərbaycanı qane edə bilməz və kəşfiyyatçı fəaliyyətə son verilməlidir! İlham Əliyev-Nikol Paşinyan-Donald Trampın imzaladığı sənəddə bu tələb əksini tapır: “Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər. (Maddə VII)

VASİN.jpg (128 KB)

Beləliklə, Avropa İttifaqının Ermənistandakı missiyasına artıq heç bir ehtiyac qalmayacaq! Bu missiyanın iflasa uğradığını Paşinyan da imzası ilə etiraf etdi və Azərbaycan Prezidentinin daha bir tələbinin icrasına razılıq verdi! Qeyd etdiyimiz kimi, bu missiya Makron Fransasının layihəsi idi. Əsas məqsəd bölgəyə sülh gətirmək yox, Aİ-nin, ümumilikdə Qərbin Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat işləri aparmaq, Ermənistanla Azərbaycan arasında münasinətləri gərginləşdirmək, son nəticədə hansısa “vasitəçilik” missiyası üçün zəmin yaratmaq isi. Laçın yolunun bağlanmasından və sərhəd-gömrük məntəqəmizin qurulmasından sonra Makronun işə saldığı “TIR siyasəti” kimi “binokl diplomatiyası” da iflasa uğradı. Rəsmi İrəvan Trampın şahidliyi ilə imzalanan sənəddəki müddəaların icrasından yayınmağa cürət edə bilməz, o cümlədən də Aİ kəşfiyyatçılarının çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasından...Yeri gəlmişkən, Vaşinqtondakı anlaşmanı ilk alqışlayanlardan biri olan Makron səmimiyyətini təsdiqləməkdən ötrü Aİ-nin kəşfiyyatçı missiyasını geri çağırmalıdır! Azərbaycan gözləyir...Həm də Rusiya və İrandan... onların bacarmadığını reallaşdırdığına görə təşəkkür və minnətdarlıq!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR