İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nobel" naminə SÜLH, Putinin Trampa duası və… Alyaska görüşü son deyil, başlanğıcdır

Bir çoxları Alyaska görüşü maksimum nəticə gözləyirdi. Amma reallıqlar da nəzərə alınmalıdır. Hələ hakimiyyətinin biri ili tamam olmayan Donald Tramp Ukraynada amansız işğalçı müharibə aparan Rusiya prezidenti ilə görüşün reallaşmasına nail oldusa, bunun özü də nəticə sayıla bilər.

Dünyanı nüvə ilə təhdid edən, 3 il yarım ərzində dayandırılması mümkün olmayan Vladimir Putinin Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında “Sülh üçün çalışmaq” şüarı altında danışıqlara gətirmək üçün Birləşmiş Ştatların lideri az zaman və enerji sərf etmədi. Bundan əvvəl Türkiyənin evsahibliyi ilə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmadığını da unutmamalıyıq.



Sosial mediada və mətbuatda Trampın Putinə uduzduğunu iddia edənlərlə yanaşı, digər fərqli yanaşmalar da var. Bəziləri isə az qala demək istəyirlər ki, ABŞ lideri niyə rusiyalı həmkarını elə tarpdan enən kimi gəldiyinə peşman eləmədi? Tramp və Putin arasında sonuncu görüşdən 7 il keçsə də, iki lider arasındakı münasibətlərdən çoxlarının xəbəri var. Hətta Bayden administrasiyası dönəmində Trampın Rusiya ilə əlaqələri də onun başına bəla olmuşdu. Putin əbəs yerə Trampın hakimiyyətə gəlişi üçün dua etmirdi ki...Bu mənada şəxsi münasibətlərin normal olduğunu, liderlərin bir-birinə simpatiyasını nəzərə almaq lazımdır. Ona görə də Putinin ayağının altına qırmızı xalı salınmasını Trampın əleyhinə acizlik əlaməti və yaxud ABŞ adına rüsvayçılıq kimi təqdim edənlər gərək bu detal üzərində çox dayanmasınlar.

 

Bəli, Putinin ayağının altına qırmızı xalı salınmışdı. Amma ayağı altında qırmızı xalı olan Rusiya liderinin başının üstündən uçan B2 bombardmançı təyyarəsi və qırıcılara nə deyirsiniz? Onlar Putini qorumaq üçünmü uçuşlar həyata keçirirdilər? Yaxud görüşün elə hərbi bazada təşkil olunması təsadüf edimi? Trampın Putinlə həmin qırmızı xalı üzərindən, Amerikanın son model qırıcılarının önündən addımlayıb keçmələri də xüsusi planın tərkib hissəsi idi. İranı bombardman edən, nüvə başlığı daşımağa qadir təyyarə doğrudanmı Putinin “tükünü tərpətmədi?” Sizə elə gəlmirmi ki, Trampla görüşün ilk anlarında əhvalı kök Rusiya prezidentinin sonrakı məqamlarda havalanmasına səbəblərdən biri də elə qarşılanma mərasimindəki hava şouları oldu? Həmçinin, Rusiya prezidentini hava limanında və daha sonra hərbi bazadakı görüş zalında jurnalistlər tərəfindən Ukraynadakı qətliamlarla bağlı sərt sualları ekspromt səslənməmişdi, sadəcə media azadlığının məhsulu deyildi. Putinlə görüş boyunca kifayət qədər təmkinli davranan ABŞ lideri Rusiya prezidentini pressinqdə saxlamaqdan ötrü “digər vasitə”lərdən məharətlə istifadə etdi. Elə Trampın Alyaska sammiti zamanı xanımı Melaniyanın məktubunu Putinə çatdırmasının özü də sıradan məsələ deyildi. Həmin məktubda Rusiyanın oğurladığı ukraynalı uşaqlardan bəhs olunub. Sanki Rusiyaya 50 gün vaxt verən, elə Alyaska görüşün saagtlar qalmış Putinlə görüş nəticəsiz başa çatacaqsa, o halda Rusiyanı yeni sürprizlərin gözləyəcəyi barədə xəbərdarlıqlar edən Trampa ideya müəllifi olduğu görüşün nəticəsiz başa çatmamasından ötrü usta davranışları diqqətdən qaçmamalıdır. Diplomatiyada “kökə və qamçı siyasəti”nin olduğu unudulmamalıdır.



Mövcud situasiyada Donald Trampa “buzu sındırmaq” lazım idi, ona da nail oldu. Rusiyanın baş diplomatı Sergey Lavrovun diplomatiyaya yaraşmayan davranış sərgiləyərək, naftalin qoxusu verən SSRİ köynəyi ilə Alyaskaya enməsi əslində Putinin əleyhinə işləyən bir detal idi. Təsəvvür edin, ABŞ-nin 21-ci əsr qırıcı-bombardmançılarının qarşısına Lavrov – Kələntəryan “SSRİ” poliveri ilə çıxır, guya güc nümayiş etdirir. Bu faktın özü anti-Rusiya koalisiyasını bir daha ayıltdı, bu, işğalçı ölkəni özbaşına buraxmağın bəşəriyyət üçün yeni təhlükələr gətirəcəyi barədə qənaətlərini möhkəmləndirdi çox güman ki...Putinin təyyarəsini Amerika qırıcılarının müşayiət etməsinin özü də Pentaqonun gücünün və Rusiyadan üstünlüyünün nümayişi idi, bu, sadəcə qonaqpərvərlikdən, şəxsi münasibətlərdən irəli gəlmirdi. Demək, münasibətlər nə qədər yaxın olsa da, kifayət qədər problemlərin olduğunu da unutmaq olmaz. Necə ki. ABŞ dövlət katibi Marko Rubio Rusiya və ABŞ arasında münasibətlərin normallaşması üçün hələ uzun və davamlı diplomatik prosesə ehtiyacın olduğunu söyləyib. Təsəvvür edin, Ağ Ev və Kreml arasında münaisbətlərin normallaşmasından ötrü uzun illərin lazım olduğu bir məqamda Rusiya və Ukrayna arasında tezliklə sülhün imzalanmamasını xəyal qırıqlığı ilə qarşılayıb, Trampın təşəbbüsünə “quş” qoyanlar tapılır.

Baxmayaraq ki, həm Tramp, həm də Putin Ukrayna müharibəsinə görə az qala bütün günahları 82 yaşlı Co Baydenin çiyinlərinə yükləyirlər, Rusiya prezidenti Ukraynanı niyə işğal etməsi barədə ittihamlardan yayınmaqdan ötrü Trampın “mən hakimiyyətdə olsaydım, müharibə olmazdı”, fikrinə istinad edir. Amma soruşan da yoxdur ki, deyək ki, Bayden dövrünün müharibəsi Conun günahıdır, bəs Krımın ilhaqı? ABŞ lideri heç şübhəsiz ki, bütün bunları incəliyinədək bilir, amma Putinlə kövrək münasibətlərin üstündən xətt çəkməmək, sülh prosesini irəli aparmaq üçün səbrli davranır. Onu da unutmayaq ki, bir çox hallarda Trampın bir-biri ilə kəskin fərqlənən bəyanatlarını müşahidə etmişik. Həm də önəmli bir məsələni unutmamaq lazımdır: Tramp Putini əbəs yerə özünə məxsus limuzinə dəvət etmədi. İstisna deyil ki, Ukrayna və ABŞ-Rusiya münasibətləri ilə bağlı ən vacib kəlmələr birgə yolçuluqda kəsilib, birgə naharda çörək kəsilməsə də...Elə dövlət katibi Rubionun “Vaşinqton ümid edir ki, Vladimir Putin və Donald Tramp arasındakı danışıqlar Ukrayna münaqişəsinin həllinə təkan verəcək”, açıqlaması da müəyyən anlaşmalardan xəbər verir. Həm də görüşdən öncəki digər xəbərdarlığı da gözardı etmək olmaz. Bloomberg mənbələrə istinadən xəbər yaymışdı ki, Tramp-Putin görüşü nəticəsiz bitərsə, ABŞ Rusiyaya qarşı atacağı əvvəlcədən müəyyənləşdirib. Hətta ABŞ-nin Rusiya neftini hədəf alacağı, Lukoyl və Transneft şirkətlərinin diqqət mərkəzinə gələcəyi anons edilmişdi. Trampın Rusiyaya verdiyi vaxtın başa çatmasına iki gün qalmış Moskvaya səfər edərək Putinlə görüşən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Alyaskadakı heyətdə də yer alması prosesin irəli aparıldığına ümid yeri yaradır. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Uitkoff arasında söhbətin “konstruktiv və səmərəli” olduğunu iddia etmişdi və amerikanlar bunu təkzib etmədilər.



Tramp Ukrayna müharibəsinə 350 milyard dollar xərcləyən, ancaq heç bir uğur qazanmayan Baydenin səhvlərini təkrarlamaq niyyətində deyil. Üstəlik, ABŞ-nin xarici borcu sürətlə artmaqdadır. Təsadüfi deyil ki, Alyaska görüşünə Tramp həm də iqtisadi komandası ilə gəlmişdi. Deməli, Ağ Ev sahibi üçün Rusiya ilə iqtisadi əlaqələrin bərpası cəlbedici məsələdir, amma təbii ki, indiki şərtlər daxilində bu, real görünmür və Avropa İttifaqı daxil, bir çox paytaxtlar bunu qəbul etməz. Odur ki, Tramp Ukraynanı “reallığı qəbul etmək”lə hansısa anlaşmaya razı salmaq, cəbhədə gərginliyin azalmasına nail olmaq, Zelenskinin iştirakı ilə ilk üçlü görüşü reallaşdırmaq və fürsət düşən kimi, Rusiyaya açılım etmək niyyətindədir. Rusiya-Ukrayna savaşının dayandırılmasında uğur qazanması Trampın “Nobel”ə olan şansını daha da artıracaq və çətin ki, onun hakimiyyəti üçün dua etmiş Putin amerikalı həmkarının bu istəyinə qarşı çıxsın. Deməli, prinsipial olaraq sülhə doğru birgə addımlamaqla bağlı prinsipial razılığın əldə olunduğunu söyləmək olar. Amma baxır kim sülhü necə görür, hansı həll yolunu məqbul sayır. Gediləsi uzun yoldur, amma müharibədən yorulduğu aydın görünən tərəflər anlayır ki, addımlar atılmalıdır. Volodimir Zelenskinin Trampa minnətdarlıq edərək 18 avqust görüşünə hazırlaşması da Ukraynanın bu prosesə hazır olduğunu göstərir. Dünənə qədər Zelenskini kapitulyasiyaya çağıran və onunla görüşü istisna edən Putinin də Alyaskada Ukraynanın təhlükəsizliyinin “qayğısına qalması” da maraqlı məqam idi. Deməli, danışmaq üçün imkanlar yarana bilər. Ukraynanın ən azı müəyyən ərazilərinin ilkin mərhələdə azad edilməsinin qarşılığında Kiyevin NATO və Avropa İttifaqından vaz keçməsi ciddi kompromis olardı. Guya bu qurumlara üzlük biçarə vəziyyətinə salınmış Ukraynaya nə verəcək ki? Heç Tramp da üzlüyü real saymır və Zelenskinin keçən il elan etdiyi “Qələbə planı”nın ilk bəndindən imtinası üçtərəfli görüş üçün ciddi təkan ola bilər. Beləliklə, qardaş qırğını dayanır, Rusiya aqressiyası səngiyir, sülhə doğru proses başlayır və Tramp da arzuladığı “Nobel”i alır...



Onsuz da Trampın mövqeyi tam aydındır: bəyan edib ki, sülh sazişinin yekun variantı Moskva və Kiyev arasında razılaşdırılmalıdır. Yəni 8 avqust Vaşinqton Zivəsindəki kimi, Tramp Rusiya və Ukrayna arasında da “tərəfsiz şahid” statusunda çıxış etmək niyyətindədir. 18 avqust görüşünü gözləyək, görək Zelenski ilə danışıqlar necə nəticələnəcək. Hər halda budəfəki görüşdə Zelenskinin kostyum geyinməməsi müzakirə mövzusu olmayacaq, ən azı Lavrovun sinəsinə “SSRİ” yazdırmasından sonra. Qələbə son gülənindir...

Tramp Alyaska görüşündən sonra NATO rəhbərliiyi, Ukrayna prezidenti və digərləri ilə danışıb. Bu, həm də ABŞ liderinin “qollarını sülh üçün çırmaladığını” göstərir. Zaman azdır. Hindistan-Pakistan, Kamboca-Tailand, Azərbaycan-Ermənistan və...Niyə də ardınca Rusiya – Ukrayna yazılmasın?..Odur ki, Alyaska görüşü son deyil, başlanğıcdır - söhbət "Nobel" naminə SÜLHdən gedirsə, nəticəyə inanmaq olar. Həm də dua məsələsi var axı...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR