Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev Kəlbəcərdə, kəlbəcərlilərlə görüş zamanı çox mühüm fikirlər səsləndirdi. Azərbaycanın sülhə sadiqliyini bir daha yenidən qurulan Kəlbəcərimizdə bəyan edən Ali Baş Komandan eyni zamanda məkrli düşmənlərə də xəbərdarlıqlarını etdi. Bir çoxları hesab edirdilər ki, xüsusən də Vaşinqton görüşündən sonra artıq silahlar anbarlara yığılacaq, ölkəmizə bəd niyyətlə baxanlar məkrli iddialarına son qoyacaqlar və tam rahat olmaq üçün kifayət qədər əsaslar var. Amma Azərbaycan Prezidentinin xəbərdarlıqları bütün məsələlərin bitmədiyini deməyə əsas yaradır.
Bəli, cənab Prezident amerikalı həmkarı Trampın iştirakı ilə əldə olunan razılaşmaların sonunda sülhə sadiqliyini əminliklə bəyan etmişdi. Dərhal da Nikol Paşinyan reaksiya verərək hər hansı əlavəsinin olmadığını bildirməklə sülhə qarşı olmayacağı vədini irəli sürmüşdü. Eyni zamanda Paşinyanın bu günlərdə Ermənistanın gələnilki büdcəsində hərbi xərclərin artırılmayacağını deməsi və sülhə yönəlik açıqlamaları da diqqət çəkir. Bəs belə bir durumda cənab Prezident nədən Ermənistanın düz sərhədində, Kəlbəcərdə düşmənlərə xəbərdarlıqlar etdi? Sitat: “Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim dəmir yumruğumuzu hər kəs görəcək.” Təsadüfən deyilməyib heç şübhəsiz. Prezidentin Kəlbəcərdən xəbərdarlığı mənə 2023-cü ilin mayında Laçından etdiyi xəbərdarlıqları xatırlatdı. O zaman dövlət başçımız laçınlıları öz evlərinə qayıtmaları münasibətilə təbrik edərkən hələ Xankəndi və digər ərazilərimizdə dolaşan separatçılara sərt xəbərdarlıqlar etmişdi. Eşitmədilər və bir neçə ay sonra cəzalarını aldılar, bir hissəsi də bu gün Bakıda qurulmuş Ədalət Məhkəməsində cavab verirlər. İlham Əliyevin Kəlbəcərdən etdiyi xəbərdarlıqlar da ciddi məlumatlara əsaslanır heç şübhəsiz.
Xüsusilə də son zamanlar, Vaşinqton razılaşmasından sonra Ermənistanda Nikol Paşinyana qarşı etirazlarla çıxış edən, sülhü pozmağa yönəlik təşəbbüslər qaldıran radikal müxalifət, kilsə, Levon Ter-Petrosyan, Vardan Oskanyan kimi kaftarların xortlayaraq Qarabağdan öz xoşları ilə köçmüş erməniləri ayağa qaldırmaq cəhdləri, separatçıların Vaşinqton razılaşmasını tanımayıb, Minsk Qrupunun xiffətini çəkmələri, Qarabağa qaytarılmaları üçün kömək istəmələri Ermənistanda hər an təxribatlara əl atıla biləcəyi ehtimalını yaradır. Dövlətimizin başçısı şübhəsiz ki, daha ciddi və detallı informasiyalara malik olduğu üçün Kəlbəcərdən dağın o üzünə, Qərbi Azərbaycandakı anti-sülh koalisiyasına xəbərdarlığını etdi. Şübhəsiz ki, o qüvvələr orduda da, polisdə də, təhlükəsizlik orqanlarında da kök salıblar. Xüsusilə də “5-ci kolon”un Paşinyana barmaq silkələməsi faktı var, Ermənistan rəhbərliyi hətta terrorla üz-üzə qala biləcəyini istisna etmir. Son zamanlar Rusiyanın Azərbaycana qarşı təhdidlərinin artması fonunda bu xəbərdarlıqların edilməsi məsələnin ciddiliyini daha da artırır. Rusiyalı deputatların, ayrı-ayrı media orqanlarının, ekspertlərin “dağları aşaraq” Azərbaycanla “haqq-hesab” çəkməklə bağlı sərsəm çağırışlarına da cavab sayıla bilər dövlət başçımızın Kəlbəcərdə səsləndirdiyi qətiyyətli bəyanatları.
Prezident hərbi büdcəmizin artırıldığını, yeni silahların alındığını, komando tipli qüvvələrimizin sayının artırılmasını, üstəlik Xəzərdəki donanmamızın gücləndirildiyini təsadüfən demədi. Azərbaycan sülh tərəfdarıdır, amma özünü müdafiəyə də hər zaman hazırdır. Bunu başa düşməyənlər Prezidentin dediyi kimi, “peşman olacaqlar!” Ali Baş Komandan bu barədə danışarkən həm də hər birimizi xarici müdaxilə ilə bağlı ayıq-sayıq olmağa çağırdı, arxayınlaşmaq üçün əsas olmadığına işarə etdi. Sitat: “Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla, məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm”.
Cənab Prezident bird aha vurğuladı ki, biz istəmirik müharibə olsun: “Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Pilotsuz uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib. İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər, qalib dövlət kimi yaşayacağıq”.
Azərbaycan dövlətinin, dövlət başçısının mövqeyi həm də onu daim dəstəkləyən xalqın, ordunun, təhlükəsizliyimizə cavabdeh olan təşkilatların mövqeyidir. Bu birlik bizi 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatında tarixi zəfərlərə apardı. Şübhəsiz ki, uğurlarımız dinc-quruculuq dövründə davam edəcək. Necə ki, hətta döyüşsüz təhvil verildiyi halda, vandallar tərəfindən darmadağın edilən Kəlbəcərin yenidən müasir şəkildə qurulmasına şahidlik edirik. Necə ki, vaxtilə minlərlə qəhrəman oğullarımızın həlak olduğu Murov dağının köksündən Avropanın və dünyanın ən uzun tunellərindən birini tikməklə növbəti tarixi ilkə imza atırıq. Amma qarşımızda nə qədər məkrli düşmənin olduğunu da unutmamalıyıq.
Hərb meydanında qalib olan Azərbaycanın həm də sülh gündəliyinin müəllifi olması Azərbaycanın növbəti uğurunun sübutudur. Vaşinqtonda əldə olunmuş nəticələr, Azərbaycanın istəyinin və tələblərinin həyatda öz əksini tapması sıradan bir məsələ deyildi, bu, dünyanın birinci ofisində, super gücün lideri tərəfindən yüksək səviyyədə qəbul və etimad olunan tarixi hadisə idi. Bu, həm də Azərbaycanın zəfərini həzm edə bilməyənlər üçün zəruri dərs oldu. Lakin bütün bunlardan sonra yenə də kimlərsə zəvzəməyə başlayırsa, bu da diqqətdən yayına bilməz. İstənilən halda Azərbaycanın həm strateji yüksəkliklərdə, həm diplomatik səviyyələrdə mövqeyi qat-qat güclüdür, Ali Baş Komandanın xəbərdarlıqları növbəti dəfə ermənilərdən “maşa” kimi istifafdə etmək istəyənlərə də ciddi xəbərdarlıqdır. Sülh razılaşmasının pozulması çox ciddi nəticələr verə bilər, ondan sonra Azərbaycanın sərt cavabına Trampın və digərlərinin də sözü ola bilməz, unutmasınlar!
Prezidentin “Çünki biz bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir. Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim dəmir yumruğumuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm”, sözləri həm daxili auditoriyaya, özümüzə yönəlib, həm xarici düşmənə və onlara havadarlıq edənlərə. Eyni zamanda Ali Baş Komandan Ermənistanla sülhün paraflanmasından sonra xəyallara qapılan, dostluq, qardaşlıq nəğmələrini oxumaq üçün fürsət gözləyən, keçmişin xiffətini çəkənləri də ayılmağa çağırmış oldu. “Bu cəmiyyət xəstədir və mən bunu açıq deyirəm”, sözləri sıradan məsələ deyildi. Ermənistan cəmiyyətinin müalicəsi üçün nə qədər müddət lazım olacaq, Allah bilir. Müalicə olunacaqlarmı? Demək çətindir. O mənada “çay gəlməmiş çırmananlar” dövlətimizin başçısının, Azərbaycana tarixi zəfərlər bəxş etmiş Liderin dediklərini təkrar-təkrar dinləsinlər! Xüsusilə də “bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir”, xəbərdarlıqlarını…Bakıdakı Ədalət Məhkəməsində ermənilər tərəfindən qətlə yetirilənlərin doğmaları göz yaşı içərisində danışır…4 min əsir və girovumuzdan xəbər-ətər yoxdur. Üstəlik, sülh prosesini pozmaq istəyən daşnaklar yenə hərəkətə keçib. İstisu yüksəkliklərinə iddia edən erməni faşistlərini danışdıran var. Bu günlərdə yalnız şərti sərhəddəki sərhədçilərimiz və hərbçilərimiz ayıq-sayıq olmamalıdır, hər birimiz olduğumuz ünvanda, xidmət etdiyimiz postda Dövlətimizin keşiyində dayanmalıyıq! Kəlbəcər sakinlərinin evlərində rahat yaşamaları hamımızdan asılıdır...
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ