İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu çağırışlarına əməl olunsa, qazanan təkcə Azərbaycan olmayacaq – bəşəriyyət üçün yol xəritəsi

Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışına çox qürurverici xatırlatmalarla başlayıb. Sitat: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”. Vətənini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşında fəxarət hissi doğuran möhtəşəm girişdir.

30 illik işğal dönəmində beynəlxalq kürsülər bir qayda olaraq Azərbaycan həqiqətlərinin çatdırılması baxımından önəm kəsb edirdi və dövlət başçılarımızdan, rəsmi şəxslərdən bir qayda olaraq dövlət siyasətimizin ali hədəflərinə uyğun şəkildə mövqelər eşidərdik. Amma “Xocalıya ədalət” istədiyimiz zaman, Qarabağın, Şərqi Zəngəzurun işğalına son qoyulması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin qeyd-şərtsiz Ermənistan tərəfindən icrasına nail olunması istiqamətində addımların atılmaması bəzən çoxumuzda xəyal qırıqlığı yaradırdı, ümidsizləşirdik. Lakin dövlətimizin Lideri heç zaman inamını itirmədi, qətiyyətli şəkildə hədəflərə doğru addımlar atdı, qərarlar qəbul etdi, nəticədə tarixi Zəfər qazandıq!

BMT Baş Assambleyasındakı səsvermədə hətta Təhlükəsizlik Şurasının qətnamələrinin qəbuluna səs vermiş həmsədr ölkələrin Azərbaycanın ərazi bütövlüyünə “bitərəf” qalmalarını da unutmamışıq. Ədalətsizliyə baxın, BMT tərəfindən tanınan ərazilərimizə də şübhə ilə yanaşırdılar, işğalçı Ermənistanla təcavüzə məruz qalmış Azərbaycanın arasında “bərabərlik” işarəsi qoymağa çalışırdılar. Elə bu kimi ikili standartlar işğal və təcavüzün, barmarlığın, vandalizmin bu qədər uzanmasına, maddi-mənəvi, dini abidələrimizin darmadağın edilməsinə gətirib çıxartdı. Amma Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan dövləti, Ali Baş Komandan İlham Əliyevin Ordusu oldu! Zəfərin Memarının BMT-dəki ali kürsüdən səsləndirdiyi çıxış əslində keçilən şərəfli yolla bağlı hesabat xarakterli olmaqla yanaşı, həm də dünyanın ayrı-ayrı ölkələri üçün yol xəritəsi idi. Ukrayna ilə bağlı verilən suala Azərbaycan Prezidentinin “heç vaxt işğalla barışmayın”, məsləhəti də yaddaşlara əbədi yazılıb. Prezident İlham Əliyevin qırmızı xətləri var, beynəlxalq hüquqa hörmət bu sırada xüsusi yer alır. 44 günlük Vətən Müharibəsində və ondan sonra Ermənistanın və Qarabağdakı separatçıların saysız cinayətlərinə, müharibə qaydalarına zidd əclaflıqlarına rəğmən, Azərbaycanın ləyaqətli savaş və antiterror əməliyyatı aparması bütövlükdə dünya üçün bir nümunə olmaqla yanaşı, beynəlxalq hüquqa hörmətin əyani nümayişi oldu. Dövlət başçımızın Qalib və Haqlı olaraq BMT kürsüsündən səsləndirdiyi fikirlərə dünyanın diqqət kəsilməsi həm də keçilən yolun nümunəvi olmasından irəli gəlirdi.

Təsadüf, ya zərurətdən idi, Azərbaycan Prezidenti BMT Baş Assambleyasında 27 Sentyabr Anım günü, Vətən Müharibəsinin başlanmasının 5-ci ildönümü ərəfəsində çıxış etdi və həmin hadisələri xronoji ardıcıllıqla xatırlatdı. Düz 5 il əvvəl pansdemiya səbəbindən BMT Baş Assambleyasına onlayn qatılan dövlət başçımız Ermənistanın yeni ərazilər uğrunda yeni təcavüzə hazırlaşdığını, təxribatları dayandırmaqdan ötrü aparıcı qüvvələrin hərəkətə keçməsinin zəruriliyini çatdıranda hər hansı tədbir görülməmişdi. Sonra baş verənlər bəllidir. Azərbaycan dövləti işğalçı və onların havadarlarının dərsini təkbaşına verdi!

44 günlük Vətən Müharibəsindəki qələbədən sonra Azərbaycan Prezidentinin BMT tribunasından ilk çıxışında o qədər mühüm məqamlar oldu ki...Bəlkə də kimlərsə düşünürdü ki, artıq Azərbaycan ərazi bütövlüyün təmin etdiyinə, 8 avqustda Vaşinqtonda sülh sənədi paraflandığına, Prezident Trampın şahidliyi ilə iki ölkə arasında anlaşmalar əldə olunduğuna görə, dövlətimizin başçısı Ermənistanın cinayətlərinin üstündən keçəcək. Amma axı, cənab Prezident bir çox çıxışlarında xalqımıza xitabən “biz üzləşdiyimiz cinayətləri, işğal həqiqətlərini unuda bilmərik”, deyib. Ermənistanın törətdiyi müharibə cinayətlərinin BMT kürsüsündən bəyan olunması təkcə rəsmi İrəvana, erməni revanşistlərinə və onların havadarlarına deyil, həm də işğal və terror küləyi əsdirənlərə ünvanlı xəbərdarlıq, əsl dərslik materialı idi. Yəni kimlərsə “daşı ətəyindən tökməsə”, yekunda peşman olacaqlar.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icra edən Azərbaycan Prezidenti və dövlətinə əslində BMT rəhbərliyinin və Təhlükəsizlik Şurasının daimi, qeyri-daimi üzvlərinin təşəkkür borcu var, amma onlar bu cəsarəti özlərində tapa bilmirlər. On illərlə Azərbaycanın torpaqlarını ilhaq üçün canfəşanlıq edənlərdən bunu gözləməyə dəyməz. 30 illik səmərəsiz danışıqlardan sonra Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərkən Makron Fransası kimi əl-ayağıma dolaşanlar da az olmadı. Fransa prezidentinin Azərbaycanın təhdid etməsi, Təhlükəsizlik Şurasında ölkəmizə qarşı qətnamə qəbul etdirməyə çalışması, Fransa parlamentindəki əclaflıqlar, daha nələr-nələr...Unutmayacağıq, necə ki, ölkə başçımızın BMT kürsüsündəki çıxışında da bu həqiqətlərlə bağlı vacib faktlar sadalandı.

Artıq Azərbaycan yeni bir dövrə qədəm qoyub, həm müharibədə, həm də sülhdə tarixi qələbələr qazanıb. Amma dövlət başçımız bununla kifayətlənmək niyyətində olmadığını BMT tribunasından bəyan etdi. Sitat: “Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”. Bu, artıq bəşəriyyətə töhfə deməkdir. Prezident İlham Əliyev pandemiya ilə mübarizə zamanı həm də erməni faşizmi ilə torpaqlarını azadetmə savaşında idi. İki cəbhədə getmirdi savaş, həm də “silahlandırılıb” üstünə göndərilən qərəzli media təmsilçilərinin iddialarını darmadağın edirdi əsaslı arqumentlərlə.

Lakin hədəf həm də bəşəriyyətin xilasına yönəlmişdi, peyvənd ayrəseçkiliyinə məruz qalmış ölkələrlə bağlı BMT-yə çağırışı, 80-dən çox ölkəyə yardım göndərilməsi də tarixi nümunələr sırasında yer alacaq daim. Bu, əsl tarixi şəxsiyyətlərə xas xüsusiyyətdir. Yalnız öz ölkəsini deyil, bütövlükdə bəşəriyyəti xilas etməyə yönəlik siyasət yürütmək hər bir dövlət xadiminə xas xüsusiyyət deyil. Başqalarının bədbəxtlikləri üzərində xoşbəxtliyini qurmaq istəyən o qədər dövlət başçısı var ki...

Vətən Müharibəsindən sonra Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etməsi, dövlətimizin irəli sürdüyü təkliflər əsasında 2022-2025-ci illər davam edən danışıqlar və avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanması da bəşəri dəyərlərə sadiqliyin əyani nümunəsidir. Bu gün hətta mülki əhaliyə, uşaq və qadınlara aman verməyən, insanları ac və susuz qoymaqla faktiki soyqırıma imza atanlar varkən Zəfər qazanmış Azərbaycanın Lideri 30 il ərzində ölkəmizə qarşı saysız-hesabsız pisliklər etmiş Ermənistana münasibətdə də “igid basdığını kəsməz” yanaşmasını sərgilədi, Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə barış əlini uzatdı. Bu kimi nümunələr dünyanı xilas edə bilər. Zəngəzur dəhlizi - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşması istiqamətində ilkin razılaşmaların təşəbbüskarı da məhz Odur – Azərbaycan Prezidenti. Təsadüfi deyil ki, dünyanın bir saylı ofisinin rəhbəri Donald Tramp bir çox liderlərin iştirak etdiyi toplantıda məhz Azərbaycan Liderinə xitab edərək “Sizinlə fəxr edirəm”, deyir. Azərbaycan Prezidenti isə yüksək alicənablıqla, təvazökarlıqla qazanılan uğurlardan Trampa da, beynəlxalq hüquqa da pay ayırır, “mən-mən” demir, bəşəriyyətin müharibələrdən, qan-qadadan, qlobal iqlim fəlakətlərindən xilası naminə BİZ deyir beynəlxalq səviyyəli kürsülərdə. Necə ki, Azərbaycanda keçirdiyi görüşlər zamanı böyük Zəfərimizin müəllifi olaraq şəhid və qazilərimizin, qüdrətli ordumuzun xidmətlərini ön plana qoyur. Əsl Lider, əsl Prezident, Sərkərdə, Ali Baş Komandan məhz belə olar!

Azərbaycan Prezidenti Trampın “907-ci düzəliş”in icrasının dayandırması haqda qərar tarixi addımı - etimad və əməkdaşlığın möhkəmləndirilməsi üçün düzəlişin birdəfəlik ləğvinin vacibliyini BMT kürsüsündən bəyan etməklə 1992-ci ilin payızında ölkəmizə qarşı yol verilmiş tarixi ədalətsizliyə birfəfəlik son qoyulması təşəbbüsü ilə çıxış etdi. ABŞ Konqresi adına yazılan bu rəzaləti aradan qaldırmaqla həm də superdövlətin imicini zədələyən biabırçılıqlardan birini arxivə gömə bilər. Dövlət başçımızın bu çağırışlarına əməl olunsa, qazanan təkcə Azərbaycan olmayacaq.

Avqust ayında Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmaların tarixi əhəmiyyəti, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun xatırladılması da təsadüfi deyildi. İkitərəfli əməkdaşlığın irəli aparılmasına əngəl olan bütün maneələr aradan qaldırılmalıdır – 907-ci düzəliş, sanksiya qərarı ilk növbədə!

Bəli, Vaşinqtonda Ermənistanlamühüm razılaşmalar əldə olunub. Amma axı, elə bu günlərdə, BMT-nin yubiley sessiyası keçirilən zaman Ağdamda mina partladı və Azərbaycanın qəhrəman oğlu həlak oldu! Mina qurbanlarının təkcə son 5 ildəki sayı 400-ü keçir! BMT tribunasından mina təhlükəsinin post-münaqişə dövrünün ən böyük humanitar problemlərdən biri kimi xatırlanması, Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə deyilənlər də Moskvadan həyəcanlı şəkildə Nyu-Yorka tələsən baş nazir Nikol Paşinyan üçün növbəti “ev tapşırıqları” sayıla bilər. Azərbaycan hətta Ermənistanda konstitusiya dəyişiklikləri həyata keçirildikdən sonra bu məsələlərin üstündən keçməyəcək!

COP29-da əldə olunmuş nəticələrə uyğun olaraq qarşıya qoyulan vəzifələr, münaqişələrin həlli zamanı ikili standartlara yol verilmədən ədalətli mövqeyin ortaya qoyulması, yaşıl keçidə sadiqliklə bağlı prioritetlər, sürətlə quruyan – özü də qlobal iqlim problemləri səbəbindən deyil - Xəzər dənizinin xilası ilə əlaqədar çağırışlar...Bütün bunlar bəşəriyyətin xilasına yönəlik yol xəritəsi idi. Əməl edənlər həm özlərini, həm də bəşəri xilas edəcəklər...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR