İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüsvayçılığın dərmanı

Dövlət orqanlarımızdan birinin yaradılması günü qeyd olunurdu. Rəsmi tədbirlər, konfranslar, ziyarətlər, təltiflər və tostlar bir-birinə qarışmışdı. Lakin indi həmin idarənin ismi-şərifini burada yazmağa çəkinirəm. Niyə? Qorxuram, göz dəyər! İzah edim.

O quruma indiyə qədər kim başçılıq etmişsə, adı mütləq hansısa əlləm-qəlləm işlərdə hallanmışdır. Yadımda qalanı, ən azı 2 nəfəri türmədə yatıb (biri hələ də içəridədir - ipucu verirəm). Korrupsiya, səlahiyyət həddini aşma, cürbəcür vəzifə cinayətləri... Ən əsası isə həmin idarənin başçıları özlərinə zırpı ailə şirkətləri qurmaqları ilə tanınırdılar. İndiki müdirin adı isə, balaca bir dükanla da hallanmamışdır!

Şokdayam. Bu barədə düşünəndən özümə gələ bilmirəm. Niyə belə alınıb, məqsəd nədir, bizim axırımız necə olacaq - düşünməliyik. Dövlətçilik ənənələrimiz əldən gedir. Rüşvət toplamayan, şirkət yaratmayan müdirə camaat hörmət eləməz. Bu isə sabitliyə təhlükədir. Açıq yazıram. Başqa yolum qalmadı. Əlaqədar orqanlar istəsələr, həmin adı korrupsiyada hallanmayan idarə müdirinin kimliyini açıqlaya bilərəm. Ümid edirəm, onu həbs etmərik. Günahını boynuna alsa, uzağı şərti cəza ilə qurtulsun.

Atalar demişkən, sən ağa, mən ağa, inəkləri kim sağa? Ya da bu cür: camaat xəstələnəndə həkimə gedir, həkim xəstələnsə hara getsin?

Həkim demişkən, tibb universitetinə yüksək balla qəbul olunan gənclərin sonradan yaxşı oxumadığı üzə çıxmışdır. 146 nəfər ən yüksək bal toplayıb prezident təqaüdçüsü olanlardan hazırda cəmi 22 nəfəri əlaçı imiş, 956 tələbənin isə kəsiri varmış. O cümlədən regionlarda çoxlu həkim çatışmazlığı problemi yaranıb. Bütün bunlar təbabətimizin gələcəyi sarıdan nigarançılıq yaradır. Pandemiyanın davam etdiyi şəraitdə sərhədlərimizin bağlı qalması bizi hələlik xilas edir, bəs sabah necə olacaq?

Mən gələcək həkimlərimizdə təhsil eşqinin ölməsi səbəblərini anlayıram. Bu, həm bərbad dərslik və tədris prosesi, naftalin iyi verən pedaqoqlar üzündəndir, həm də oxumaq üçün stimul yoxdur. Yayda bir qahımı dövlət xəstəxanasında müalicəyə aparmışdıq, həkim dedi ki, bu prosedur üçün onun maaşına tibbi sığortadan 1 manat 50 qəpik əlavə olunacaq. Yəni həkimlərin maaşına əlavələr bu dərəcədə gülməli imiş. Haqlıdır-haqsızdır, deyə bilmərəm. Ancaq həkim xəstəxananın qabağındakı “levi stoyanşik”dən az qazanacaqsa, bunu oxumağım mənası nədir? Böyük ehtimalla tələbələr praktika üçün xəstəxanalara gedirlər, oradakı reallıqları görəndən sonra oxumaqdan vaz keçirlər.

İkincisi, oxumadan həkim olmaq mümkündürsə, oxumağın mənası nədir? Dəlləyin, saç ustasının cərrah, motoristin kardioloq işlədiyi ölkədə yaşayırıq. Bu günlərdə Bakıda bir zırıltı ad qoyulmuş tibbi konfrans keçirilirdi. Təsəvvür edin, “elmi konfransda” çoxlu deputatlar-filan da oturdulmuşdu. Ancaq konfransı təşkil edən “klinika”nın əslində rəsmi təbabətə sıfır qədər dəxli var, deyəsən, bunu ört-basdır etmək üçün adını “təbii üsullarla müalicə klinikası” qoyublar. Ot-əncər, dəvə tüpürcəyi, qoyun qığı, qarğa nəcisi tipli şeylərlə guya saç bərpa edirlər, adam sağaldırlar və sairə. Rəsmi dövlət qurumları bu cür şarlatanlığa niyə əncam çəkmir? Özləri əlbir olduqları üçün.

Ən karikatur detallardan biri isə o idi ki, konfransın ulduzu, təşkilatçısı olan şəxsin, ümumiyyətlə, tibbi təhsili yoxdur! Amma hər yerdə özünü “elmlər doktoru” adlandırır. Yəqin “oxumamış alim” deyəndə bunu nəzərdə tuturlar. İndi sizdən soruşuram, tibb fakültəsinin tələbələri nə üçün özlərinə əzab-əziyyət verib oxumalıdır? Üstəlik, onsuz da adamı saxlayanda Allah saxlayır...

Yazını da şairin misrası ilə bitirək, bunsuz olmaz: “Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib!”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR