İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbələ Zirvəsində “…yoxsa yarımçıq qalar”sayağı tarixi ismarış…

Tarix boyunca Türk milləti adına dəfələrlə müqəddəs yolçuluğa çıxıb babalarımız, amma bu yolu uğurla başa vurmaq onlara nəsib olmayıb. “Dildə, fikirdə, işdə birlik!” amalı türk xalqlarının bir araya gətirilməsini hədəfləyən İsmayıl bəy Qaspıralı əbədiyyətə qovuşanda böyük Türk imperiyası Osmanlı da Birinci Cahan savaşında ağır mücadilə verirdi. İsmayıl bəyin həyatdan getdiyi il – 1914-cü ildə böyük Əhməd Cavad “Çırpınırdı Qara dəniz…”i yazanda da köksündə ülvi arzular daşıyırdı. Amma onu da sovet repressiya maşını digər qaymaq ziyalı, aydınlarımız kimi məhv elədi. Ümumtürk dili ideyasının müəllifi Əli bəy Hüseynzadə, Cümhuriyyət qurucularımızın Türk-müsəlman dünyası ilə bağlı o qədər düşüncələri, hədəfləri var idi ki…Hətta Cümhuriyyətimizin süquta yetirilməsindən sonra da sovetlər Türk sevgisini aydınlarımızın qəlbindən silə bilmədilər. 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsi sovet imperiyasındakı türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası, mədəniyyətiylə bağlı mühüm qərarların qəbulu ilə tarixə həkk olundu. Amma sonradan repressiya maşını nəinki “pantürkist” adlandırıb güllələdiyi, Sibirə sürgün etdiyi, Xəzərdə batırdığı ziyalılarımızla kifayətləndi, hətta ortaq hədəflərimizi də tikə- parça etdi, əlifbamızdan tutmuş, digər dəyərlərimizədək hamısına əl və dil uzatdı…

Üstündən on illər keçəndən, həmin qanlı imperiyanın bayrağı ayaqlar altına atılandan, rəngləri içərisində türkçülük amalı ən öndə gələn üçrəngli bayrağımızın bir daha enməyəcəyi məmləkətimizin Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi.

ZİRVEE.jpg (203 KB)

Uzun illər ərzində sovet-rus hərbçiləri Hind okeanınadək böyük coğrafiyanı məhz Qəbələdən nəzarət altında saxlayırdı, RLS-dən bir qorxulu kabusa dönmüşdü. Amma cənab İlham Əliyev Qəbələni minlərlə rusiyalı hərbçidən təmizlədikdən sonra oranı beynəlxalq tədbirlərin məkanına çevirdi və 7 oktyabrda da şimal qonşumuz daxil, dünyanın bir çox ölkələrindən Qəbələ Zirvəsində hansı mesajların veriləcəyinə diqqət kəsilmişdilər, narahat olanlar da az deyil təbii ki…Prezident İlham Əliyev Qəbələ Zirvəsindən öncə BMT Baş Aassambleyasında sözünü demişdi, daha sonra Kopenhagen Zirvəsində diqqət mərkəzinə düşmüşdü, həmçinin qardaş ölkələrin liderləri ilə təmasları olmuşdu.

Qəbələdəki Türk Zivəsinin isə yeri bir başqa oldu, necə ki, Şuşa, Xankəndi zirvələrində Türk dövlətləri daha möhtəşəm görünürdülər. Qardaş liderlər qələbəmizə bizimlə birgə sevinənlər, qələbəmizin qorunması üçün töhfə verənlər, həm də azad olunmuş torpaqlarda yadigar tikintilərin müəllifləri idi. Qələbədən Qəbələyədək haqq edənlər idi onlar! Cənab Prezident əbəs yerə deməmişdi ki, bundan sonra münasibətlər qurarkən dövlətimizə, apardığımız mübarizəyə hansı münasibət göstərilməsinə xüsusi önəm verəcəyik. Yolumuzu kəsənlərə deyil, bizimlə birgə yol gedənlərə etibar edirik…

Əslində Türk Dövlətləri Təşkilatının 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə çıxılan müqəddəs yolda çox böyük məsafə qət olunmuşdu, “əsrə bərabər gün”lər yaşanmışdı, mücadilələr verilmişdi, Qəbələ Zirvəsinədək. Müqəddəs yolçuluğun davamını gətirmək səyləri 90-cı illərin əvvəllərində göstərilmişdi. Amma o zaman qanlı imperiyadan yenicə qopub müstəqil olmuş türk dövlətləri hələ müstəqil şəkildə ayaqda dura bilmək imkanlarına sahib deyildilər. Hətta qos-qoca Türkiyəmiz belə, NATO çətiri altından çıxıb, işğala məruz qalan qardaş ölkəyə vətəndaşlarının girovluqdan xilası üçün helikopter verməyə cəsarət etmirdi. O dövrlə indinin müqayisəsi…əslində müqayisəolunmazdır!

ERDOG.jpg (178 KB)

Əhməd Cavad bu gün sağ olsaydı, yan-yana düzülən Türk – Hun dövlətlərinin bayraqlarına baxıb, hansı şeiri yazardı görəsən? Hələ TDT+ formatında böyümək hədəfi var bu qurumun...

Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ildə Bakıda Türkoloji Qurultayın 100 illik yubileyini keçirmək təklifi 99 il öncəki Qurultay iştirakçılarının ruhunu da şad etdi. Qurucu babalarımızın nə qədər arzuları yarımçıq qalmışdı, günbəgün çin olmaqdadır…Qəbələdə Türk Zirvəsi 44 günlük İkinci Qarabağ müharibəsinin – Vətən müharibəsinin 5-ci ildönümü günlərinə təsadüf etdi. Böyük Zəfərlə - həm də bütövlükdə Türk Dünyası adına – başa çatan haqq savaşının ildönümü günlərində Azərbaycana dost-qardaş ölkələrin, ölkəmizin ağrı-acılarını özününkü sayanların, işğal dövründə işğalçı, terrorçu Ermənistana sərhəd qapılarını qapayan, onu dövlət kimi tanımayan, Qələbəmizi ilk təbrik edənlərdən olan dövlətlərin liderləri, iştirakçı təmsilçiləri bir başqa ovqatdaydılar. Dünyada o qədər iclaslar, zirvələr keçirilir ki…G-7-dən G20-dək, digərləri daxil, amma Türk Zirvəsi tamam başqa biçimdəydi.

Vətən müharibəsinin təxminən 20-ci günündə Prezident İlham Əliyev qardaş Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq olar”, söyləmişdi və daha üç həftəlik döyüşlər Şuşa Zəfəri ilə bitdi…Qəbələ Zirvəsində deyilənləri Şuşa kontekstində ümumiləşdirsək, Azərbaycan Prezidenti çox mühüm təkliflər irəli sürməklə “yoxsa işimiz yarımçıq qalar”, deyirdi.

EEEEEEE.jpg (71 KB)

Türk dövlətlərinin başlatdığı işləri yarımçıq qoymaqdan ötrü o qədər mərkəzlər, paytaxtlar fürsət gözləyirlər ki…Bir əsr boyunca saxta “erməni soyqırımı” kartından istifadə edib Türkiyəyə qarşı basqılar edən, qardaş ölkəni Avropa İttifaqının kandarında saxlayan paytaxtların sükutu da təhlükəlidir, bu yolçuluqda dayanmaq onlara hücum imkanı yaratmaq deməkdir. Məhz buna görə də Qəbələdə 7 oktyabr 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev çox vacib məqamlara diqqət çəkdi, olduqca mühüm təşəbbüslərlə çıxış etdi.

Dövlət başçımız 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini xüsusi vurğuladı və “Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm” söylədi və bu təşəbbüs dəstəkləndi. Prezident əminliklə bildirdi ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcək. Buna heç kimin şübhəsi ola bilməz. Həm də axı, yeni dünya düzəninin formalaşdırılması prosesində Türkün bütün mənalarda özünə dönməsi, özünə, sözünə, harada yaşamasından asılı olmayaraq, soydaşına sahib çıxması olmazsa, olmazdır. Zəngəzur dəhlizinin reallaşdırılması mərhələsindəyik. Amma 1920-ci ildə Zəngəzurun qərb hissəsinin Azərbaycandan, həm də Türk dünyasından qoparılmasının əsas səbəbi düşmənlər qarşısında zəif, bölünmüş vəziyyətdə olmağımız idi. Bu gün birliyimizi qorumaq, daha da güclənməyimizin alternativi yoxdur.

Təsadüfi deyildi ki, Qəbələ Zirvəsinin əsas mövzusu “Regional Sülh və Təhlükəsizlik” idi. Dədələrimizin “Torpağı qorumasan, əkib-becərməyə dəyməz”, misalı…Zəngəzur dəhlizini, marşrutunu, bütövlükdə bu marşrutun keçəcəyi ölkələri, coğrafiyanı qorumaq üçün güclü olmalıyıq. Prezident İlham Əliyevin “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”, təklifi isə bölgədə yeni reallıqlar yaratmış Azərbaycanın böyük Zəfərinin nümunəsində olduqca vacib və tarixi təşəbbüsdür.

Dövlətimizin başçısı tamamilə haqlı olaraq bildirdi ki, “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir”.

Cənab Prezident konkret nümunə də gətirdi: “Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir”.

OOOOOOOOOOOOO.jpg (99 KB)

Bu həm də o demək idi ki, kimsə ehtiyatlanmasın, çəkinməsin, KTMT üzvü olmaqdan, Rusiya, ya başqa ölkənin təhdidindən, gücümüzü birləşdirməsək, günün birində qurduğumuz Türk Evini yağmalamaq istəyənlər üstümüzə ayaqlana bilər! Turan Ordusunun qurulmasına gedən Yol Xəritəsi idi dövlət başçımızın dedikləri. Bu, sülh, barış ordusu olacaq, kimsə narahatlıq keçirməsin. Azərbaycan ordusu Qarabağda, Kosovoda, Əfqanıstanda sülhü təmin etmədimi? Türkiyə ordusu Suriyaya rifah gətirmədimi? Bu nümunələr sübut etdi ki, “Dünya 5-dən böyükdür” və onun bayraqları yan-yana dayanan Türk dövlətləri də var!

Cənab Prezidentin hərbi təlimlərə diqqət çəkməsi Qəbələ Zirvəsinin çox önəmli məqamıdır. Bunu 200 ilə bərabər olan böyük zəfərə imzasını atmış Lider deyirdi, təcrübə danışırdı, qardaş ölkələrin başçıları nə qədər çevik siyasət yürütsələr, qazanan Türk Eli, Türk Dünyası, Turan olacaq! İşlər çoxdur, hələ bu gün əzilən, ana dilində təhsil almaqdan belə məhrum olan milyonlarla bacı-qardaşlarımız varsa, demək vaxt itirmədən daha böyük hədəflərə doğru irəliləmək lazımdır. Yoxsa, “yarımçıq qalar”, miaslı...

KECİR.jpg (98 KB)

İnşallah yarımçıq qalmayacaq, inamındayıq! Qəbələ Zirvəsində hər birimiz o iradəni gördük. Zirvə görüşünün yekununa dair imzalanan Qəbələ Bəyannaməsi də bu iradənin əksidir. Yeri gəlmişkən, yağı düşmənin 30 il ərzində darmadağın etdiyi türk yurdunda Türkmənistanın maliyyə dəstəyi ilə təməli qoyulan məscidimizə xeyir-dua verən liderlər əllərini Qurana basması da müqəddəs and idi:

“Bir olacağıq, diri olacağıq, iri olacağıq”, andı. Amin, deyirik. 

Andımız pozulmasın, işlərimiz yarımçıq qalmasın!

Tanrı Türkə və dostlarına yar olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR