Onlayn ictimai-siyasi qəzet
Ermənistanda seçkilərlə bağlı gerisayım başlayıb. Kimsə hesab etməsin ki, indiki situasiyada Nikol Paşinyan nəticələr sarıdan arxayındır. Yenidən sədr seçildiyi “Mülki Müqavilə” partiyasının qurultayında çıxışı zamanı başının hərlənməsi də qələbə eyforiyasından irəli gəlmədi və zənnimcə, artistlik də deyildi. Paşinyan erməniləri yaxşı tanıyır və anlayır ki, hətta yaxşılıq etdiyi ermənilərdən kimsənin tətiyi çəkməsi halında həyatına son qoyula bilər. Xüsusilə də 1999-cu il 27 oktyabrında Ermənistan parlamentinin gülləboran edilməsinə sayılı günlər qalarkən Paşinyanın narahatlığının artması anlaşılandır. Üstəlik, radikal ermənilər vaxtaşırı baş naziri terrorla təhdid edirlər.
Özü də Nikol Paşinyanın Üçkilsədəki (Eçmiədzin) İkinci Qaregin və digər zəhərli əqrəblərin “quyruğunu tapdaması”, kilsə üçün donor funksiyasını icra edən Rusiya vətəndaşı olan erməni milyarder Samvel Karapetyanı və özünə qarşı təhlükəli planları həyata keçirmək istəyən bir qrup şəxsi həbsə atdırması revanşistləri, həmçinin onların havadarlarını qəzəbləndirib. Qarabağ klanının cani liderlərinin hətta koalisiya qurmaqla bağlı təşəbbüsləri, Paşinyana meydan oxumaları onunla son döyüş hazırlığına daha çox bənzəyir. Digər tərəfdən də “Şərəfim var” təşkilatı 2 oktyabrda hamını İrəvandakı Respublika meydanına çağırıb. Bu arada parlamentdəki müxalif fraksiyanın Paşinyana qarşı impiçment təşəbbüsü ilə çıxış etməsi də proseslərin vahid mərkəzdən idarə olunduğu anlamına gəlir. Ən müxtəlif cinahlardan Ermənistan hakimiyyətinin ələ keçirilməsi üçün hərəkətə keçilib və bütün bunların fonunda Nikol Paşinyanın əl-qolunu sallayıb sakit dayanması anormallıq olardı.
Təsadüfi deyil ki, ABŞ Dövlət Departamenti belə bir durumda öz vətəndaşlarına Ermənistanla bağlı xəbərdarlıq elan edib və onları şərti sərhədlərə yaxın bölgələrə getməməyə çağırıb. İstisna deyil ki, bu, bir kəşfiyyat məlumatıdır. Ermənistandakı beşinci kolonun təxribatlara əl atmaq iqtidarında olduğunu kimsə dana bilməz. 44 günlük müharibədən sonra əllərdəki minlərlə silahın günün birində bu təxribatlar, yaxud Paşinyanın devrilməsi üçün istifadə olunmayacağına da kimsə təminat verə bilməz. 2008-ci ildə hakimiyyətin qanla ötürülməsini həyata keçirmiş Sərkisyan-Köçəryan cütlüyü üçün bu kimi təxribatlar elə də çətin görünmür. Həm də əlləri qana batanların qandan qorxusu olmaz. Hakimiyyəti qəsb etməkdən ötrü hətta erməniləri də güdaza verməyə hazırdırlar. Onlar külli miqdarda sərvətlər toplamaqdan ötrü Qarabağda minlərlə gənc erməninin məhvinə bais olmadılarmı? Paşinyan onların “dabbaqda gönünə” bələddir.
Hakimiyyətdən devrildikdən sonra özünü “mələk” kimi təqdim edən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Paşinyan “Paşinyanın fikirlər uçuşu və həyasızlığı sərhəd tanımır”, yazırsa və Azərbaycanla sülh imzalamağa təşəbbüs göstərən baş nazirə nifrət püskürürsə, görün digər revanşistlər hansı mövqedədir. Nikol Paşinyan heç də “süddən çıxmış ağ qaşıq” deyil və onun sülh bəyanatları heç də həmişə səmimiyyətə əsaslanmayıb, ötən illərdə bu barədə çox yaxmışıq, demişik. Amma bu günlərdə o reallığa əsaslanır və hətta Qarabağ Ermənistandır. “Nöqtə” deməklə ciddi səhvə yol verdiyini, dolayısı ilə anlaqlı vəziyyətdə olmadığını söyləməklə fərqli tavr nümayiş etdirir.
Bəli, o, oğlu Aşotu “nümunə” kimi Qarabağa əsgərliyə yollamışdı, müharibənin başlamasına səbəbkardır, həmçinin Ruben Vardanyanın Paşinyanı Bakıda keçirilən Ədalət Məhkəməsinə çağırması da səbəbsiz sayıla bilməz. Amma hər şeyin öz vaxtı var, bütün bunlarla bağlı Dövlətimiz məqamında sözünü deyir və deyəcək. İndiki halda isə Əbu-Dabidə, daha sonra Vaşinqtonda əldə olunmuş razılaşmaların məntiqi sonluğa çatdırılması baxımından Paşinyanın Ermənistan rəhbərliyində olması nəinki Azərbaycana və Türkiyəyə, həmçinin erməni xalqının özünə də lazımdır. Revanşistlərin, yaxud Kremlin əlində oyuncaq olan qüvvələrin hakimiyyəti yenidən qəsb etməsi sülh işartılarını tamamilə söndürə və Ermənistanı fəlakətlərin dibinə yuvarlaya bilər, ermənilər bunu istəyirlərsə, radikalların arxasında düzlənsinlər! Azərbaycan və Türkiyənin itirəcəyi heç nə olmayacaq! Paşinyan etiraf edir ki, 1 il 7 aydır onun hərbçiləri güllədən ölmür. Bu, pisdirmi?! Ermənilər özləri qərar versinlər, bizdən xəbərdar etmək!
Nikol Paşinyan isə daha cəsarətli davranmalı, sülhün təməlində dayanan addımları maksimum sürətli şəkildə atmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqton razılaşmasından sonra “Hesab edirəm ki, vaxt itirmək lazım deyil. Bir halda ki, artıq Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”, bəyanatını vermişdi. Göründüyü kimi, seçkiöncəsi Ermənistanı qarışdırmaq istəyən qüvvələrin səsi daha da ucadan eşidilməkdədir, Paşinyana meydan oxuyurlar, meydanda, parlamentdə, mətbuatda. Hətta Karapetyan həbsxanadan tərəfdarlarını idarə edir. Ermənistan rəhbərliyinin sülh bəyanatları ilə prosesi uzatması əlavə problemlər yarada bilər.
Dünyanın bir saylı ofisində əldə olunmuş razılaşmaların icrası istiqamətində addımlar atılmalıdır. Nikol Paşinyan Azərbaycan Prezidentinin ona verdiyi EV TAPŞIRIQLARININ icrasına başlamalıdır!
Dəfələrlə deyilib: Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayınca, sülh müqaviləsinin imzalanmasının mənası olmayacaq! Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun seçkidən sonraya saxlanması barədə açıqlama isə qaneedici sayıla bilməz. Paşinyan öncə referendumu elan etməli və öz xalqı ilə açıq danışmalıdır: kim Azərbaycana qarşı ərazi iddiasındadırsa, qoy konstitusiya düzəlişlərinin əleyhinə çıxsın və yazılsın orduya! Görək ondan sonra Ermənistanın fərari ordusuna bir nəfər qatılacaqmı?! Mümkün deyil, Yerablur qəbiristanlığında yer yoxdur artıq...Azərbaycana, o cümlədən qardaş Türkyəyə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan normal əməkdaşlığa necə ümid edə bilər? Bu, absurd görünür...Nə olsun ki, Paşinyan dildə ərazi bütövlüyümüzü tanıyır, sabah onu devirsələr, bəs onda?..
Həmçinin Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı əldə olunan razılaşmanın icrasına başlanılmalıdır! ABŞ-nin ayırdığı 145 milyonluq tranş artıq bu imkanı yaradır, hərəkətə keçilməlidir! Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın “Tramp Marşrutu Layihəsi”ni (TRIPP) müzakirə etmək üçün Vaşinqtona dəvət olunması, 145 milyon dollarlıq birinci tranşın layihələndirmə işləri və sərhəd infrastrukturunun qurulmasına yönəldiləcəyi barədə rəsmi açıqlama müəyyən ümidlər yaradır. Amma hər keçən gün həm də fürsətlərin qaçırılmasına səbəb ola bilər, Paşinyan “bir addım irəli, iki addım geri” siyasətinə son verməlidir. Başa düşməlidir ki, onu və ölkəsini xilas edəcək yol sülhə doğru inamlı addımlar atmasıdır...
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ