Onlayn ictimai-siyasi qəzet
Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Zəngəzur dəhlizi məsələsi Azərbaycan və Ermənistanın suveren qərarına aid olan bir mövzudur. “Rusiya Ermənistanla Azərbaycanın apardığı danışıqları hər cəhətdən dəstəkləyir,” – deyə Peskov vurğulayıb. Bununla da o, Rusiyanın Zəngəzur dəhlizi məsələsində neytral mövqedə olduğunu nümayiş etdirməyə çalışıb.
Əslində, Rusiya nə istərdi? Təbii ki, Zəngəzur dəhlizinə nəzarəti əlinə almaq. Necə ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyannamənin sonuncu bəndində yazılmışdı: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.
Amma üstündən 4 il 8 ay keçib, Ermənistan hələ də Zəngəzur dəhlizində daşı daş üstə qoymayıb. Hələ bu yaxınlarda bildirdilər ki, sülh müqaviləsi imzalandıqdan sonra İrəvan kommunikasiyaların açılması ilə bağlı addımlar atacaq. Yəni faktiki olaraq Rusiyanın moderatorluğu ilə imzalanan müqavilənin sonuncu bəndinə əməl olunmayıb, bu da avtomatik olaraq sənədin qüvvədən düşməsi anlamına gəlir. Xüsusilə də Azərbaycanın mülki təyyarəsinin xaincəsinə vurulmasından, üstəlik elə ötən ay Yekaterunburqda azərbaycanlıların qətlə yetirilməsindən sonra bizim nəinki Zəngəzur dəhlizində, ümumiyyətlə heç bir yerdə təhlükəsizliyimizi Rusiyaya həvalə etməyimiz mümkün görünmür. Çünki artıq inamımız itib, sarsılıb! Uşaqların, qadınların, ümumilikdə günahsız insanların, sərnişinlərin olduğu hava nəqliyyat vasitəsini raketlərlə vuran, üstəlik təyyarənin enməsinə imkan verməyən ölkəyə necə etibar edəsən?..Yeri gəlmişkən, bu gün Rusiyaya məxsus təyyarənin qəzaya uğraması nəticəsində 5-i uşaq olmaqla xeyli sərnişinlərin həlak olması xəbərini üzüntü ilə qarşıladıq. Çünki bu, insan faciəsidir, biganə qalmaq mümkün deyil. Bir az öncə məlumat yayıldı ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinə Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir:
“Hörmətli Vladimir Vladimiroviç,
Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.
Bu faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, həlak olanların yaxınlarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Böyük humanizm və alicənablıqla ünvanlanan başsağlığı məktubudur, həm də nümunədir. Faciəli hadisələri heç nəyə qarışdırmaq olmaz, yanaşmasıdır.
Rusiya isə təyyarəmiz vurularkən heç olmasa üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, Azərbaycana qarşı törədilən cinayətlərə görə tədbirlər görmədi. Özü də hətta təyyarəmizin kimin sifarişi ilə, kimin vurması da bəlli olduğu halda, cinayətkarlar məsuliyyətə cəlb edilmir.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla münasibətlərin normallaşması yollarından danışarkən deyib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan biri Rusiya jurnalistlərinin azad edilməsi ola bilər. O, münasibətlərin tezliklə normallaşacağına ümid etdiklərini vurğulayıb.
Problemin miqyasını kiçiltmək cəhdidir. Əvvəla, həmin o “jurnalist”lərin heç də jurnalist fəaliyyəti ilə məşğul olmadığı rəsmən bəyan edilib və istintaq davam edir. Hüquqi qiymət almalı olan məsələni siyasiləşdirməyə heç kəsin ixtiyarı yoxdur. Digər tərəfdən, Rusiya - Azərbaycan münasibətlərinə zərbə 25 dekabr 2024-cü ildə Qroznı səmasında vurulub, hansısa Rusiya vətəndaşının saxlanması faktı ilə yox. Münasibətlərin normallaşmasını sülhməramlı mövqe sahibi olan Azərbaycan dövləti hamıdan çox istəyir, amma rəsmi Bakını tələblərinə əməl olunması şərti ilə.
Prezident İlham Əliyev Xankəndidə keçirilən 3-cü Şuşa Qlobal Media Forumundakı çıxışında açıq-aydın mövqeyini bir daha bəyan etdi: “Təəssüflər olsun ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir. Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir”.
Bəli, təyyarəmizi vuran Rusiya öz günahlarını etiraf etməli, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir! Ondan sonra münasibətlərin normallaşmasından söhbət gedə bilər.
Kremlin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bir tərəfdən çıxılmazlığın əlaməti kimi görünür. Çünki Azərbaycan Prezidenti mövqeyini bəyan edib, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan regionuna sərbəst gediş-gəlişimiz təmin olunmalıdır! Yəni 43 km-lik məsafədə qarşımıza heç kəs çıxmamalıdır, nə erməni, nə də digərləri...Eyni zamanda Azərbaycan dövlətinin prinsipial mövqeyi bundan ibarətdir ki, sülh prosesi, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı məsələlər hər hansı üçüncü qüvvənin iştirakı olmadan, ikitərəfli formatda nəticələnməlidir. Necə ki, ötən il sərhədlərin dəqiqləşdirilməsinə məhz ikitərəfli formatda nail olundu, 4 kəndimizin azad edilməsi də Bakı və İrəvanın müzakirələri nəticəsində baş verdi. 12.7 km-lik sərhədi dəqiqləşdirə bildiksə, Zəngilan və Ordubadı birləşdirən dəhlizlə bağlı anlaşmanı da ikitərəfli formatda əldə edə bilərik. Kremldə anlayırlar ki, İlham Əliyevin iradəsinin qarşısına fərqli mövqe qoyulsa, Rusiyanın ziyanına olar. Yeri gəlmişkən, Azərbaycan Prezidenti “Qarabağ Azərbaycandır və nida işarəsi” tarixi bəyanatını prezident Putinin də iştirak etdiyi “Valday” Diskussiya Klubundakı çıxışı zamanı səsləndirmişdi. Həmçinin 44 günlük müharibə zamanı Rusiya bir neçə dəfə Azərbaycan ordusunun əks-hücum əməliyyatının dayandırılmasını xahiş etsə də, Azərbaycan Prezidenti Ermənistan torpaqları işğaldan azad etməklə bağlı konkret qrafik versin, dayanaq, cavabını verdi və sonda dediklərinə növbəti dəfə nail oldu. Bu mənada Rusiya rəhbərliyi də İlham Əliyevin necə qətiyyətli, iradəli və cəsarətli lider olduğunu yaxşı bilir, Zəngəzur dəhlizi ilə bağlı Kremlin mövqeyi bu mənada təsadüfi deyil.
Azərbaycan Prezidenti Xankəndidə, III Şuşa Qlobal Forumunun iştirakçıları qarşısında Ermənistana bu xəbərdarlığı təsadüfən etməmişdi: “Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşır... Təəssüf ki, son beş ildə Ermənistan tərəfində heç bir iş (Zəngəzur dəhlizi ilə bağlı – red.) aparılmayıb. Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşır. Əgər onlar bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, nəinki bu gün düşdüyü nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətində olacaqlar”.
Bu, həm də Ermənistanda maraqları olan Rusiyanı hərəkətə gətirən bəyanat oldu. Rusiya çox istəyir ki, sanksiyalara məruz qaldığı indiki məqamda Zəngəzur dəhlizi vasitəsilə çıxışı olsun, həmçinin Ermənistandakı hərbi bazasını dəmiryolu və avtomobillər vasitəsilə təmin etsin. Azərbaycan Prezidentinin ABŞ və ya digər ölkənin şirkəti ilə bağlı məlumatlara tutarlı reaksiyası Kremli də öz yerini bilməyə vadar edir. Həmin bəyanatın açması budur ki, heç kəsin olmasını istəmirik, özümüz də bacararıq.
Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da məhz Azərbaycanın mövqeyindən sonra ABŞ-ın Zəngəzur üzərindən Naxçıvana keçən nəqliyyat dəhlizi yaratmaq ideyasına münasibət bildirib.
Diplomat bu təşəbbüsün yenilik olmadığını və bu istiqamətdə ilk təklifi Rusiyanın verdiyini bildirib. “Amerikalıların irəli sürdüyü bu ideyada heç bir yenilik yoxdur. 2023-cü ildə Rusiya–Azərbaycan–Ermənistan üçtərəfli işçi qrupunun çərçivəsində biz demək olar ki, eyni marşrutu təklif etmişdik və nəqliyyat arteriyalarının açılmasına çox yaxın idik. Təəssüf ki, bu proses Qərbin və Ermənistan rəhbərliyinin dağıdıcı təsiri ilə dayandırıldı,” – deyə Zaxarova qeyd edib.
Maraqlısı budur ki, Zaxarova bunu Paşinyan Rusiyada olduğu saatlarda deyib...
Heç şübhəsiz ki, burada Azərbaycan Prezidentinin Xankəndidəki beynəlxalq tədbirdə elan etdiyi prinsipial mövqeyinin təsiri var. Çünki deyilənlər təkcə Ermənistana aid deyildi...Xatırlatmaq yerinə düşər, ötən ilin avqustunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəmizə etdiyi səfərdən on gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdi və telefon danışığı zamanı Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması barədə bağlı fikir mübadiləsi də aparılmışdı. Rusiya üçün Zəngəzur dəhlizi çox vacib olsa da, Ermənistana bununla bağlı hər hansı təzyiq etmədi ötən müddətdə...
Azərbaycan isə Zəngəzur dəhlizi ilə bağlı işləri sürətlə həyata keçirməkdədir. Türkiyə də bəyan edib ki, Qars-İğdır-Aralık-Sədərək dəmiryolu layihəsini inkişaf etdirmək üçün 2,4 milyard avro kredit alacaq. Layihənin maliyyələşdirilməsi ilə bağlı Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyi ilə Yaponiyanın MUFG Bankı arasında müqavilə imzalanıb. Qalır Ermənistan. Görək Rusiyanın baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyanla bugünki görüşdə Zəngəzur həqiqətləri barədə nəsə deyəcəkmi? Hər halda Rusiyanın bölgədə sülhə nə dərəcədə maraqlı olduğunu bilməkdən ötrü maraqlıdır. Ən azı Rusiya Altay görüşlərində “real Ermənistan” qurmağa çalışan Paşinyana xatırlada bilər ki, Zəngəzurun qərb hissəsi 1920-ci ilin noyabrında, məhz Moskvanın planı əsasında Azərbaycandan zorla qoparılaraq ermənilərə verilib, odur ki, dəhliz məsələsində çox da zilə çıxmasın, səsi də batar, “kadastr sənədi” olmayan ölkəsi də!
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ