İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəzirov müxalifəti həbsxanalara doldursaydı...

34 il əvvəl 20 Yanvar qırğınından yayınmaq olardımı?

...İndiki kimi quru soyuqların olduğu yanvar ayı idi. Yerdə qar yox idi, havadan yanıq qoxusu gəlirdi. Əynim nazik deyildi, amma getdiyim hər yerdə üşüdüyümü xatırlayıram. Tezliklə nə isə pis hadisələr olacağını gözləyirdin, amma bunun həm də qaçılmaz olduğunu dərk etdikcə adamın ruhu sarsılırdı, özünə bu boyda şəhərdə yer tapa bilmirdin. Heç zaman unutmayacağım 34 il əvvəlki yanvarı belə xatırlayıram. Bomboz. O səbəbdən 20 Yanvarın bir rəngi də bozdur.

Martyrs'_Lane_5.jpg (224 KB)

Bakının müxtəlif yerlərdə adamlar toplaşmışdı, mitinqlər də vardı, tonqal yandırılan yerlər də...

Sanki pis ruhları qovmaq, yaxına buraxmamaq üçün yandırılan mifik odlara bənzəyirdi. Bir tərəfdə də “qan-qan” deyən adamlar vardı, kimlər idi bilirsiniz...  

Universitetdə (BDU) ya 17-si, ya da 18-i sonuncu smestr imtahanını vermişdim, amma qış tətili üçün Şuşaya getmək əzab kimi görünürdü. Ağdam-Şuşa yolu bağlı idi, qatarla Ağdama gedib, oradan vertolyotla getməyə ümid vardı. 

Günortadan sonra daha şəhərdə qalmadım, evə qayıtmağa qərar verdim. “XI Qızıl Ordu” metrosundan çıxdım, illərlə getdiyim metrostansiyada evə tərəf istiqamətə çıxmadığımı gec fərq etdim. Daha geri keçidə qayıtmadım, yerin üstü ilə evə tərəf keçdim. Şər qarışırdı, heykəlin yanı ətrafında xeyli adam toplaşmışdı, burada ləngimədiyimi xatırlayıram.

as.JPG (41 KB)

Ağır addımlarla Alatavaya tərəf dikləndim, Vərəm Dispanserinin yanından adətim üzrə o tərəfə baxmadan yeyin addımlarla keçmək istədim, amma heç olmayan kimi gur işıqları məni saxlatdı. Sanki xəstələrin sayı artmışdı, xəstəxananın bütün mərtəbələrində işıqlar yanırdı, bir-iki adam hətta darvazanın qarşısında dayanmışdı, sanki şəhərdə nə baş verdiyini öyrənmək üçün yoldan keçənləri saxlayıb soruşmaq üçün boylanırdılar. Mənzərə ürəyimi daha da sıxdı, addımlarımı yeyinlətdim... 

Alatavada kirayə qaldığımız evdə bacımın narahat baxışları məni həyətdə yaxaladı. Ağızucu yəqin ki, şəhərdəki vəziyyətlə bağlı nəsə dedim. Evə girdim, bitkin olduğumu indi daha çox hiss etdim və üzərimdəkiləri çıxarıb çarpayının üstünə uzandım.

Televizorda yanlış xatırlamıramsa, hansısa hind filminin sonları gedirdi deyəsən. Gözümü tavana zillədim və gözlərimi yumdum...

20 (1).jpg (27 KB)

Yatdımmı, fikrəmi getdim bilmirəm, gözümü açanda televizor sönmüşdü. Durub toka taxdım, heç nə göstərmirdi. Xarab olanda, antenası çıxanda adətən belə “sboy” verərdi. Əyləncə tapmış kimi xeyli qurdaladım, amma heç nə göstərmədi. Bir azdan məlum oldu ki, həyətdə heç kimin televizoru göstərmir. Kimsə bir azdan köhnə radio gətirdi, atışma başlayanda xalqın küçələrə çıxması çağırışını da oradan eşitdim...   

Evdən çıxmağıma yalvar-yapışla imkan vermədilər, bizim ev tərəfdən atışma və güllə səsləri səhərədək susmadı. Hava işıqlaşanda küçəyə çıxdım. Küçələr bomboş idi, amma Salyan kazarması tərəfdən hələ də güllə səsləri gəlirdi. “Respublika xəstəxanası”nın yanından keçib üzüaşağı piyada ta “Beşmərtəbə”yə- “1001 xırdavat” dükanın yanına kimi birtəhər gəldim.

Ağlıma qoymuşdum ki, Bakı ilə əlaqələri kəsəcəklər, ona görə Şuşaya zəng edim, yaxşı olduğumuzu deyim. Rayonlar və şəhərlərarası danışıq məntəqəsinin yanında bir qadının ağladığnı xatırlayıram. Deyirdi ki, oğlu gecədən çıxıb qayıtmayıb, həm də ruhu xəstədir. Şəhərdə artıq tək-tək adamlar görünməyə başlamışdı, hamıdan soruşurdu, hamıdan kömək umurdu yazıq qadın. Bu, 20 Yanvar faciəsində ilk göz yaşları hesab oluna bilərdi...

4-mikrofon-1024x654 (1).jpg (141 KB)

Şuşaya zəngim qısa oldu. Bakıya ordu girdiyini, amma hamımız yaxşı olduğunu dedim, baxmayaraq ki, imtahanlarını hələ verib qurtarmayan və BDU-nun yataqxanasında qalan qardaşımdan (Hikmət Sabiroğlu) bərk narahat idim. Oradan birbaşa universitetə gəldim. 

BDU-nun qarşısında qardaşımı tapdım, rəngi qaralmışdı. Xırıltı səslə “camaatı qırdılar” dediyini indiki kimi xatırlayıram. Gecə nələr yaşadığını hələ çox sonralar biləcəkdim. Sonuncu imtahanı verdikdən sonra (yanvarın 21-də) qatarla Bakıdan çıxmağa razılaşdıq...

Bakı-Ağdam qatarında keçirdiyimiz gecə bir cəhənnəm kimi gəlib keçdi. Soyuq qatarla ağır əhval-ruhiyyədə Ağdama çatdıq. 

Ağdam artıq şəhidlərə ağlayırdı. Şuşaya gedə bilmədik, Muğanlıya-xalamgilə gedəsi olduq. Burda da yas vardı, hər yerdə ağlaşma, hər yerdə hüzn. 

Ağdam belə bir müsibəti bir də Xocalı qırğını baş verəndə yaşayacaqdı...

2O YANVAR (1).jpg (62 KB)

Yalnız bir neçə gün sonra eşitdik ki, neçə vaxtdır bağlı olan Ağdam-Şuşa yolu açılıb. Hərbçilərin müşahidəsi ilə Şuşaya çatdıq. Burda bir başqa yanvar bizi gözləyərdi. Hadisələrdən və bizdən bir neçə gün xəbər çıxmamasından keçirdiyi ağır stress bir neçə gün sonra atamı yatağa yıxdı. Atamızın yastığı başında qaldıq, Bakıya nə zaman qayıtdığımı nə qədər edirəmsə, xatırlamıram...

Qarabağ o yanvarda yaddan çıxmışdı, hakimiyyət davası başlamışdı. Bir neçə ay əvvəl məni “AXC üzvü” kimi qələmə vermək istəyən müəlliməyə “AXC də elə Vəzirovun bir tayıdır” demişdim qəzəblə...Heç birinə inam qalmamışdı...

İllər sonra Vəzirov deyəcəkdi ki, 18 yanvar 1990-cı ildə artıq 1-ci katib deyilmiş. Yəni Azərbaycanda hakimiyyət 19 yanvarda artıq sahibsiz qalmışdı.

VEZIROV (1).jpg (24 KB)

Vəzirov necə çıxmışdı o qarmaqarışıqda ölkədən, kim çıxarmışdı, bu sirləri özü ilə o dünyaya apardı. Amma onun qanlı hadisələrə aparan və hadisədən sonra dediyi iki “qanadlı fikir”i xatırlatmağın yeri var. Birincisi, Vəzirov müxalifətə özünün qorxaq münasibətinə izahatıdır. Deyibmiş ki, “Azərbaycanı düzəltmək üçün onları (müxalifəti) türmələrə doldurmaq lazımdır, amma bunu etmirəm”. İkincisi, 20 Yanvardan sonra təəccüblənərək, daha doğrusu ironiya ilə “bir müxalifətçi liderin burnun qanamaması” haqda dedikləri idi. İndi 34 il sonra düşünürsən ki, Vəzirov ona “işləməyə imkan verməyənləri” vaxtında həbsxanalara doldursaydı, 20 Yanvar qırğınından yayınmaq olardımı?  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Noyabr 2024

12 Noyabr 2024

17 Avqust 2024

27 Iyul 2024

21 Iyul 2024

30 Iyun 2024

21 Iyun 2024

16 Iyun 2024

14 Iyun 2024

08 Iyun 2024

28 May 2024

22 May 2024

19 May 2024

12 May 2024

10 May 2024

08 May 2024

03 May 2024

30 Aprel 2024

27 Aprel 2024

21 Aprel 2024

12 Aprel 2024

06 Aprel 2024

05 Aprel 2024

31 Mart 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024

23 Mart 2024

21 Mart 2024