Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Vaşinqtondakı “təxirəsalınmaz məsələləri” əsas gətirərək G7 sammitini tələsik tərk etməsindən sonra iyunun 24-də Haaqada başlayacaq ikigünlük NATO sammitində də yalnız bir neçə saat iştirak edəcəyi xəbəri yayılıb.
“Financial Times” bir neçə mənbəyə istinadən yaydığı məlumat ona görə diqqət çəkir ki, Tramp NATO-nun maliyyələşməsində ABŞ-ın yükünün azaldılmasında israr edir və bu məsələdə qərar vermək bir neçə saatlıq müzakirə ilə mümkün deyil.
Bu xəbərin fonunda daha diqqətçəkən kanadalı jurnalist Dina Blandellanın öz bloqunda yazdığıdır.
Haqqın.az yazır ki, Blandella bloqunda köməkçilərinə istinadən Trampın Kanadadakı G7 sammitini təcili tərk etməsinin səbəbini “fiziki və ruhi sağlamlığı ilə bağlı narahatlıqla” izah edib. Blandella Trampla bağlı geniş yayılmış “pampers bağlaması” iddialarına da işarə edib. Bildirilir ki, prezidentin səhhəti komandasını onun ictimai tədbirlərdə iştirakını məhdudlaşdırmağa məcbur edir.
79 yaşlı Trampın səhhətinin Rusiya-Ukrayna danışıqlarının dalana dirənməsi, bir həftədir başlayan İsrail-İran münaqişəsinin isə ən qızğın vaxtında gündəmə gəlməsi maraq doğurur.
Tramp iki sui-qəsd yaşadığı (birində ölümdən “bir tük fərqlə” qurtuldu) gərgin seçki kampaniyasının sonunda qalib gəldi. Amma Ağ Evə köçməmiş prezident yükünün altına girdi, rəsmi görəvə başladığı 20 yanvardan sonra da heç dincəlmədi, Ağ Evdə qəbullar keçirdi. O, seçki kampaniyası dövründə cəmi 3 il cavan olduğu Co Baydenə səhhəti ilə bağlı çox lağ etmişdi, vəzifəsinin icrasına başladıqdan sonra da demokratlara sanki necə işlək və sağlam biri olduğunu sübut etmək istəyirdi. Aprel ayında Trampın Ağ Evdəki həkimi illik müayinəsi haqda qeydində “fiziki sağlamlıq vəziyyəti əladır” rəyini yazmışdı. Həkim qeydində onun yalnız dərisində günəşdən “kiçik zədələr yarandığı” da vardı.
Amerika prezidentinin səhhətinin dünya üçün niyə önəmli olduğunu izah etməyə gərək yoxdur. O da həqiqətdir ki, ABŞ prezidenti postu beyninin yarısı işləməyən və bunu açıqlamalarında büruzə verən Baydenin dövründə çox gözdən düşdü. Tramp prezidentlik dövrünü başa vura bilsə, ABŞ tarixində ən yaşlı dövlət başçısı(83) olacaq. Əgər Trampın səhhəti ilə bağlı iddialar gerçəkdirsə, demokratlar bundan mütləq onun əleyhinə istifadə etməyə çalışacaqlar. Həm də indi elə bir həssas vəziyyətdir ki, Trampın istirahət götürməsi və ya uzun müddət görünməməsi müxtəlif söz-söhbətə səbəb olacaq.
Son olaraq Ağ Ev Trampın ABŞ-ın İrana zərbələr endir-endirməyəcəyi qərarı üçün iki həftəlik vaxt götürdüyünü, bunu Tehranla “danışıqlar ehtimalı” ilə izah edib. Bəs bu iki həftədə nə olacaq? İranın xarici işlər naziri İsrail ordusunun zərbələri davam etdikcə, Tehranın Vaşinqtonla masaya oturmayacağı bəyanatı nə olacaq? Belə anlaşılır ki, Tramp qərar verənədək İran və İsrail qarşılıqlı havadan hücumları davam etdirəcəklər?
Trampın sahibi olduğu “Truth Social” şəbəkəsində İranın nüvə proqramına görə...Barak Obamanı günahlandırması Azərbaycanda ara-sıra yada düşən “AXC hakimiyyətə gəlmişdi, gördük...” replikasını da bənzəyir. Obama çoxdan hakimiyyətə təsir imkanlarını itirib, amma İrana qarşı iyunun 13-də başlayan hərbi əməliyyatlarda Trampın “əli olmadığına” nə Qumdakı savadsız molla inanar, nə də elə o Obama. Bayden Qəzzadakı qırğınlara görə özünə bəhanə tapmışdı. O boyda dövlətin başçısı deyirdi ki, Netanyahu onun çağırışlarını eşitmir. Tramp isə dedi ki, İsrail əməliyyat haqda onlara yalnız xəbərdarlıq edib. Sonra isə bəlli oldu ki, bu boyda həngamə Amerika kəşfiyyatının iştirakı olmadan icra edilə bilməzdi. Üstəlik, Tramp hətta İranın dini liderinin öldürülməsinin qarşını da alıb...
Trampın səhhəti ilə bağlı nələrsə iddia etmək bizim biləcəyimiz iş deyil. Düşünmək üçün isə iki həftəlik müddət çoxdur. Trampın iki həftə istirahətə çəkilməsi mümkün deyil. İran “kaşa”sını, yəni aşını qaynadan həm də Trampdır. Bəlkə, Tramp Mario Pyuzonun “İntiqam soyuq yeyilən yeməkdir” məşhur deyiminə uyğun olaraq bu zamanı götürüb...
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ