Onlayn ictimai-siyasi qəzet
İstanbulda bu dəqiqələrdə, yəni şər qarışında başlayan Rusiya-Ukrayna danışıqlarında hansısa ciddi irəliləyiş olacağını gözləmək də olar, bu gözləntini sadəlövhlük adlandırmaq da. Ümumiyyətlə, Trampın 50 günlük zaman verməsindən sonra Putinin İstanbul danışıqlarına həvəslənməsi diqqət çəkir. Ötən dəfə də yazmışdıq ki, özündənrazı Kreml elitası üzə çox vurmasa da, ABŞ prezidentinin onlara “racon kəsməsindən” həm qıcıqlanıblar, həm də narahat olublar.
50 gün sentyabrın əvvəli, lap dəqiqi ayın 2-nə təsadüf edir. Bu müddət Rusiyanın yay hücumunun başa çatması ilə üst-üstə düşür. Tramp Putinə qarşı ritorikasını xeyli sərtləşdirib, Avropa İttifaqı da həvəslənərək 18-ci anti-Rusiya sanksiyasını qəbul edib. Diplomatik mənbələrdən sızan bilgi belədir ki, Tramp son telefon danışığında Putinə müharibəni bitirməklə bağlı son şans tanıyıb. Görünür, bu dəfə məsələnin ciddi olduğunu Putin də anlayır, ona görə Ərdoğanın İstanbulda danışıqların davam etdirilməsi təklifini gözləyirmiş kimi dərhal razılaşdı. Danışıqlardan fayda görmədiyini deyən Ukrayna tərəfi də İstanbulda masaya oturmağa tez razılaşdı, hətta Zelenski Umerovun rəhbəri olduğu heyətə yeni üzvlər də daxil etdi.
Ehtimal budur ki, Tramp Zelenskiyə Putini bu dəfə ciddi “sıxışdırdığı” barədə məlumat verib. İndi bu danışıqlar da Rusiyanın nəbzini yoxlamaqdır ki, hansısa kompromisə meyllidirlər, yoxsa yenə əvvəlki havadadırlar?
Ötən həftə ABŞ prezidentinin xüsusi nümayəndəsi Cozef Keyt Kelloq bir neçə gün Kiyevdə olub, Ukraynaya dəstək, silahların tədarükü və birgə istehsalı, Rusiyanı sülhə məcbur etmək variantlarını müzakirə edib. Vyetnam müharibəsi veteranı kimi Kelloq yaxşı bilir ki, Rusiya kimi totalitar imperiyalara yerini göstərməsən, bütün dünyada qeyri-sabitlik davam edəcək. Ukraynalılar yazırlar ki, Kelloq Kiyevdə olduğu müddətdə Rusiya paytaxta bir mərmi belə atmayıb. Onların yorumu budur ki, Putin ancaq Trampdan qorxur və Rusiyanı sülhə ancaq ABŞ vadar edə bilər.
Zelenski isə İstanbulda Putinlə görüşünün razılaşdırılmasında israr edir. Bu Ukraynanın çoxdankı tələbidir, amma bu dəfə ortada Trampın Rusiyaya hədəsi də var. Maraqlıdır ki, görüşdən əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri Medinski deyib ki, Ukrayna tərəfinin prezidentlərin görüşü haqda təklifini alıblar.
Məlumdur ki, bundan əvvəlki danışıqlarda tərəflər bir-birlərinə münaqişənin həlli ilə bağlı memorandum layihələri təqdim ediblər. Yəni İstanbulda danışıqların mövzusu memorandum layihəsi ilə bağlı tərəflərin mövqeyidir. Bu layihələr haqda geniş bilgi yoxdur, amma buna ehtiyac varmı? Rusiya ələ keçirə bilmədiyi, amma öz konstitusiyasında “qanuniləşdirdiyi” ərazilərin də boşaldılmasını istəyir. Ukraynanın isə ərazilərini güzəştə getmək niyyəti yoxdur.
Yeri gəlmişkən, son günlər Prezident İlham Əliyevin Xankəndidə Ukrayna ilə bağlı dedikləri Rusiyanın internet seqmentində narazı tonlarla müzakirə olunur. Halbuki bu Kremllə indiki münasibətlərə uyğun mövqe dəyişikliyi deyil. Prezident bundan əvvəl də belə bir fikir səsləndirmişdi, indi də “Ukrayna vətəndaşlarına məsləhətim – heç vaxt işğalla barışmayın” deyib. İndi biz bunu desək də, deməsək də, Kiyev 2022-ci ilin fevralından Rusiya ilə vuruşur. Xeyli ərazilər itiriblər, amma bu o demək deyil ki, biz deməsək, bu işğalla barışacaqlar. Rusiya da yaxşı fərqindədir ki, Xruşşov dövrü deyil, Ukrayna bu ərazi itkiləri ilə barışmayacaq və 5 il, lap 35 il sonra da ərazilərinin azad edilməsi üçün çalışacaqlar. Zamana və şəraitə uyğun olaraq...
İstanbul görüşü ərəfəsi Trampın Zelenskiyə qarabağlılar sayağı “qaqa, Moskvanı və Peterburqu niyə vurmursan?” soruşduğu haqda Britaniyanın “Financial Times” qəzetinin yazdığını Ağ Ev administrasiyası rəsmən təkzib etdi, amma mesaj hədəfə dəydi və ünvanına çatdı.
Nümayəndə heyətlərinin təmaslarının sabah da davam edəcəyi gözlənilir. Türkiyənin özünün yoğun gündəm mövzularına (xüsusilə Suriyadakı gərginlik) rəğmən sülh prosesinə töhfə verməyə davam edir. Danışıqlarda MİT başqanı İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan da iştirak edir.
İstanbulda şər qarışında danışıqlar başladı. Şər deməsən, xeyir də gəlməz. Daha 48 saat gözləyək...
Nazim SABİROĞLU,
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ