Onlayn ictimai-siyasi qəzet
Ukrayna müharibəsi uzandıqca, Rusiya özünə yeni-yeni “düşmən obrazları” yaratmaq kimi panik hisslərə qapılır. Rusiyada elə əhval yaranıb ki, sanki hansısa dövlətlər bütün problemlərini unudub, bağlı qapılar arxasında ancaq bu ölkənin əleyhinə planlar qururlar, hansısa birliklər yaradırlar. Bu, aşkar psixoloji pozuntu əlamətləri isə səbəbsiz aqressiyanı artırır. Buna gərək ki, tibb dilində “panik atak” deyirlər.
Bu əhval yalnız dövlət idarəçiliyinə deyil, əhaliyə də sirayət edir. Əhali də bu təbliğatın təsiri altına düşür. Onlar da “baxın, biz dünyanın ən qüdrətli dövlətiyik, ona görə hamı bizə qarşı çıxır...” düşüncəsinə qapılırlar. Ətrafda düşmən obrazları artırılır ki, “üç ildir davam edən müharibə niyə bitmir”, “niyə bu qədər ağır itkilər var” soruşan olmasın. Rusiya təbliğatı ona köklənib ki, guya kollektiv Qərb bu dövlətin çökdürülməsi üçün çalışır. Amma Moskvaya yaxşı bəllidir ki, kollektiv Qərb uydurmadır, bir çox dövlətlər ümumiyyətlə sanksiyalara qoşulmadı, Rusiyaya həm aşkardan, həm xəlvətdən hər cür dəstək veriblər və sairə. Rusiya maraqlıdır ki, “təklənmək” rəyi yaransın ki, ölkə daxilində mərkəzdənqaçma olmasın. Ona görə indi müharibə haqda həqiqəti deyənləri dərhal vətən xaini adı ilə damğalayırlar. Bu, Rusiyanın daxili işidir, istənilən dövlət öz siyasətini müəyyənləşdirməkdə azaddır. Amma Rusiya yenə də o gərgin psixoloji təsir altında elə düşünür ki, hamı onlar kimi düşünməli, onlara işləməlidir. Onlar ağlayanda ağlamalı, onlar güləndə gülməlidirlər.
Təsəvvür edin, Rusiyaya bu müharibədə ən ciddi dəstək verən Serbiya hakimiyyətinə belə, indi düşmən kimi baxmağa başlayıblar. Səbəb prezident Vuçiçin Kiyevə ilk dəfə səfər etməsidir. Bu xəbər yayılan kimi Rusiya mediası dünənədək dost dedikləri, sanksiyalara qoşulmayan Serbiya hakimiyyətini Ukraynaya silah satmaqda suçladı. İndi Belqrad küçələrində Vuçiçin əleyhinə olan aksiyaların yeni dalğasını da geniş işıqlandırırlar, guya serblərə canları yanır, əslində isə intiqam alırlar.
Eyni vəziyyət Azərbaycana münasibətdə də göründü. Dünənədək Bakını rusiyalı turistlər üçün ən təhlükəsiz şəhər hesab edən rəsmi təbliğat bir günün içində “Azərbaycana getməyin, zorakılığa məruz qala bilərsiniz” havasına girdi. Torpağımızı işğal altında saxlayan ermənilərin qardaş-bacıları Bakıda bu illər ərzində dinc yaşayıblar, ona görə Azərbaycana bu cür ləkə yapışmaz, bunu həm azərbaycanlı vətəndaşı olan ruslar da bilir, bu ölkəyə gələn qonaqlar da...
Dövlətlər arasında yaşanan son gərginliklər fonunda Rusiya mediası indi Azərbaycanın adını tez-tez Ukrayna ilə yanaşı çəkir.
Əvvəla, iddia edirlər ki, guya münasibətlərdəki gərginlikdən sonra Azərbaycanın elektron dövlət mediası da daxil “aqressiv rusların Ukraynanın dinc şəhərlərini necə bombalaması” haqda davamlı süjetlər verirlər. Bu yalan iddianı möhkəmlətmək üçün isə Yekaterinburqdakı hadisədən sonra Zelenskinin Bakıya başsağlığı zəngini və Ukraynanın Azərbaycandakı səfirinin Bakı ilə həmrəyliyini yada salırlar.
Bu iddialar ona görə yalandır ki, müharibə başlayandan bəri Azərbaycanın 90 faiz yazılı və elektron mediası Ukraynaya dəstək verib. Çünki təcavüzə məruz qalan Ukraynadır, Azərbaycan isə bu işğal siyasətindən 30 il əziyyət çəkib və başqa seçim etməsi də mümkün deyildi. Yəni, guya medianın indi Ukraynanın aşkar tərəfini tutması iddiası yalandır. Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü daima dəstəklədiyi Kremlə bəlli faktdır. İndi hakimiyyətin nəzarətində olduğu şübhə doğurmayan Teleqram kanallarında Azərbaycanın Rusiyaya qarşı addımlarının arxasında guya SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkətinin) Ukraynadakı biznesi ilə əlaqələndirməyə başlayıblar. Məsələn, “Gizli dəftərxana” (“Тайная канцелярия”) adlı Teleqram kanalı yazır ki, Azərbaycanın Ukraynada böyük biznes maraqları var. Belə ki, Rusiya Ukraynanı yanacaqla təmin edən limanlardakı terminallarına zərbələr endirməsi Bakının narazılığına səbəb olub. Ukraynanın “Legitimnıy” Teleqram kanalı isə bununla bağlı iddia edib ki, hələ 2017-ci ildə Odessa yükdaşıma kompleksi SOCAR-ın nəzarətinə keçib.
2020-ci ildə isə illik 1,3 milyon ton Azərbaycan neftinin tədarükü ilə bağlı razılaşmalar əldə olunub. Bu yaxınlarda isə Rusiya Kremençuq Neft Emalı Zavodunu (“Ukrtatnafta”) bombalayıb ki, bu da Bakıda narazılıq yarada bilərdi. Həmçinin SOCAR-ın Ukraynada milyardlarla mənfəət gətirən geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. “SOCAR Energy Ukraine”in 2020-ci ildə gəliri 489,4 milyon dollar təşkil edərək, onu Ukraynada ən böyük xarici vergi ödəyicisi edib. “SOCAR Ukraine Ticarət Evi” MMC isə Ukrayna taxılının ticarəti ilə məşğul olur, ƏDV isə Ukrayna tərəfindən ona qaytarılır.
Hətta mayda xarici işlər naziri Andriy Sıbiqanın Bakıya səfərində də “energetika mövzularının” müzakirə edildiyi deyilir. İddia var ki, Odessa vilayətində İlyiçevsk yük terminalının vurulması Bakıya xəbərdarlıqdır.
Azərbaycanın transmilli şirkəti olan SOCAR dünyanın bir sıra ölkələrində işləyir, amma o dövlətin daxili işlərinə qarışmır. Görünən odur ki, Rusiyanın bəzi dairələri Azərbaycana qarşı yanlış siyasəti ört-basdır etmək üçün bu cür yalan iddialar tirajlayırlar. Yalançılıq da xəstəlikdir axı...
Nazim SABİROĞLU
Musavat.com
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ