Onlayn ictimai-siyasi qəzet
İsrail-İran münaqişəsi yatırıldı. Bu, Donald Trampın ikinci hakimiyyəti dövründə ilk uğuru hesab oluna bilər. ABŞ-ın sözünün mötəbərliyi indi Trampa çox lazım idi, çünki Ukrayna-Rusiya müharibəsində bunu bacarmadı, onun atəşkəs təklifinə nə Putin, nə Zelenski qulaq asdı. İran da Amerikanın sözünə qulaq asan ölkə deyildi, Trampın da bu ölkəyə münasibəti birinci prezidentlik dönəmindən bəllidir. Amma İran Trampın çağırışına qulaq verib atəşkəsə razılaşmaq məcburiyyətində idi. Trampın “gördünüz, İranı necə yumşaltdım” deyib qürrələnməyə, bir qədəh viski içməyə haqqı var.
İsrail-İran savaşını başlamaq dünyada ən asan iş idi, iki bir-birinə düşmən dövləti vuruşdurmaq üçün bir kibrit çöpü yandırmaq kifayətdir, onu da etdilər. Bəlkə də bu plan daha sonraya məsələn, yayın sonu və payızın əvvəli üçün düşünülmüşdü, amma Trampın reytinqi gözləmirdi, endikcə-enirdi. Üstəlik, miqrantlarla bağlı qərarı Los-Ancelesdə qiyam çıxarmışdı. Hamısı İrana atılan raketlə yaddan çıxdı...
Donald Trampın hakimiyyətə gəlişindən sonra dünya diplomatiyasında ciddi geriləmə prosesi gedir. Məsələn, Ukraynanın ikinci Qlobal Sülh Sammiti hazırlıqlar vardı, indi heç kim onu daha xatırlamır. İstanbul danışıqları da heç bir nəticəyə gətirmədi, bundan sonra keçiriləcəyi sual altındadır. ABŞ-la Rusiya arasında danışıqlar da heç bir izahat verilmədin dayandırıldı. Demək olmaz ki, Tramp güc ritorikasına üstünlük verir. Amma diplomatiya da yoxdur. Preziden kimi dövlət katibinin səlahiyyətlərini tam mənimsəyib. Hər yerdə özünü önə verir, özünü gözə soxur...
Son onilliklərdə Amerika özünü çox xərcləyib, liderləri nüfuzdan düşüb. İllərlə Hollivud filmlərində yaratdıqları “ədalətli və nəhəng dövlət obrazı” qloballaşan dünyada darmadağın olub. Bunun ölkəiçi səbəbləri indi bizim tema deyil, zatən Trampın 4 illik aralıqdan sonra yenidən hakimiyyətə qayıtmasına sevinən amerikalıların ABŞ-ın beynəlxalq nüfuzu heç vecinə də deyil. Onları bahalaşan benzin, ərzaq, artan sosial problemlərin həlli düşündürür. Amerika vətənpərvərliyi sabun köpüyü kimidir. Trampdan da gözləntiləri budur ki, bacarıqlı menecer olaraq bundan əvvəlki prezidentliyi dövründəki kimi yeni iş yerləri açsın, amerikalı yaxşı dolansın.
Amerika dövlətinin fəlsəfəsində dünyanı təhlükələrdən xilas etmək missiyası olmayıb.
Ümumiyyətlə, “mənəm-mənəmlik” inkişaf nəzəriyyəsinə ziddir. Ağac başqa bir ağacın kölgəsində qalanda “etiraz edir”, boynunu bükür, ya da buna etiraz olaraq “özünü qurudur”, kökünü sudan kəsir. Amerikanın belə “qurutduğu” ölkələr olub, yanında boynubükük oldunsa, o boyunu sındırmayanədək əl çəkməz. Ona görə ABŞ dövlətinin həqiqi dostu yoxdur. Ondan qorxanlar var, ondan çəkinənlər var, ona hörmət edənlər var, amma dostu yoxdur. Bu dostluq əşhəddü vacib deyil, dövlətin bir sifəti olmur, çünki insan deyil.
Tramp bundan əvvəlki 4 illik prezidentlik müddəti bizim üçün uğurlu oldu, amma 2020-nin sonunda ABŞ onun ikinci dəfə prezident olmasına imkan vermədi. Tramp dedi ki, seçkilər saxtalaşdırılıb, tərəfdarları da etiraza qalxdılar, iğtişaş törətdilər, hətta ölənlər də oldu. Hələ 2024 seçkilərinə bir neçə ay qalmış belə məlumatlar vardı ki, təkcə demokratlar deyil, mərkəzçilər və hətta bəzi mötədil respublikaçılar da Trampın seçkidə namizəd olmasını istəmirlər.
Birinci sui-qəsd Trampa xəbərdarlıq oldu. Öldürülsəydi, tərəfdarları ölkəni qarışdırmaq gücündə idilər, belə risklər var idi. Amerikada prezidentləri öldürüblər də, baş tutmayan sui-qəsdlər də olub. Trampı isə namizəd olaraq öldürməyə cəhd etmişdilər. Trampın yenidən seçilməsi həm də ona görə mümkün oldu ki, seçkini bu dəfə də uduzsaydı ölkəni vətəndaş müharibəsinə sürükləyəcəkdi. .
Trampın ilk prezidentliyi dönəmində bəzi məsuliyyətsiz davranışlarl ilə yadda qaldı, xüsusilə sosial şəbəkələrdə yazdıqları statuslarla. İndi də onun davranışlarında dəyişən çox şey yoxdur. ABŞ-ın Kəşfiyyat rəisini İrana görə yalançı çıxardı, dedi o heç nə bilmir. Belə bir şey hətta Afrikada da mümkün deyil.
“Mən Trampın xaosu yaratması ilə razılaşmıram”. Bunu İtaliyanın xanım baş naziri Meloni deyib. Onun fikrincə, dünyada xaos çox əvvəl başlayıb. Meloni düz deyir, çünki Avropa liderləri də bu xaosu körükləyənlər sırasındadır. Ona görə Trampla yaxşı anlaşmırlar. Çünki Tramp da onların əvəzinə xaos yaratmaq yarışına girib...
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ