Onlayn ictimai-siyasi qəzet
Yazacağım mövzu qəlizdir, amma günümüz üçün vacibdir. Bu mövzuda düşündüklərimi qısa, amma aydın tezisləri vurğulamağa çalışacağam, bəzi həqiqətləri isə bilmədiyimdən deyil, zamanı gəlmədiyi üçün yazmamaq məsləhətdir.
Azərbaycan-Rusiya gərginliyi oldu-olmadı müstəqillikdən üzü bəri bu sayaq ittihamları eşidirik: “Ayaz Mütəllibov Moskvaya işləyir”, “Rəhim Qazıyev Qraçovun (Rusiyanın müdafiə naziri idi-N.S) adamıdır”, “Elçibəy Türkiyəyə bağlıdır”, “Fərhad Əliyevi Amerika hakimiyyətə gətirmək istəyirdi”, “Eldar Mahmudov İsrailin kadrdır” və sairə. Bu yazdığım adlar indi yadıma düşənlərdir, ölkədə az-çox siyasi prosesləri izləyənlər davamını saya bilər.
Hər dəyişən hakimiyyət dövründə qulağımız belə iddialarla dolub ki, faktlarla təsdiq edilənlər də var, heç təsdiq olunmayan da. Demək olar ki, bütün hakimiyyətlər dövründə Azərbaycanda İranın təsir dairəsinə aid şəxslərin olması ittihamları da səslənib, lakin bu iddialar vəzifəli şəxslərə deyil, daha çox ayrı-ayrı tanınmış adamlara və ya partiya sədrlərinə aid edilib. Yəni nəzəri olaraq, son dövrlər bizim regionda da “modaya minən ”- İsrail istisna olmaqla adı çəkilən üç ölkə haqda bu cür iddiaların səslənməsi basa düşüləndir.
Rusiya, İran və Türkiyə Azərbaycanın qonşularıdır, bu regionda fəal siyasət yürüdən ölkələrdir. O səbəbdən Azərbaycanda özlərinə yaxın bildikləri siyasi çevrələr və ya şəxslərlə simsar əlaqələr qurması qanunsuz yollarla deyilsə- məsələn şantaj, təhdid və ya pulla ələ almaq-buna normal yanaşmaq olar. Zorakı üsullarla “öz admı etmək” cəhdləri daha çox İrana xas siyasətdir.
Müstəqillikdən üzü bəri Azərbaycandan sərhədi o tərəfə keçən neçə-neçə adamları Tehran bu cür zorakı yollarla ələ alması faktları var. O sırada məsələn, hətta tanınmış qələm adamlarının adlarına da rast gəlmək olar, ETAALAT ən ağlasığmaz kobud üsullarla onları “İranın adamı” etmək istəmişdilər. İranın Azərbaycana bütün mənada təsirləri, təsir agentləri yaratmaq cəhdləri bir elmi araşdırma mövzusu qədər genişdir. Amma dövlət baba bu pis niyyətli cəhdlərin qarşısının zaman-zaman alır, bu işdə axsamaq və ya “gözləmək” yoxdur...
“Rusiya və Türkiyənin adamları” isə fərqli-fərqli hadisələrdir. Azərbaycanda “Türkiyənin adamı” əvvəllər çox qısa bir müddətdə ittiham kimi səslənirdi, çünki dövlət yenicə ayağa dururdu, Rusiyadan qırılma ağrılı gedirdi, Türkiyənin də tez-tez dəyişən hökumətlərinin Azərbaycandakı maraqları stabil və qətiləşmiş deyildi. Ona görə hətta adları Azərbaycanda çevriliş cəhdinə də qarışa bilirdi. Amma dediyim kimi, kimisə “Türkiyəyə işləməkdə” ittiham etmək o qeyri-sabit Azərbaycan dönəmində belə “qara piar” kimi işlək deyildi. Əksinə, bir az prestij də vardı ki, filan partiyanın Türkiyə ilə əlaqələri möhkəmdir, filan partiya sədrini Ankaraya dəvət ediblər və sairə. İndi isə kiməsə “Türkiyəyə işləyir” demək gülməli səslənər. Çünki Türkiyə ilə qardaşlaşmış dövlətik, əlaqələrimiz ən yüksək səviyyədədir. Dövlət heç bir sahədə boşluq da verməz ki, kimsə Türkiyəyə yaxınlığına görə xüsusi imtiyaz qazansın. “Türkəm” deyən Türkiyənin yaxşılığını, güclənməsini istəyir, Azərbaycana da eyni münasibət qardaş dövlət səviyyəsində var.
İndi gəldik, zurnanın son dəliyinə-Rusiyaya. Bu gün saytlardan birində “Rusiyanın ifşa olunmuş beşinci kolonu” haqda dərc olunmuş adlar sırasında yeniləri də var. “Köhnələr” təəccübləndirmədi, məsələn, daha hakimiyyətdə olmayan Ramiz Mehdiyev, Elmar Məmmədyarov, Əbülfəs Qarayev və daha bir neçə sabiq. Yenilərə gəlincə, yazıda “rusiyayönlü şəbəkənin Azərbaycandakı daha bir üzvü - Azər Qasımov ifşa edildi” deyilir. Sabiq deputat Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib. Azər Qasımovla bağlı ittiham ciddidir, amma yeni deyil. O barədə mübhəm istefasından bəri danışılır. Mirbəşir isə yaddan çıxmış adam idi, son seçkidə yenidən namizəd olmadı və bunun səbəbi heç bilinmədi də.
“Rusiyaya işləmək” Azərbaycanda pis qarşılanır. Moskvada oxumaq, zəngin rus ədəbiyyatını bəyənmək, hətta idmanda Rusiya millisinə azarkeşlik etmək, rus musiqisinə qulaq asmaq ayrı, “Rusiyanın adamı” olmaq tam fərqli hadisədir...
Azərbaycanda zaman-zaman yuxarıda sadaladıqlarıma da “rusbaş” demək üçün əsas olur, amma bu mənasız ittihamlardır. Moskvanın hər hansı bir siyasi, iqtisadi, güc dairəsinə “ayı xidməti” göstərmək, yaşadığın və vətəndaşı olduğun ölkənin maraqlarının tapdamaq, dövlətin ayağının altını qazımaq, bir sözlə “Rusiyanın adamı” olmaq isə əsl xəyanətdir, Türkiyədə “Amerikanın adamı” olmaq kimidir.
“Azərbaycanın adamı” olaq...
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ