İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda Rusiya əleyhinə inqilab

Tezliklə dünyanın bütün diqqəti qonşumuz olan bu ölkəyə dikiləcək; Bələdiyyə seçkiləri günü “Bidzina İvanişvilinin hakimiyyətindən qurtulmaq” planı baş tutacaqmı?

Regionda həmişə siyasi həyatı “qaynar qazan” olan Gürcüstanda qəribə bir sakitlik hökm sürməkdədir. Gürcülər praqmatizmi sevirlər, Avropa İttifaqı ilə münasibətlərdəki gərginlik havasından dərhal çıxdılar, zatən bu təşkilatın qapısı arxasında hələ neçə il gözləyəcəkdilər, ona görə bu fasilə hər iki tərəfə sərfəli kimi görünür. Əgər deyilənlərə inansaq, “Gürcü Arzusu” son ilyarımda qanunları sərtləşdirməklə ölkəni Avropaya inteqrasiya xəttindən çox uzaqlaşdırıb.

Xüsusilə QHT-lərlə bağlı yasaqlar Qərbin mövqeyini bu qərib ölkədə xeyli zəiflədib. Kiçik bir dövlətdə demokratiya adı altında QHT-lər- yəni “inqilab yuvaları”nın əksəriyyəti ya bağlanıb, ya da fəaliyyəti iflic edilib. Trampın Ağ Evə qayıdışından sonra “qrantovşik”lərin ən böyük dəstəkçilərindən olan USAİD-in bağlanması “Gürcü Arzusu”nun işini bir az da asanlaşdırdı. İndi Qərbdən “rus qanunları” dediklərinə xüsusi müqavimət yoxdur. Bu mövzu artıq qapanmış kimi görünür və hakimiyyət yaxınlaşmaqda olan bələdiyyə seçkiləri ərəfəsi özünü narahat hiss etmir. Amma Qərb və müxalifət seçkilərdə cəmiyyətin fəallaşmasını Tiflis küçələrində yeni gərginliklər, hətta inqilab ssenariləri cızmağa həvəsləndirir.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkilərdə 14 partiyanın iştirakını təsdiqləyib. Bir çox müxalif partiya, o cümlədən sabiq prezident, məhbus Mixail Saakaşviliyə bağlı Vahid Milli Hərəkat Partiyası seçkiləri boykot edir. Mer seçilmək üçün etibarlı səslərin yarıdan çoxunu almaq, yerli məclislərə düşmək üçün partiyaların 4 faizlik baryeri keçməsi gərəkdir.

Seçki yarışında iştirak edən əsas müxalifət parlament seçkilərdə mandat qazansa da ondan imtina edən “Güclü Gürcüstan – Lelo” və “Qaxariya - Gürcüstan naminə" partiyalarıdır.

 

Mandatlarından imtina etmiş digər müxalifət partiyaları bələdiyyə seçkilərində iştirakı “hakimiyyətin seçki oyununda iştirak” sayır, amma oktyabrın 4-də hakimiyyətə sürprizlər vəd edirlər. Bələdiyyə seçkiləri günü, “dinc çevrilişlə Bidzina İvanişvilinin hakimiyyətindən qurtulmağı” planlaşdırırlar. Müxalifət bundan əvvəılki seçkilərində olduğu kimi dağınıqdır, ona görə hər birinin Gürcüstanın indiki hakimiyyətinə necə müqavimət göstərmək barədə müxtəlif strategiyaları və fərqli mövqeləri var. Amma yerli seçkilərdə iştirak edənlərində, boykotçularında ortaq bir cəhəti birləşdirir: Rusiyaya nifrət. Bu səbəbdən hakimiyyət də arxayındır ki, Gürcüstan ictimaiyyətinin mütləq əksəriyyəti Rusiya ilə qarşıdurma xəttinə tərəfdar olmadığ üçün nə küçə inqilabları olacaq, nə bələdiyyə seçkilərdə məğlubiyyət.

Yeri gəlmişkən, 2021-ci ildə yerli seçkilərində “Gürcü Arzusu” 64 şəhərin 63-də mer postuna sahib çıxıb, məclislərdə də üstünlük əldə edib.
Qərb son parlament seçkilərində cəhd etsə də, Gürcüstanda hakimiyyət dəyişikliyi, çeviriliş cəhdi alınmadı. Xüsusilə partiyalara çox da bağlılığı olmayan gənclərin xüsusi fəallıq etməsi inqilabi-romantika həvəsindən başqa bir şey deyildi, ona görə davamlı olsa da, nəticəsizlik tezliklə Tiflis küçələrində o romantikanı da bitirdir.

Bir neçə gündən sonra seçki kampaniyasının rəsmi startı veriləcək. “Rustaveli prospekti” müxalifət hərəkatı isə indidən bələdiyyə seçkiləri günü Gürcüstanda hazırkı hakimiyyəti devirməyə söz verib. “Rustaveli prospekti” müxalifət hərəkatının lideri və opera müğənnisi Paata Burçuladze söz verib ki, oktyabrın 4-də “rejim tərəfindən zəbt edilmiş ölkəni geri alacaq və xalq Gürcüstanın azad edilməsinə səs verəcək”.

Gürcüstan Rusiya ilə münasibətləri çoxlarının gözlədiyi kimi “U dönüşü” mərhələsində deyil, hələ də rəsmi diplomatik əlaqələr bərpa edilməyib.

Gürcüstanın Rusiya ilə münasibətlərində yeni mərhələ haqda ümidli danışmaq olardı. Bunu əvvəllər də yazmışam, Rusiya Gürcüstanın ərazi bütövlüyünə əvvəlki qəsd planlarında mütləq düzəliş etməli, ən azı bunun yollarını axtarmalıdır. “Gürcü Arzusu” liderləri də çıxışlarında əsas işlərinin ölkənin ərazi bütövlüyün bərpası olduğuna bəyan ediblər. Amma ortada yeni gəlişmə yoxdur, əksinə Rusiya işğal zonasında qondarma seçkilər keçirərək mövqelərini möhkəmlədib.

Həmişə o fikirdə olmuşam ki, Qərb Ukraynadan əvvəl Gürcüstanı Rusiyanın qurbanı etmək istəyirdi, o səbəbdən Saakaşvilini hazırlıqsız savaşa çəkdi, amma tezliklə onu da anladı ki, balaca ölkə təpədən-dırnağa silahlı Rusiya ilə müharibədə elə 5 gün davam gətirə bilər.

Gürcüstan öz yolu ilə getmək istəyir, ola bilsin ki, buna yanlış deyib, etiraz edənlər də olacaq, olmalıdır da, bu da təbiidir. Amma “Gürcü Arzusu” xalqın seçdiyi hökumətdir, bu seçilmiş hökumət isə təkcə İvanaşvilinin qərarlarını icra etmir, bu idarəetməyə və siyasətə tərəfdar olan gürcülər də az deyil.
Tezliklə dünyanın bütün diqqəti yenidən qonşumuz olan bu ölkəyə dikiləcək. Tramp hələ ki, Gürcüstanı unudub, heç adını belə çəkdiyini xatırlamıram. Tiflisdə dəngələr dəyişsə, bu, bütün regiona təsir edə bilər.

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR