Onlayn ictimai-siyasi qəzet
Azərbaycan adına daha bir tarixi hadisəyə şahidlik etməkdəyik. Yəqin Tanrının sevimli bəndələriyik ki, Qarabağ məğlubiyyətini yaşamış, ən müxtəlif paytaxtlardakı danışıqlarda alçaldıcı şərtlərlə “həll variantları” təklif edilmiş, hətta “tanklarla Bakıya gələcəkləri” ilə təhdid edilən xalqa bu şərəfli günləri görmək də nəsib oldu.
24 il öncənin aprelinin əvvəlinə (3–6), ABŞ-ın dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Prezident Heydər Əliyevlə Ermənistan rəhbəri Robert Köçəryanın Ki-Uest görüşünü, hətta hər şeyin arxada qaldığı bu günlərdə yenidən xatırlamaq adamı incidir.
2001-ci ilin 3 apreli. Şuşanın işğalının 9-cu ili tamamlanırdı, qara işğal təqvimləri millətdə hədsiz ruh düşkünlüyü yaratmışdı. Amerikada ilk belə görüş olacaqdı, bütün diqqətlər okeanın o tərəfinə yönəlmişdi. Beləliklə, bir çoxlarının sülh razılaşması üçün ən real fürsət olduğunu düşündüyü, danışıqlar prosesində yeni mərhələ kimi səciyyələndirdiyi Ki-Uest görüşü oldu.
Cəmiyyət sonradan bildi, amma məhz o görüşdə Qarabağın taleyini Ermənistanın xeyrinə həll etmək planı qurulubmuş. Bütün bu planın ağırlığı amerikalı həmsədr Kerri Kavanonun üzərinə yüklənmiş və Azərbaycana az qala zorla qəbul etdirmək istəyiblərmiş. Köçəryan bu görüş haqda yalanlarla dolu kitab yazıb – guya hansısa razılaşma olub, son anda Azərbaycan rəhbəri bundan imtina edib və sairə. Heydər Əliyevin Bakıya zəngi, oğlu İlham Əliyevlə məsləhətləşməsi mümkündür, amma Azərbaycan rəhbərinin guya razılaşmanı son anda imzalamaqdan imtina etməsi yalandır. Heydər Əliyev Kremlə işə gedəndə Köçəryan o vaxtkı Stepanakertdə axşam çaxır içib, qəpiklə qumar oynayırdı. Amma SSRİ-nin dağılması ilə tarix çarxı tərs dönmüş, bu səviyyəsiz küçə adamını düşmən ölkənin söz sahibi kimi onun qarşısına çıxarmışdı. Saysız-hesabsız belə görüşlər olmuşdu, 2001-ci ilin aprelində də bu dəfə məkan ABŞ, Florida ştatı idi.
O da həqiqətdir ki, bütün dünya sanki Azərbaycanın məğlub durumundan faydalanmaq üçün yarışırdı, Ki-Uest də o cəhdlərdən biri idi. “Soyuq müharibə” arxada qalmışdı, Rusiya Qərb dünyası, hətta demokratiyası ilə inteqrasiya sevdasında idi, ona görə Qarabağ probleminə xüsusi fərqli baxışları yox idi. Rusiya Azərbaycanı Ermənistanın şərtləri ilə tam əzmək də istəmirdi – əvvəla ortada Heydər Əliyev faktoru vardı, ikincisi, problemin konservləşdirilməsi, ya da daha uzanması Moskvanın maraqlarına uyğun idi. Fransa və ABŞ isə ölkələrindəki erməni lobbisinin maraqlarına xidmət edirdilər, ona görə Qarabağı ən müxtəlif planlar və təkliflər adı altında Azərbaycandan qoparmaq istəyirdilər. Dörd gün davam edən Ki-Uest görüşündə xüsusilə amerikalılar faktiki olaraq Qarabağın Laçınla birlikdə Ermənistana birləşdirilməsinə, ya da müstəqilliyə yaxın statusa razılaşmağımızı istəyirdilər.
Heydər Əliyev həmin Ki-Uest görüşündə demişdi ki, Cenevrədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, hətta Azərbaycan–Ermənistan sərhədində keçirilən görüşlərin heç bir faydası olmayıb. İzah da etmişdi ki, danışıqların gedişində Ermənistan tərəfi həmişə qeyri-konstruktiv mövqe tutur, çünki Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyindən üstün tərəfdir. Sonda da əlavə etmişdi ki, ermənilərin və dəstəkçilərinin niyyətlərindən xəbərdardır – Azərbaycanın ərazisinin bir hissəsini qoparıb Ermənistana birləşdirmək və ya Dağlıq Qarabağ üçün müstəqillik statusuna nail olmaq...
Heydər Əliyevin çıxışı zamanın acı reallığı idi. Bu reallığın dəyişdiyi xoşbəxtliyi görmək üçün 19 il zaman lazım oldu. Bizə meydan oxuyan erməninin arxasındakılar o qədər güclü idilər ki, hərdən ümidsizləşib bir daha torpaqlarımıza qayıda bilməyəcəyimizi dilimizə gətirməyə belə utanmırdıq. Nə yaxşı, bu günləri də gördük.
2025-ci il. Avqustun 7-si. Xankəndidə, Şuşada gənclərin xoşbəxt şəkillərinə baxıram, İsa bulağında su içməyə növbə var, şəhər insanlarla qaynayır. Avqustun 7-si, bu dəfə məkan ABŞ-dır. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gəlib. Dövlətimizin başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.
Son günlər Ağ Evdəki görüş haqda ən müxtəlif fərziyyələr var. Revanşist erməni mediası baş nazir Paşinyanı “ikinci kapitulyasiya sənədi imzalamağa gedib” kimi fikirlərlə yamanlayırlar. Köçəryan da nələrsə danışıb, Allah ona da etdiyi pisliklərə görə bu günləri görməklə cəza verdi. Ermənistan 24 il əvvəl Ki-Uestdə “zirvədə” idi, Köçəryan kameralara baxıb sırtıqca gülürdü, kater sürürdü. İndi Paşinyan Ermənistan adlı gəmini batmaqdan xilas etmək üçün Amerikadadır – həm də Azərbaycanın şərtləri altında...
Bu gecə də, sabah da, o biri gün də rahat yatmaq olar. Amerikada şərtləri Azərbaycan, Ali Baş Komandanı İlham Əliyev diktə edəcək.
Nazim SABİROĞLU,
Musavat.com
08 Avqust 2025
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ