Onlayn ictimai-siyasi qəzet
Zəmanəmizin ən fərasətli, ən qüdrətli, ən ecazkar (axırı “kar”la qurtaran neçə-neçə ünvanlar sahibi) ekstrasensi Zirəddin Rzayev yenə müdhiş proqnozlarla çıxış edib.
İndiyədək 3-4 dəfə onun proqnozlarından sonra yazılar yazmışam, sona qədər də yazmaq fikrindəyəm. Çünki adam dünyanın ən mənasız, ən adi, ən yalançı proqnozları ilə çıxış edir, sadəcə, statistikasını, monitorinqini aparan yoxdur. Bu deyir, durur qıraqda, adamlar da oxuyur, unudur, ta heç kim araşdırmır ki, onun dediklərinin nə qədəri doğruldu, nə qədəri doğrulmadı.
Görücümüz 3-4 il əvvəl Bakıda çox dəhşətli yanğın görmüşdü, bu məşhur holdinq diricə yanmalıydı. Heç nə olmadı. Xırda yanğınlar isə çox oldu. Ümumiyyətlə, istənilən gün Bakıda yanğın olur, bundan ötrü FHN-nin tərkibində xüsusi yanğınsöndürmə idarəsi var. Bircə gün yanğın olmayanda hamı o idarədə təəccüblənir ki, nə əcəb bu gün iş olmadı. Yəni meqapolislərdə yanğının olması yox, olmaması təəccüblü işdir. Bax, o yanğın olmayan günü proqnozlaşdırmaq çətindir.
İndi də jurnalist bu klinik psixoloq və ezoterikdən açıqlama istəyib, o da verib.
Yeri gəlmişkən, “klinik psixoloq” həkim deməkdir, ezoterik isə çox zırıltı şeydir, uzun bir izahatı var. Vikipediyada belə yazılır: “Ezoterizm (yunanca ezoterikos - daxili, batini) dini, fəlsəfi, yaxud da hər hansı digər təlimlərin batini doktrinalarını özündə təcəssüm etdirən ümumiləşdirici addır”. Ta nə başa düşdünüzsə, halal xoşunuz olsun.
Bəli, bu tanınmış ezoterik gələn ayın 1-də ölkəmizdə keçirləcək parlament seçkisi ilə bağlı proqnoz verərkən deyib ki, bu anda gördüyü bir şey var – parlament seçkisindən sonra 2-3 il müddətində hansısa deputat ya dünyasını dəyişəcək, ya da xəstəxanaya düşəcək.
Rəhmətliyin oğlu, sən bizə hansı partiya seçki ikincisi olacaq, ondan danış. Hansı partiyanın qalib gələcəyini hamımız bilirik. Sən bizə de ki, müxalifətdən parlamentdə 8 adam seçiləcək, yoxsa 10 adam, bəlkə ümumiyyətlə, heç kim düşə bilməyəcək. Konkret adlar çək. Bax, seçkiləri boykot edən partiyaların fəalları hər gün belə proqnozlar yayırlar (sırf müxalif namizədlərin puçunu burmaq üçün), seçkidən sonra da skrin-şot edib yenidən paylaşacaqlar ki, bir buna baxın, bir də MSK-nın seçilənlərə dair yaydığı siyahıdakı adlara baxın, görürsünüzmü nə qədəri üst-üstə düşür. Proqnoz elə olar.
Yoxsa “seçkidən sonra 2-3 il müddətində hansısa deputat ya dünyasını dəyişəcək, ya da xəstəxanaya düşəcək”. Pah! Proqnozun möhtəşəmlyinə bax! Əlbəttə, yaşı 80-ə dirənmiş hansısa deputat dünyasını dəyişəcək. Zatən, yaşı 60-ı keçmiş deputatlar da hər il xəstəxanaya düşürlər. Son 30 ili götürək, elə seçki olubmu ki, seçilən deputatlar növbəti seçkiyə qədər tan heyətdə sağ-salamat qalsınlar. Olmayıb.
Bunlar rutin işlərdir. “Sabah səhər gün çıxacaq, axşam gün batacaq”, “Noyabrda yağış yağacaq”, “fevralda dağlara qar düşəcək”, “martda havalar isinməyə başlayacaq”, “iyulda havanın hərarəti pik nöqtəyə çatacaq” – əsl ekstrasensin proqnozları bu cür proqnozlardan fərqli olmalıdır. Sən bununla özünə ekstrasens deyə bilməzsən, üstəlik, ezoterik adamsan, dərin proqnozlar ver. Eləsini ver ki, biz bilmirik, sən bilirsən.
Məsələn, “bu il bir xalq artisti, bir xalq yazıçısı vəfat edəcək” proqnozunu əlində yaşı 90-ı adlamış artist və yazıçıların siyahısı olan istənilən adam daha dəqiq verə bilər.
Ezoterik-ekstrasens ona deyərəm ki, bu il ABŞ-də keçirilən seçkidə Donald Trampın yoxsa Kamala Harrisin qalib gələcəyini indidən desin. Özü də yek kəlməylə. “Elə olsa, belə olar”, “ola bilər”lə-filanla yox. Namizədin neçə fazi səs toplayacağını deməklə. Odur, ABŞ-nin özündə kahinliyi ilə ad çıxarmış biri deyir ki, Tramp seçilməyəcək. İndiyə qədər adamın verdiyi proqnozların hamısı doğrulub. Özü də o ezoterik deyil.
Zirəddinin verdiyi siyasi proqnoz isə bundan ibarətdir: “Deyirlər ki, seçkilərdən sonra kadr dəyişikliyi olacaq. Amma ciddi bir yenilik görmürəm”.
Yox, başqa seçkilərdən sonra nazirlərin, komitə sədrlərinin hamısı bircə-borcə dəyişdirilirdi, amma bu dəfə elə olmayacaq. Bunu 34 ildir biz də görə-görə gəlirik.
Amma neynirsən, 4-5 ölkədən adama sağlamlıq problemləri ilə müraciət edirlər. Gec evlənənlərlə, evdə qalan qızlarla bağlı müraciət edənlər də var. Bu da onun göstəricisidir ki, cəhalət baş alıb gedir. Belə olduqca, Zirəddin kimilərə də ehtiyac olacaq. Onlar da ildə dörd dəfə çıxıb nə “gördükləri” və nə “görmədikləri” barədə danışacaqlar.
Əlimi ezoterizm haqqında yazılan kitablara basıb and içərəm ki, onlar heç nə görmürlər, hətta adi hər şeylə maraqlanan adamlar qədər görücülükləri yoxdur.
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ