Onlayn ictimai-siyasi qəzet
Son bir ildə nə qədər taksidən istifadə etmişəmsə, sözün düzü sürücülərin hamısından razı qalmışam. Hamısı mərifətli və söhbətcil adamlar olublar. Heç biri iki universitet qurtarmamışdı və başqa biznes yiyələri deyildi. Hərçənd ikisi siyasəti politoloqlar qədər bilirdi.
Sürücülərin maşınları da o vaxtkı standartlara uyğun idi. Amma yeni standartları götürsək, onlar daha taksi fəaliyyəti göstərə bilməyəcəklər. Çünki Nazirlər Kabinetinin sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri həddən artıq çoxdur, düz 9442 işarədir (probelsiz). Bu da bir qəzet səhifəsi deməkdir – ortasında taksi şəkli olmaqla.
Müasir taksi sürücüləri nəinki bu tələblərə riayət etməyəcəklər, heç o tələbləri oxuyub başa çıxa bilməyəcəklər. Evi tikilmişlər, bu qədər də tələb olar? Fikriniz nədir, istəyirsiniz ölkədə bir dənə də taksi qalmasın?
Zarafatsız, çətin olacaq. Bir dənə şüşə sındırmağa lazım olan uzun saplı çəkic problem deyil, onsuz da əksər taksilərin belə çəkicləri, beysbol bitaları, vintaçanları var. Düzdür, bu hacətlərin (Qarabağda – həjət) əsas təyinatı başqadır, yaman günün yarağıdır, amma lazım gəlsə, şüşə sındırmağa da yarayar.
Taksilərdə 4 kiloluq tutumu olan iki ədəd ilk tibbi yardım qutusunun qoyulması isə zırıltı işdir. Bu, təcili yardım maşınıdır, ambulansdır, nədir? Hələ o 4 kilo dava-dərmanı da vaxtında yeniləmək, üstəlik, günəşdən qorumaq lazımdır. Həm də avtomobilin 4 tərəfinin şüşəsi aydın olmalıdır, içəriyə gün düşməməlidir. Necə olacaq bu?
İki ədəd odsöndürən cihaza aid tələb haqlı ola bilər. Biri bəs etmir. Hətta bəzən maşınlar elə yanır, onları yekə yanğınsöndürən maşınlar söndürə bilmir.
Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rənginin ağ olması tələbi söyüş popurrisi yaradacaq tipdəndir. Düzdür, adam gözünü yumub deyə bilər ki, qoy qara və digər rənglərdə maşınlarla taksi xidməti göstərən “xalturşiklər” (bu söz də “yefreytor” və “kvartirant” kimi əla səslənir) zəhmət çəksinlər, gedib ağ maşın alsınlar. Ancaq hazırda taksi xidməti göstərən maşınların 95 faizi ağ rəngdə olmadığı üçün bu, iş çətin olacaq. Gərək qaramaşınlılar öz nəqliyyat vasitələriniı taksi sürmək niyyəti olmayan ağmaşınlılarla başabaş dəyişsinlər, amma onda da onlar kəmfürsətlik edəcək, eyni markadan olan köhnə ağ maşını ili təzə olan qara maşınla dəyişmək üçün üstündə bir ətək pul istəyəcəklər. Bu, el qaydasıdır. Bunsuz olmaz. Beləcə, ağmaşınlılar-qaramaşınlılar intriqası başlayacaq.
Elə şəhər daxilində taksi xidməti göstərən avtonəqliyyat vasitələrinin qırmızı rəngdə olması tələbi də o xanədəndir. Nəinki ölkədə, bəlkə də postsovet məkanında o qədər qırmızı maşın yoxdur. Çünki sin 30 ildə (ondan qabaq əlac və seçim variantı yox idi) belə bir trend yaranıb ki, qırmızı maşınlar qadınlar üçündür, ona görə də kişilər adətən qara, göy, gümüşü maşınlar alırlar. Kim nə bilsin ki, gün gələcək, şəhər daxilində yalnız qırmızı maşınların taksi olmasına icazə verəcəklər? Adi bir misal: paytaxtda taksi kimi istifadə edilən 5 min “Prius” varsa, 4 980-i başqa rəngdədir.
Yuxarıda dediyim kimi, tələblər çoxdur və hamısı haqqında nəsə yazmaq mümkün deyil. Beynəlxalq standartlara görə, görünür, belə olmalıdır. Biz Avropa ilə uyğunlaşmalıyıq. Yoxsa, yaxın gələcəkdə bəzi Asiya ölkələrindəki kimi rikşa və ya “tuk-tuk” adlandırılan taksilər minəcəkdik (hərçənd onlar çox funksionaldır).
Məncə, texniki tələblərlə yanaşı, digər tələblər də olmalı və vaxtaşırı arıtırllmalıdır. Məsələn, tələb qoymaq olar ki, taksi sürücüləri soğan-sarımsaq yeməsinlər, maşınlarında “Kristian Dior” parfümü gəzdirsinlər və hər saatdan bir ətirlənsinlər.
Daha bir tələb o olmalıdır ki, sürücülər danışmasınlar (yaxşı olar ki, ümumiyyətlə, lal-kar olsunlar). Sərnişinə ünvan dəqiqləşdirmə məqsədi daşımayan suallar verən sürücü dərhal inzibati məsuliyyətə cəlb edilməlidir.
Saqqal məsələsi inanca-filana bağlı olduğundan ona aid tələblər irəli sürmək düz çıxmaz. Tərs kimi, paytaxt sürücülərinin 90 faizindən çoxu saqqalıdır. Hərdən adama elə gəlir ki, saqqal saxlamaq və siqaret çəkmək sırf taksi sürücülərinə xas işlərdir.
Ancaq taksiçilərin ağ köynək-qara qalstuk və ya göy köynək-qırmızı qalstuk geymələrini şərt kimi irəli sürmək olar. Hər gün təzə corab geymələri də o cümlədən. Yoxsa bəzi burnu həssas adamlar var, taksinin salonundakı hər iyi alırlar və ürəkləri götürmür.
Bir müddətdən sonra kimlərin taksidən istifadə edə bilməməsinə dair tələblər də hazırlamaq lazımdır. Qoy aşağı kastanın adamlarına taksiyə minmək imkanı verilməsin. Şudra nədir, taksi nədir? Gedib avtobusa doluşsunlar. Şəhəri basırıq edirlər Allah qırmışlar.
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ