İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sarı xəbər"lərin qırmızılığı: "Poz verənlər", "1 milyona yeməyə çıxanlar", "bir araya gələnlər"

Son bir neçə həftədə tələsmədən, Xumar demişkən, “yavaş-yavaş, hər gün bir az” monitorinq aparmışam, görüm, ciddi saytlarda nə qədər “sarı xəbər” gedir.

O biri saytlar, yəni sırf “sarı xəbərlər” yaymaq üzrə ixtisaslaşan saytlar heç, bu, onlar üçün adi haldır, amma məni maraqlandıran əsasən ictimai-siyasi xəbərlər, analitik yazılar, aktual məsələlərə dair köşələr verən saytların nə dərəcədə “saralmasıydı”.

Məlim olur ki, izlədiyim saytların “repertuarında” o cür xəbərlər heç 10 faiz də təşkil etmir. Yəni bu saytlar gün ərzində 150-200 xəbər, yazı, material verirlər, onların yalnız 7-8-i, bəzən də 10-15- sarımtıl olur, yerdə qalanı ağ, qara-qura, sanballı hissəsi isə qan-qırmızı (başlığının rənginə və içində “qırmızı xətt” söhbəti olduğuna görə) materiallardan ibarətdir.

İntəhası, nəyə görəsə qədirbilən oxucular tez-tez gileylənirlər ki, media xarala atılmış alma kimi sarala-sarala gedir.

Hərçənd müəyyən mənada ciddi yazılar oxumaq istəyən oxuculara haqq vermək olar. Görünür, onlar “sarı xəbər”lərin kəmiyyətini yox, keyfiyyətini, Əli Kərimlinin sözü olmasın, ictimai-siyasi əhəmiyyət kəsb edib-etməməsini nəzərdə tuturlar.

Gerçəkdən, indi ciddi mediamızdan iqtibas edəcəyim xəbər başlıqlarına baxın, görün, nə dərəcədə əhəmiyyətlidir.

1. “Türkiyədə yaşayan azərbaycanlı aktrisa çimərlik geyimində POZ VERDİ – FOTOLAR”. Söz yox, oxunaqlı xəbərdir, oxucu çay gəlməmiş çırmanan, yay gəlməmiş qızmağa başlayan və POZ VERƏN aktrisanın çimərlik geyimin hansı brenddən olduğunu öyrənmək üçün mütləq o xəbəri oxuyacaq.

2. “Safuranın əri ilə Dohadakı Ramazan TƏTİLİ – FOTO/VİDEO”. Bu, bir az intim söhbətdir. Əslində gənc ər-arvadın Dohada və ya Aydahoda tətil etməsinin özlərindən başqa heç kim üçün isti-soyuğu və əhəmiyyəti olmamalıdır.

3. “Natiq Şirinovun qızı toyunda oxudu – VİDEO”. Atalar deyib ki, bəy öz toyunda oynasa, ucuzluq olar (dükan-bazardakı ucuzluq nəzərdə tutulmur, rus demişkən, “deşovkalıq” nəzərdə tutulur), amma indiki bəy və gəlinlərin öz toylarında qabiliyyətləri çatdığı qədər oxumaları şənliyə rəng qatır. Ciddi xəbərdir, xalqa örnəkdir.

4. “O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım – Xatun”. Bu, “sarı xəbər”dən çox sosial səciyyəli xəbərdir, oxucu yəqin ki, “o pul”un qaynağını öyrənmək istəyəcək.

5. “Burakın Fahriye və oğulları ilə səmimi – Fotoları”. Ortada iki məşhur artistin adı və “səmimi fotolar” varsa, demək, xəbərin ictimai-siyasi əhəməyyəti də var.

6. “Onunla yemək yeməyin saatı 1 milyon lirədir”. Söhbət məşhur aktrisa Məryəm Üzərlidən gedir. Yüz faiz elə oğlanlar tapılacaq ki, 1 milyon lirəsindən keçəcək, Məryəm Üzərliyə deyəcək, oturaq qabaq-qənşər, bir qısmat çörək yeyək. Ziyafət zamanı, əlbəttə, foto və video da çəkiləcək. Sonradan “səxavətli oğlan” o görüntüləri dostlarına göstərib deyəcək: “Tanıdız bunu? Hürrəm sultandır. Qaqanız onu bir dəfə restorana aparmışdı...”. Daha sonra mənalı susqunluq.

Mövzunu bilməyənlər düşünəcəklər ki, həə, restorandan sonra da otelə gediblər. Bax, dostlarının bu cür düşünməsi “səxavətli oğlan”a bəsdir. Ona qalsa, o vaxt müğənni Hadisə Bakıya oxumağa gələndə bizim “səxavətli oğlanlar”dan biri ona restoran-otel görüşməsi üçün bir ayının pulunu təklif etmişdi. Amma yalan-gerçək, deyirlər, Hadisə tutduq verməyib.

7. “Ronaldonun sevgilisi dəniz sahilindən fotolarını paylaşdı –FOTOLAR”. Dəniz sahilindən paylaşılan fotolar həmişə maraqlı və romantik olur.

8. “Serenayın dərin sinə dekoltesi müzakirə yaratdı – Fotolar”. Əlbəttə, bu müzakirəlik məsələdir. Bu saat dünyada ciddi müzakirəyə səbəb olan üç mövzu var: İsrail-Qəzza savaşı, Rusiya-Ukrayna müharibəsi və Serenayın dekoltesi.

9. “Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada – Fotolar”. Bu da yuxarıdakı kateqoriyaya aid xəbərdir. Makron və Şoltsdur, Blinken və Stoltenberqdir, bir də Aygünlə Zülfiyyədir, bunlar bir araya gələndə mütləq ictimaiyyət bundan xəbər tutmalıdır. Hətta tərəflər belə görüşlərin axırında brifinq də keçirirlər. Yalnız xanım Xanbabayeva və xanım Kazımova nəyə görəsə nə danışdıqları barədə xalqa geniş informasiya vermirlər.

Camaat da deyir, belə xəbərlər ciddi medianı saraldır. Eybi yox, saralan xəbər olsun, qanımızı qaraltmayaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024