Onlayn ictimai-siyasi qəzet
“Bazar ertəsi ağır gündür” məşhur misalını nəzərə alsaq, Vaşinqtonda da gözlənilən 18 avqust Tramp-Zelenski görüşü yalnız həftənin bu gününün ağırlığına görə deyil, artıq müasir dünya siyasi tarixinə “qara cümə” kimi düşmüş Alyaska sammitinin davamı hesab edildiyindən, bəri başdan ağır gün olaraq dəyərləndirilir. Bu günləri qaraya çevirən, ağır edən də ABŞ prezidenti Donald Trampdır, onun diktator, işğalçı Rusiya prezidenti Putin qarşısında acizliyidir. Amerika Birləşmiş Ştatları böyük, güclü dövlət olduğu üçün, onun prezidentindən də dövlətinin adına layiq siyasət yürüdülməsini ummaq təbiidir. Əlbəttə, Rusiya, İran, Çin, Şimali Koreya kimi dövlətlər Trampın 7 aydır Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyindən razıdırlar, amma beynəlxalq hüquqa, ədalətə inanan dünyanın böyük hissəsi də Birləşmiş Ştatlar prezidentinin təcavüzkarın, işğalçının maraqlarına xidmət edən mövqeyini anlaya bilmir. “Rusiya güclüdür, Ukrayna isə zəifdir” fikrini tez-tez səsləndirən Amerika prezidenti sank dünyanın bilmədiyi bir sirri açır. Dünya bu reallığı bildiyindən Rusiyadan güclü Amerikaya üz tutub, deyir ki, bu aqressorun qarşısını al! Əks halda, guya eyni kökdən olan, provaslav qardaşı Ukraynadan sonra mütləq başqa ölkələri işğal etməyə qalxacaq. Zatən, bu yolda planlarını da gizlətmirlər. “Qoy, Ukrayna ilə işimizi bitirək, növbə...” . Nöqtələrin yerinə bütün postsovet respublikalarının adlarını yazmaq olar.
Atəşkəs ideyasından imtina edən Tramp, Putinin tələbi ilə birbaşa sülh müqaviləsini imzalamağı, hələ Vaşinqtona dönərkən təyyarədə Zelenskiyə bildirəndə yalnız Ukrayna prezidentini deyil, bütün Avropa liderlərini həyəcanlandırdı. Təhlükənin reallığını dərk edən Avropa liderlərinin Zelenski ilə bərabər Vaşinqtona gəlməsi Trampı Putinin tapşırıqlarını yerinə yetirməkdən çəkindirəcəkmi? Ukrayna prezidentinin də ayaqlarına qırmızı xalı səriləcəkmi? Səlahiyyətlərinin icrasına başladığı gündən Putin qarşısında acizlik nümayiş etdirən ABŞ prezidenti ( heyif sənə böyük dövlət) , yalnız Zelenski qarşısında özünü şir kimi təsəvvür edir. Avropalıların gəlişi məsələnin ciddiliyindən xəbər verir və Tramp üçün hələlik yeganə çəkindirici faktordur. Trampı əhatə edən həvəskar komanda üzvləri isə bir-birini təkzib edən açıqlamalar verib, dünya ictimaiyyətini çaşdırmaqla məşğuldurlar. Alyaskadan başlayan və bu gün də davam edən bu mənzərəni görmək ürəkbulandırıcıdır.
Alyaska görüşündən sonra ruslar ABŞ-a o qədər güvənirlər ki, dünən Zaporojye istiqamətində hücum edərkən zirehli maşınlarına Rusiya bayrağı ilə yanaşı ABŞ bayraqları da yapışdırılıb. Bu informasiyanı da Marqarita Simonyanın başçılıq etdiyi “Rossiya today” nəşri yayıb. Deməli, Rusiya artıq ABŞ-ni müttəfiq kimi tanıyıb və zirehli transpartyorlarına Rusiya və ABŞ bayraqları taxaraq Ukraynaya hücum edir. Ukrayna Prezident ofisinin rəhbəri Yermak bu məsələyə münasibət bildirkən baş verənləri “Trampın bütün absurdlarının məntiqi nəticəsi kimi” dəyərləndirib. Yermak:” Bunu necə başa düşmək lazımdır? Rusiya təbliğatçıları Rusiya və ABŞ bayraqları ilə rus texnikasının hücuma keçdiyi videonu nümayiş etdirirlər. Əslində, ruslar ABŞ-ın simvollarından mülki əhalinin qətli ilə öz terror, yırtıcı müharibəsində istifadə edirlər. Maksimum həyasızlıq".
Bu gün dünya haqsızlığın, ədalətsizliyin qalib gəlməsinin şahidi ola bilər. Vaşinqtonda Rusiya gücü, təcavüzü qarşısında başda ABŞ olmaqla dünya geri çəkiləcək. Ehtimal çox yüksəkdir. 22 avqustda Tramp üçlü görüş təşkil edib bunu rəsmləşdirməyi planlayır. Ukrayna torpaq itkisi ilə barışmağa məcbur edilir. Bu, yalnız Ukraynanın deyil, elə dünyanın məğlubiyyəti olacaq. Ukraynanın təhlükəsizliyinə dəqiq zəmanətin verilməsi isə şübhəlidir. Zamanında -1994-cü ildə də Budapeştdə belə bir zəmanət verilmişdi. Sonu məlum oldu.
Rusiyanı bundan sonra saxlamaq mümkün olacaqmı? Rusiya xarakterinə az-çox bələd olduğumuzdan, “yox” deyə bilərik. Ən pisi isə odur ki, Ukraynadan sonra Rusiya digər postsovet ölkələrinə, o cümlədən Azərbaycana, bütün Cənubi Qafqaza diş qıcayacaq. Bu gecə saatlarında Odessada SOCAR-a məxsus bazaların dağıdılması bu niyyətin əlamətlərindəndir.
Bəşəriyyət bu gün Mefistofelin qəhqəhə ilə qalib gəlməsinə şahidlik edə bilər. Təəssüf...
İlham İsmayıl, Xüsusi olaraq Musavat.com üçün
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ