Onlayn ictimai-siyasi qəzet
Bizim təyyarəni vurmazdan bir neçə ay əvvəl Kremlin təbliğatçısı Zaxar Prilepin “Özbəkistanı Rusiyaya birləşdirmək” barədə açıqlaması Moskva və Daşkənd arasında diplomatik gərginlik yaratmışdı. Prilepinə sui-qəsd cəhdi də olmuşdu, necə deyərlər, Kremldə “ulduzu” parlamağa başlamışdı. Adının qarşısında yazıçı, publisist, filoloq yazılsa da, Donbas müharibəsinin ən qatı təbliğatçılarından və ideoloqlarından biridir. Özbəkistanda ciddi etiraz doğuran bəyanatı da Prilepin Ukraynada döyüşən hərbçilərlə görüşdə səsləndirmişdi. Prilepin miqrantların Rusiyadakı davranışlarından şikayətlənmiş, “onlara rus dilini öyrətməzdən əvvəl gəldikləri dövlətləri Rusiyaya birləşdirməyin vacibliyini” demişdi, buna misal olaraq da Özbəkistanın adını çəkmişdi. Özbəkistanın sərt diplomatik etirazlarından sonra Rusiya XİN bunu Prilepinin “şəxsi fikri” adlandırdı və “dövlətin rəsmi mövqeyini əks etdirmədiyini” bəyan etdi.
Qazaxıstanla da Rusiya arasında gərginlik zaman-zaman gah artır, gah azalır. Bəllidir ki, prezident Tokayev Krımı və Donetsk-Luqansk “respublikalarını” Rusiyanın ərazisi kimi tanımaqdan imtina edib. Qazaxıstanın Qərb, Çin və xüsusilə Türkiyə ilə əlaqələrini genişləndirməsini həzm edə bilmir. Qazaxıstanın Türk Dövlətləri Təşkilatında fəal iştirakı da Rusiyanın “yuxusunu qaçıran” ciddi məsələdir. Qazaxıstan əhalisinin əhəmiyyətli hissəsini təşkil edən etnik ruslar əsasən Rusiya ilə həmsərhəd olan bölgələrdə yaşayır. Bəzi Prilepin kimi rus ziyalıları və siyasətçiləri həmin bölgələri “tarixi rus torpaqları” kimi təqdim edirlər. Bu isə Qazaxıstan üçün ciddi təhlükədir. Şimali Qazaxıstanla bağlı səsləndirilən “tarixi Rusiya torpaqları” ritorikası hər gün fitili çəkilə biləcək bomba effekti yaradır.
Azərbaycanla bağlı hazırkı gərginliyin səbəbi bəllidir, amma 7 aydır ki, Rusiya problemin daha da dərinləşməsinə cəhd edir. Rusiyada hər fürsətdə üzərimizə qısqırdılan Zatulin, Solovyov, Mixalkov kimi istilaçı düşüncəli çox politoloq, siyasətçi, ziyalı, deputat var. Təəssüf ki, Ukrayna müharibəsi uzandıqca, onların sayı zəhərli göbələklər kimi artmaqdadır. Tarixən Rusiya siyasətində və ziyalı təbəqəsində o fikir hakim olub ki, “biz hamıdan güclüyük, hamı bizə tabe olmalıdır” və sairə. Bu absurd və imperialist düşüncənin Rusiyaya ciddi ziyanları da olub və bunun altını həmişə çəkiblər. Putin hakimiyyətində isə yeni imperiya xəyalları az qala dövlət ideologiyasına çevrilib. Putin özü də dəfələrlə köks ötürərək SSRİ-nin dağılmasına təəssüfünü bildirib. Düzdür, dövlət səviyyəsində görüşlərdə neoimperialist arzular “bərabər hüquqlu tərəfdaş” kimi diplomatik cümlələrlə ört-basdır edilir. Elə həm də bu cür yanlış siyasətin nəticəsidir ki, Rusiyanın səmimiyyətinə, xüsusilə onun sərhədindəki dövlətlər həmişə ehtiyatla yanaşırlar. Əlləri daima tətikdədir ki, Rusiya ya qəfil hücum edə bilər, ya xəyanət...
Rusiya bir çox hallarda iddia edir ki, ölkənin imici, imperiya niyyətləri haqda mənfi rəyi guya Qərb dairələri yaradırlar. Buyurun, Mixalkov kimi biri Azərbaycan haqda bu qədər kin və nifrətlə danışırsa, Qərbin “Rusiya pisdir” təbliğatına ehtiyac qalırmı?
Putin haqda düşüncələrimi indiyədək çox yazmışam. Onun siyasətini ən azı 15 ildir sırf peşə baxımından diqqətlə izləyənlərdən biri də mənəm. Hətta olub ki, onun Ukrayna savaşına təhrik edildiyini də yazmışam. Bunlar bir kənara, Azərbaycanla münasibətdə Putinin korrekt davranışları diqqətdən qaçmayıb. Amma indi Putin siyasi cəhətdən yıpranıb. Bu təkcə Bakıya münasibətdə görünmür. Həm də doğulduğu 1952-ci il Şərq təqvimi ilə Əjdaha ilinə təsadüf edib. Siyasi karyerasının hansısa vaxtında bəlkə də həqiqətən də “ilinin adamı” olub. Bu qədər zəifləməyə də bilərdi, amma “görünən dağa bələdçi lazım deyil”. Ya da bələdçiləri Prilepin, Simonyan və Mixalkov kimiləri olanda hətta təcrübəli siyasət adamı da labirintdə azıb, yanlış yol seçə bilər...
Nazim SABİROĞLU
Musavat.com
21 Avqust 2025
20 Avqust 2025
16 Avqust 2025
15 Avqust 2025
08 Avqust 2025
06 Avqust 2025
30 Iyul 2025
29 Iyul 2025
27 Iyul 2025
26 Iyul 2025
25 Iyul 2025
23 Iyul 2025
18 Iyul 2025
16 Iyul 2025
11 Iyul 2025
10 Iyul 2025
05 Iyul 2025
03 Iyul 2025
29 Iyun 2025
26 Iyun 2025
25 Iyun 2025
24 Iyun 2025
22 Iyun 2025
20 Iyun 2025
19 Iyun 2025
14 Iyun 2025
11 Iyun 2025
08 Iyun 2025
24 May 2025
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ