İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus mujiki “paxmel”dən çıxan gün

Öz xalqına normal güzəran qura bilməyən hakimiyyətlər adətən narazı cəmiyyətin başını xarici düşmən obrazı ilə qatır. Bunun ən bariz və faciəvi nümunəsini günümüzdə bir daha görməkdəyik. Əsrlər dəyişsə də, imperiya hədəfləri dəyişməyən, işğalçılıq müharibələrində öz toplumuna daim ucuz “top əti” kimi baxan Rusiyadan söhbət gedir.

Sən demə, rus xalqına təhlükəsizlik və rifah içində həyat qurmağa qonşu Ukraynanın “nasist xalqı” da maneə imiş. Dünya bunlardan, bunların təcavüzkarlığından dad edir, onlardan çəkinir, onlarsa guya öz potensial qurbanlarından...

Putinin gəlişi ilə Rusiya tədricən böyür-başındakıların az qala, hamısını suçlu, borclu çıxarıb özünə. Bircə o, “Haqq mələyi”, “Xeyir mücəssəməsi” imiş. Əfsus ki, rus xalqı əsrlərdir eyni nağıla inanır. Nağıla inanan, qulaq asan varsa, demək, nağıl da olacaq. Beləcə, rus cəmiyyəti başqa xalqlardan oğurlanmış saysız təbii sərvərlərin üstündə otura-otura hələ də özünə normal güzəran qurmamasının tək səbəbini yenə də xaricdə, mifik düşmənlərdə axtarır.

“Beyinlərin yuyulması” da elə budur. Rusiyada bir-iki obyektiv jurnalist, KİV qalmışdı, onlar da artıq tərki-vətən oldular. Təzə qüvvəyə minən mürtəce qanunla avtomatik “ino-agent” yarlığı altına düşdükləri üçün fəaliyyətlərini dayandırdılar. “Dojd” telekanalı kimi, Aleksandr Nevzorov çaplı vicdanlı siyasi şərhçilər kimi...

KİV-ə total nəzarət isə əlbəttə, hakimiyyətin narazı cəmiyyətlə istəyi kimi manipulyasiya eləmək, hətta repressiyalar aparmaq üçün ideal şərait yaradır. 37-ci illər “qoxusu” verən bir durumda Putinin “kəsdiyi başa” kim “sorğu-sual” edə bilər ki? İllah da həmin baş(lar) rus xalqının xaricdəki “düşmənləri”inə bağlıdırsa.

Bəs bu düşmənlərin səfini kim, hansı meyarla müəyyən edir?

Əlbəttə ki, Putin, onun əl mediası, o sırada öz adını başqalarına qoyan faşist-avantüristlər, insanlıq düşməni solovyovlar, simonyanlar. Həmçinin Putinin sadiq dostu, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev, ümumən Putinin bir sözünü iki etməyə “duxu” çatmayan müti komandası!

Ən əcaibi odur ki, hakim komandanın müəyyənləşdirdiyi “düşmənlər siyahısı”na kimsə düzəliş, şəkk edə bilməz. Şübhələnəni o saat “xarici düşmənlə əlbirlik” damğası gözləyir. Şimali Koreyadakı rejimə nə qaldı ki. Bir azdan Kim Çen Inın özü yəqin Kremlə “təcrübə” toplamağa gələr...

D.Medvedyevdən söz düşmüşkən, bu adam 2008 (may)-2012-ci illərdə Rusiyanı prezidenti olub. Cəmi 4 illiyinə. Əgər buna prezidentlik demək mümkünsə. Hamı xatırlayır ki, həmin 4 ildə də Rusiyanı faktiki ovaxtkı baş nazir Putin idarə edib. 2008-in avqustunda Rusiyanın suveren Gürcüstana soxulub Abxaziya və Cənubi Osetiyanı ilhaq eləməsi də bilavasitə prezident Medvedyevin deyil, baş nazir Putinin qərarı əsasında reallaşmışdı.

Yəni, Medvedyev formal dövlət başçısı olub. Prezidentliyi hansısa parlaq müsbət işlə yadda qalmayıb. Prezident “işləyib”, prezident olmayıb. Putinin dalında gizlənərək, onun danışmanı, hətta maşası rolunda çıxış edib. İndiki kimi. İradəsiz Medvedyev yenə “qətiyyətli Putin”in kölgəsinə sığınıb. Çünki öz kölgəsi yoxdur. Yaxşı deyiblər, “quru ağacın kölgəsi olmaz”.

O səbəbə İQ-lə bağlı (intellekt əmsalı) Putinlə aradakı fərqi qismən “kompensasiya” eləmək üçün 4 aydır Dima Rusiyanın “amansız düşmənləri”ni Vovadan çox asıb-kəsir, hədələyir, o cümlədən nüvə silahı ilə.

“Məndən tez-tez soruşurlar ki, Telegramdakı statuslarım niyə çox sərt olur. Cavab verirəm: mən onlara nifrət edirəm. Onlar əclaf və yaramzdırlar. Onlar bizə, Rusiyaya ölüm arzulayırlar. Və nə qədər ki, mən sağam, əlimdən gələni edəcəyəm ki, onlar yox olsunlar”.

Aydın oldumu? Rus xalqına düşmən-zad lazım deyil. Özü-özünə bəsdir.

Yazıqlar olsun. Fəqət, olsunmu? Bu xalq özünə münasibətdə acımağı, rəhmi haqq edirmi? Axı yüz illərlə total xof və qorxu altında yaşayıb necə “təcrübə dovşanı”, “top əti” olmaq olar? Bəlkə elə bu səbəbə heç vaxt rus mujikinin ayıq vaxtı olmur. Bu toplum nəhayət, “paxmel”dən çıxıb dünyaya hamı kimi, normal gözlə baxacaqmı görəsən?

Nə olur-olsun, hər xalq öz rəhbərinə layiqdir!..

Zahid SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

19 Sentyabr 2024

13 Sentyabr 2024

09 Sentyabr 2024

30 Avqust 2024

05 Avqust 2024

30 Iyul 2024

19 Iyul 2024

26 Iyun 2024

22 Iyun 2024

19 Iyun 2024

12 Iyun 2024

11 Iyun 2024

03 Iyun 2024

01 Iyun 2024

29 May 2024

24 May 2024

21 May 2024

17 May 2024

08 May 2024

03 May 2024

27 Aprel 2024

23 Aprel 2024

18 Aprel 2024

13 Aprel 2024

09 Aprel 2024

05 Aprel 2024

03 Aprel 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024