Onlayn ictimai-siyasi qəzet
“Dəmir yumruq”dan sonra Ermənistan heç cür yeganə doğru yolu tapa bilmir. Hansı yol ki, ona təhlükəsiz inkişaf və rifah vəd edir. Bundan ötrü isə ermənilərin xəstə təfəkkürdən imtinası, əlindəkinə qane olması lazım. Əks halda, erməni toplumu fəlakət və rəzalət zolağından çıxa bilməyəcək.
İlk baxışda Nikol Paşinyan hakimiyyəti Azərbaycan Ordusunun yaratdığı yeni reallığı yaxşı dərk edir. Fəqət, atdığı addımlar heç də həmişə adekvat deyil. Ona görə ki, strateji məramı sonadək müsbət işarəli, xoş sayılmaz...
“Qarşı tərəf səlahiyyətlərini itirdiyi üçün “Ermənistan-Qarabağ parlamentlərarası komissiyası”nın buraxılması zəruridir. “Qarabağ rəsmiləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” ifadəsi artıq yoxdur”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün qanunverici orqanın iclasında bildirib.
“Fikrimcə, biz bu formatı ləğv etmək barədə çox ciddi düşünməliyik. Axı “Dağlıq Qarabağı” təmsil edən məmurlar artıq yoxdur. Ermənistanda başqa heç kimin belə statusu yoxdur”, - Simonyan vurğulayıb və əlavə edib ki, “qurum” hələ 2023-cü ilin sentyabrında özünü buraxıb.
Erməni beləcə, çaşıb arada sözün düzünü də söyləyir. Ancaq iki əsas qonşu – Azərbaycan və Türkiyə ilə barışıq və böyük sülh üçün bunlar kifayətmi?
Əsla. Çünki Alen Simonyan və onun “patronu” Nikol Paşinyan sentyabrın 2-də ilk dəfə olaraq, uydurma “dqr”in “müstəqillik günü” ilə bağlı heç bir “təbrik”-filan səsləndirməsələr də, Azərbaycanı qıcıqladıracaq heç nə söyləməsələr də, İrəvanda hələ də keçmiş xunta rejiminin nümayəndəliyi qalır.
Simonyan bildirir ki, “artıq Ermənistan parlamentində “Dağlıq Qarabağın” rəsmi nümayəndələri yoxdur”. Ancaq başqa ünvanda ofisləri ki, var. İnsafən, erməni spiker onu da vurğulayıb ki, “onlar (separatçılar – Z.S.) mütəmadi olaraq Qarabağ nümayəndəliyində görüşlər keçirir və özlərinin ləğv edilməsinə haqq qazandırmağa çalışırlar, biz bu binanın məqsədini yenidən nəzərdən keçirməliyik”.
Bəs neçə ildir nəyi gözləyirsiz? “A”dan sonra nə zaman “B” deyəcəksiniz?..
Yaxud ATƏT-in üzdəniraq Minsk Qrupunun rəsmən ləğvinə qarşı A.Simonyan daxil, Ermənistan rəhbərliyinin davam edən dirənişi. Deyirlər ki, ləğvlə bağlı Bakının müraciətinə sülh müqaviləsindən sonra baxıla bilər. Nədən məhz o vaxt? Axı Minsk Qrupu keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan qurum olub, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün yox!
Belə çıxır, erməni tərəfi “Qarabağ məsələsi”ni bitmiş saymır, “bəlkə də qaytardılar” (“bərpa etdilər”) ümidi ilə yaşayır. Elə revanşistlər də neçə vaxtdır səs-səsə verib eyni şeyi deyirlər ki, “artsax xalqı” beynəlxalq təminat altında geri qayıtmayınca Ermənistan MQ-nin rəsmi ləğvinə razılıq verməməlidir. Elə isə müharibə tərəfdarları ilə, radikallarla “mötədil” Paşinyan hökuməti arasında hansı fərq qaldı?..
Nəhayət, Azərbaycana və Türkiyəyə ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasını azı 3 il – 2027-dək dəyişməz saxlamaq cəhdi. Qonşuları ilə sülh istəyən ölkənin davranışı beləmi olur? Ermənistanın sürətlə silahlanması fonunda heyrətamiz astagəlliyin adı nədir? Əlbəttə ki, “qoltuqda daş gizlətmək” və ya xroniki “miatsum” xəstəliyini sağalmağa qoymamaq məramı. Ümumiyyətlə, cəmiyyət, toplum olaraq sağalmaq istəməmək!
Müxtəsəri budur ki, sözün əməldə davamı gəlməlidir. Həm də real və ciddi işlərlə. Bakı və Ankara bunu gözləyir. İrəvandan. Çoxdan. Zira, Azərbaycan və Türkiyəlik bir iş qalmayıb. Paşinyan komandası üzvlərinin sevimli ifadəsi ilə desək, “top” çoxdan Ermənistanın meydanında. Söz oyunu ilə baş qatmaq dövrü keçdi.
Təbii ki, Bakı və Ankara erməni yetkililərin quru vədinə inanacaq qədər sadəlövh deyil. Ermənini bizdən yaxşı kim tanıya bilər ki? Eyni zamanda, Azərbaycan və Türkiyə gözləməyi bacaran səbirli qonşulardır. Fəqət, həmin zamana, sülh müqavilələrinə qədər Ermənistan adlı simvolik dövlət dünyanın siyasi xəritəsində qalacaqmı? Məsələ budur və ən çox Ermənistanı, onun rəhbərliyini qayğılandırmalıdır. Nə qədər “sağ” deyib “solu” vurmaq olar?..
Xəritə demiş, türkoloq Varujan Qeqamyan yazır ki, Ermənistanın inkişafı ilə bağlı istənilən model və ya plan coğrafi reallıq nəzərə alınmadan natamam və səmərəsiz olacaq.
Qeqamyan bu xüsusda ABŞ-ın Türkiyədə səfiri Cek Fleykdən sitat gətirir: “ABŞ səfiri Ceff Fleyk bu yaxınlarda “Politico” jurnalına müsahibə verib və çox maraqlı və səmimi fikirlərini bölüşüb. Səfirin bir fikrini diqqətinizə çatdırmaq istərdim. Fleyk deyib: “Türkiyənin əvəzolunmaz tərəfdaş olduğunu bilən anlayışlı insanlar var. Dünya sülh mərhələsində olanda Türkiyə sırf coğrafi mövqeyinə görə mühüm mövqe tutur. Dünya qarışıqlıq içində olanda isə Türkiyənin əhəmiyyəti daha da artır”.
Qeqamyan ardınca qeyd edir ki, elmdə buna “coğrafi determinizm” deyilir: “Yəni coğrafiya siyasi və sosial inkişafı öncədən müəyyən edir. Coğrafiyaya önəm verməmək olmaz. Ona məhəl qoymayanda o, qisas alır. Kamal Atatürkdən tutmuş, Davudoğluna və Ərdoğana qədər Türkiyənin siyasi elitası öz coğrafi üstünlüklərini həmişə dərk edib. Ermənistanın inkişafı ilə bağlı istənilən model və ya plan coğrafi reallıq nəzərə alınmadan natamam və səmərəsiz olacaq. Xəritəyə bir dəfə baxmaq yetərlidir ki, əlavə təhlilə ehtiyac qalmasın, əsl problemin nədən ibarət olduğu və həll yollarının harada olduğu aydınlaşsın”...
Erməni publisist Arman Abovyanın sözləri isə Qeqamyanın fikrinin davamı sayıla bilər.
Sitat: “Ermənistanın qərbyönlü qüvvələrinin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendum keçirmək təklifi “avrosirk”dir. Arqumentlərdən biri odur ki, guya üzvlük üçün müraciətin özü Ermənistanın təhlükəsizliyinə töhfə verəcək, bizə hücum etməyəcəklər. Amma bu, həyasız yalandır. Avropa İttifaqı təhlükəsizlik yaradan tox, təhlükəsizlik istehlak edən qurumdur, onun çətiri isə NATO-dur - harda da ki, əsas “skripkalar”dan birini Türkiyə ifa edir. Bu barədə düşünməyə dəyər, xüsusən ona görə ki, Aİ-də heç kim Ermənistanı gözləmir”.
Odur ki, arada xəritəyə-zada baxın, cənab haylar. Xüsusən də Azərbaycanın yer aldığı Güney Qafqazın xəritəsinə... və tələsin. Ermənistan naminə Ermənistanda separatçıların kökünü kəsməyin zamanı çatıb.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ