Onlayn ictimai-siyasi qəzet
Erməni radikal-revanşistlərin iki qonşu xalqın barışığı əleyhinə istifadə etdiyi daha bir tezis-bəhanə Qərbi Azərbaycanla bağlıdır. Guya Bakı bununla Ermənistana ərazi iddiası olduğunu ortaya qoyub, o səbəbə onunla hər hansı yazılı sülh anlaşması mümkünsüzdür, delimitasiya və demarkasiya da dərhal dayandırılmalıdır.
Təəssüf ki, bu sərsəm ideyanı körükləyən təkcə erməni cəmiyyətindəki radikal ünsürlər, daşnaklar deyil, həm də Fransa daxil, xaricdəki havadarlardır. Qısası, bölgədə daimi sülhü, sakitliyi və əməkdaşlığı rədd edən, qalıcı düşmənçiliyi təbliğ edən şər qüvvələr, avantürist çevrələr.
Bir ara isə həm erməni mediasında və erməni rəsmilər tərəfindən, həm də Qərb KİV-lərində Azərbaycanın guya Ermənistana hücum edib Qərbi Zəngəzuru ələ keçirəcəyi barədə ard-arda materiallar, bəyanatlar dərc olunurdu. Oxşar fikirlər Avropa Birliyinin, ABŞ-ın “stəkanda fırtına” yaratmaq istəyən bəzi yetkililərinin dilindən səslənmişdi...
Halbuki rəsmi Bakı ən yüksək səviyyədə dəfələrlə bildirib ki, nə Ermənistana, nə də hər hansı digər ölkəyə heç bir ərazi iddiası yoxdur. Azərbaycan Ermənistan daxil, BMT üzvü olan bütün dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bunu Qarabağda separatçı hərəkat başlayandan bəyan edirik. Təbii ki, erməni işğalı dövründə və ondan sonra da zaman-zaman bəyan edilib.
44 günlük müharibədən sonra isə Azərbaycan üstəlik, öz ədalətli mövqeyini məlum 5 prinsip əsasında konkret sülh müqaviləsi şəklinə salmağı təklif edib. Başqa nə cür deyilməli, nə təklif olunmalı idi görəsən...
Ancaq Bakının beynəlxalq hüquqa hörmətdən və praqmatizmdən doğan bu yanaşması Ermənistan SSR-dən qovulmuş yüz minlərlə soydaşımızın öz yurd yerlərinə qayıtmaq haqqının danması anlamına gəlməz. Bunlar fərqli şeylər. Daha doğrusu, sırf bəşəri, təməl insan hüquqları problemi.
Necə ki, Azərbaycan Qarabağı könüllü tərk eləmiş ermənilərin geri dönüşünü də mümkün sayır. Bir şərtlə, onlar bayrağımızı və konstitusiyamızı tanısınlar, dövlətimizin himayəsinə sığınsınlar, nəinki axmaq arzuların əsiri olsunlar.
Eləcə də Bakı Ermənistana geri dönəcək azərbaycanlılara ayrıca dövlət qurmaq tələb etmir. Bu ağ yalandır. Yalnızca onların təhlükəsizliyinin, normal yaşayışının və öz identikliyini qoruyub saxlamasının təmin olunması. Vəssalam.
Yaxud “güzgü” prinsipi əsasında Azərbaycanda etnik ermənilər hansı status alacaqsa, soydaşlarımız da konkret ərazidə eyni statusa malik olmalıdır. 50:50-yə. Özünə rəva bilmədiyini gərək başqasına da görməyəsən...
Əfsus ki, “demokrat” Nikol Paşinyan bu xüsusda hələ də susur, azərbaycanlıların da öz tarixi torpaqlarına qayıtmaq haqqının olduğunu etiraf eləmir. Əksinə, utanmazcasına vaxtaşırı Qərbi Azərbaycan İcmasının guya Ermənistandan ərazi qoparmaq üçün yaradıldığını bildirir.
Reallıq isə əlbəttə, bambaşqadır. Nə barədə ki, dünən İlham Əliyev Xocalıdakı çıxışında bir daha qeyd edib. Kapitulyant ölkədə kifayət qədər revanşistlərin olduğunu xatırladan Prezident bildirib: “Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var”...
Problem də ondadır ki, öz konstitusiyasında Azərbaycan və Türkiyəyə konkret torpaq iddialarının yer aldığı (keçmiş DQMB və Türkiyənin 6 vilayəti – üst-üstə 190 min kv km-lik ərazi!) tək ölkə Ermənistan. Bundan danışın. Real Azərbaycanla “real Ermənistan”ın əsas fərqi bu.
Yəni “Ermənistan” adlı qondarma dövlət tarixi Türk torpaqlarında qurulsa da, biz müasir, mədəni millət olaraq, dinc-yanaşı yaşamağın hamı tərəfindən qəbul olunmuş qaydalarına sayğılı olmağa, beynəlxalq hüquqa söykənən reallıqları qəbullanmağa davam edirik. Ermənistan siyasi elitasının yadına isə beynəlxalq hüquq, ərazi bütövlüyü kimi anlayışlar işğal dönəmində deyil, məhz “Dəmir qapaz”dan sonra düşüb - saxta dövlətlərinin varlığına təhlükə yaranandan sonra!
Hərgah, təkrar edirik, Azərbaycan sarıdan belə təhdid yerli-dibli yoxdur. Yetər ki, erməni toplumu, İrəvan vaxt itirmədən “daşları” ətəyindən töksün, qonşulara qarşı axmaq iddialara və hikkələrə son qoyub Bakı və Ankara ilə sülh sazişləri imzalasın. Paşinyan iqtidarı ermənilərin ölüm-qalım məsələsi olan bu missiyanın öhdəsindən gəlib öz xalqının tarixində xilaskar kimi qala biləcəkmi?
İnanmaq istərdik...
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ