İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əsrə bərabər GÜN” və Xankəndidə 20 sentyabr DƏRSİ    

Günün möhtəşəmliyinə baxın: Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 20 sentyabr bundan sonra Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq. Xalqımızın əbədi bayram edəcəyi daha bir şərəfli tariximiz! Bu tarixi öz qanları, qanları ilə yazan şəhid və qazilərimizə, qüdrətli ordumuza borcluyuq, Ali Baş Komandana təşəkkür edirik!

Prezidentin daha bir Sərəncamı qürurlandırır: 20 sentyabr həm də Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü olaraq qeyd ediləcək! Xatırlayırıq, bir qərinəlik işğal dönəmində elə günlər olurdu ki, bir neçə dəhşətli hadisələrin, qara tarixin ildönümlərini hüzn içərisində qeyd edirdik, ürəyimiz ağrıya-ağrıya, gözlərimizin qara yaşı qəlbimizə axa-axa...Şükürlər olsun bu günlərimizə, 20 sentyabr bundan sonra 1994-cü ildə imzalanmış, qələbələrimiz üçün zəruri olan təməllərin qoyulmasında önəmli rol oynayan “Əsrin Müqaviləsi” kimi deyil, zəfərlər dolu bir gün kimi qürurla qeyd edəcək xalqımız. 200 ildən artıq tarix boyunca itirdiklərimizin geri qaytarılmasının şah qələbələri sırasındadır Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran... zəfərləri...Şuşa kimi ucalıqdan aşağıdakı Xankəndiyə boylananda hələ rahat deyildik, 44 günlük Vətən Müharibəsindən sonra...Həm də Xocalı var idi axı, namus məsələsiydi...

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Buyurun, Xocalı sakinləri geri dönür, Xocalıda ilk məktəb yeni tədris ilində fəaliyyətə başladı! Tarixi qələbələrimizin baş memarı, Prezident İlham Əliyev Xankəndidə, Qarabağ Universitetinin təmirdən sonra açılışını edib! Qısa müddətdə haradan-haraya apardı millətimizi! 2023-cü ilin 19-20 sentyabrında bir günlük, cəmi 23 saat 43 dəqiqəlik antiterror tədbiri ilə düşməni yarandığına peşman edən, Qarabağdakı xunta rejimini ağ bayraq qaldırmağa vadar eləyən qüdrətli ordumuzun Baş Sərkərdəsi bu gün şəhidlərimizin yaşıdları olan tələbələr qarşısında qələbəyə gedən yoldan, qələbəmizi göz bəbəyi kimi qorumaq zərurətindən danışıb. Bu görüşün böyük rəmzi mənası var, Qarabağ Universitetinin yaradılması kimi. Erməni canilərinin 1988-ci ildən - hətta ondan əvvəlki illərdə də - cinayətkar yuvasına çevirdikləri, terror əsdirdikləri Xanın şəhərində tələbə gənclərimiz yüksək təhsilə yiyələnəcəklər, Azərbaycan üçün, bəşəriyyət üçün layiqli kadr olaraq yetişəcəklər, inkişafımıza töhfə verəcəklər. Onlar hər zaman bu şərəfli günü xatırlayacaqlar, deyəcəklər azad Xankəndindəki Qarabağ Universitetində bizə ilk dərsi Qarabağ Fatehi keçib - birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyini tam bərpa edən ordunun Ali Baş Komandanı!

“Xankəndi” sözü hallanarkən necə yazılmalıdır? –  Sorğu

İlk dərsin mövzusundakı möhtəşəmliyə baxın: “Bura (Xankəndi) bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub, onun adı onu göstərir - Xanın kəndi”.  XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin faktiki olaraq sonrakı işğalı da şərtləndirdiyini xatırladan dövlətimizin başçısı qeyd edib:

“Çünki heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər bu müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi surətdə buraya köçürülməyə başlanıldı. Bu həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olublar”. (AZƏRTAC) Prezident daha sonra deyib: “Biz bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var. Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən. O, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur.

Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir.

Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır, var. Cəmiyyətdə birlik olmalıdır, bu da var”. Bu dərsi heç zaman unutmaq olmaz! Qələbəmizin Baş Memarının həm də qələbə formuludur...Azərbaycan gəncliyi bundan sonrakı həyat yolunda məhz bu tövsiyələri əsas götürüb uğurlara can atmalıdır...

Şərəfli tariximizin bircə gününü əhatə edən bu tarix əslində 24 saat deyil, “əsrə bərabər gün”dür. Bu günə azı 2 əsr idi yol gəlirdi xalqımız, hər dəfə xəyanətə, düşmən məkrinə düçar olurdu, arzusu gözündə qalırdı. Nəhayət o günə şahidlik etmək bizim nəsillərin qismətinə düşdü! Ərazi bütövlüyümüz təmin edildi!

Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı kimi, cəmi bir sutkaya yaxın müddət ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirib. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edilib. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirilib. Bu günədək Qarabağdan silahlar, partlayıcılar aşkarlanır, mina təmizləmə prosesi həyata keçirilir. Alçaq düşmən itkilərimizin maksimum çox olmasından ötrü hər cür fitnə-fəsada yol verib, mina xəritələrindən başqa...Amma buna da dözür cəsur oğullarımız, suverenliyimizin tam bərpa olunması şəraitində Qarabağın tikintisi ilə paralel qaydada, mina terrorundan xilas tədbirləri də həyata keçirilir.

Ötən ilin sentyabrın ilk günlərində separatçı rejim xəbərdarlıqlara qulaq asmayaraq, oyuncaq “seçki” keçirmişdi. Səbrimizi daşırdılar və Dəmir Yumruq sözünü dedi. Nəticədə Azərbaycan ərazisində qurulmuş separatçı rejimin fəaliyyətinə son qoyuldu. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. O bayraq əbədi dalğalanacaq, buna artıq düşmənlərimiz də şübhə etmir.

Baxın, bunlar sıradan statistika deyil, qızıl rəqəmlərdir: indiyədək 2 min 117 ailə, o cümlədən Füzuli şəhərinə 822, Talış kəndinə 20, Ağalı kəndinə 175, Şuşa şəhərinə 210, Laçın şəhərinə 570, Sus kəndinə 59, Zabux kəndinə 217, Xocalı şəhərinə 44 ailə köçüb. Sağlıqla yaşasınlar! Şuşadan sonra Xankəndidə də ilk toy olacaq yaxın günlərdə!

Tarixi qələbənin Şuşa ili | "Nuhçıxan" İnformasiya Agentliyi

Unutmamışıq, Ermənistan Şuşanı işğal əməliyyatına “Dağlarda toy” adını vermişdi. İşğal dövründə ürəyimizi dağlayırdılar Xankəndidə “qələbə paradı” keçirməklə. Özü də Şuşanın işğal günündə... Serj Sərkisyan, Robert Köçəryan, Seyran Ohanyan, sonra da Nikol Paşinyan Qarabağda nə oyunlardan çıxırdılar. Bu gün öldü-qaldısı bilinməyən Zori Balayan kimi alçaqlar...Şuşada çaxır içib, yallı gedən, torpaqlarımızı mundarlayan hay dəstəsinə ordumuz elə toy tutdu ki, hələ də zarıya-zarıya qalıblar...Özünü “prezident” elan etdikdən iki həftə sonra özünü  və oyuncaq qurumunu “buraxan” Şahramanyan arvad geyimində Ermənistana qaçdı. Azərbaycanı təhdid edən separatçıların digərləri arzuladıqları məkana qolubağlı gətirildilər, Bakı təcridxanasında “çay içirlər”. Başından böyük qələtlər edənlərin ədalət məhkəməsində - 21-ci əsrin Haqq Divanında bülbül kimi ötəcəyi günlərə də çox qalmayıb. Bakıya tanklarla gələcəkdilər, tankları Xəzər sahillərində sərgi eksponatıdır. Azərbaycanı Xankəndidə səfirlik açmağa dəvət edirdi David Babayan, dili başına bəla oldu. Gəncədə, gecəyarısı günahsız körpələrin qətlinə bais olan Arayik Arutyunyan və digər qatillərin cəzası veriləcək. Ruben Vardanyan kimi yekəbaş da Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlərinin hesabını ödəyəcək. Azərbaycan 21-ci əsrin “Nürnberq Məhkəməsi”ni keçirəcək. Orada çoxları ifşa olunacaq, ona görə də canfəşanlıq edirlər, Azərbaycana təzyiqlər göstərib, erməni qatillərin, Qarabağdakı xunta rejiminin başçılarının azadlığına nail olmaq istəyirlər. Alınmayacaq, proses məntiqi və hüquqi sonluqla bitəcək! Torpaqlarını məhz beynəlxalq hüquqa əsasən savaş aparmaqla azad edən, nümunə yaradan Azərbaycan növbəti nümunələrə imza atacaq!

Dövlət Suverenliyi Günümüz mübarək və əbədi olsun! Azərbaycan dövlətinin haqq mübarizəsinin məntiqi yekunu olaraq qazanılan şərəfli tariximizlə bağlı təbrikləri gözləyirik...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR