İnsanlara hürriyət, millətlərə istiqlal!

Zatulinə yaraşan əbləhlik – Azərbaycana kimin sözünü çatdırır?

Yalançılıq iman zəifliyinin təzahürü olmaqla yanaşı, sözsüz ki, təhlükəlidir. Günahsız birinə şər-böhtan atmaq isə ondan da təhlükəli və ziyanlı əməl. Beləsi əgər üstəlik, vəzifə sahibidirsə, hakimiyyətdə təmsil olunubsa, dövləti və cəmiyyəti yönəltmək səlahiyyətinə malikdirsə, onda onun yalanı ətraf üçün, hətta bütöv bölgə üçün ikiqat, üçqat təhlükəyə çevrilir.

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, bədnam Konstantin Zatulin kimi...

“Mən Artsax ermənilərinin soyqırımına haqq qazandıran həmkarlarıma görə utanıram”.

Bu sarsaq ifadəni o, dünən Rusiya Erməniləri İttifaqının təşkilatçılığı ilə Moskvada keçirilən tədbirdə işlədib.

Siyasi əbləhliyin buynuzu-zadı olmur ki. Hansı qatı ermənipərəstdən bu günədək ağıllı bir söz, məntiqli fikir eşidilib ki, Zatulin də istisna olsun?..

Hərgah, təqdim edildiyi kimi, o sıradan biri sayılmaz. Adam V.Putinin sədri olduğu hakim partiyanın üzvüdür, iqtidar komandasında təmsil olunur. Elə isə olmaya “yuxarıların” açıq söyləyə bilmədiyini bizə çatdırır?

Ancaq insaf naminə üç ay qabaq Rusiya XIN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin təxribatçı sualını cavablandırarkən belə demişdi: “Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmayıb. Əgər Ermənistan tərəfinin Qarabağda etnik təmizləmə aparılmasına dair sübutu varsa, təqdim etsin”.

Təbii ki, yoxdur, ola da bilməz. Elə şərəfsiz zatulinlərin də.

Eyni zamanda, Putin başda olmaqla, heç bir yüksək çinli Rusiya yetkinlisi, o sırada erməni kökənli baş diplomat Sergey Lavrov indiyədək heç yerdə Qarabağda erməni əhaliyə qarşı nəinki genosid, hər hansı xırda zorakılıq edildiyini dilə gətirməyiblər...

“Soyqırımı” sözünü heç erməni rəsmilər də işlətmir. O zaman K.Zatulin niyə “yuyulmamış qaşıq” kimi özünü ortaya atır, yaxa cırır? Ermənidən çox ermənini olmaqmı istəyir?

Əlbəttə, yox. Şübhəsiz, bu rus şovinistinin “qarnının ağrısı” onu Ermənistana buraxmayan Nikol Paşinyan hökuməti və bir də böyük ehtimalla, Rusiyanın Azərbaycandakı hərbi mövcudluğuna belə sürətlə son qoyulmasıdır.

Görünür ki, bu yolla o, həm də Paşinyanı guya erməni əhalini taleyin ümidinə buraxmaqda ittiham etməklə ictimai hədəfə gətirməyə çalışır. Amma mühüm bir detalı unudur ki, ermənilərin Qarabağdan könüllü köçünün əsas təşəbbüskarlarından biri elə Nikol Paşinyanın özü olub. O, buna hətta çağırış etmişdi.

Əslində Zatulin bununla müdiri Putinə “ayı xidməti” göstərir. Azərbaycan və Rusiya rəhbərləri arasında inamsızlıq toxumu səpməyə səy edir. Amma əbəs cəhdlərdir.

Ondansa yaxşı olmazmı ki, o, bizim XIN-in “qara siyahısı”ndam çıxmaq üçün böhtanlara son qoysun, Azərbaycan xalqından üzr istəsin? Yoxsa davam edən belə yaramazlıqlarla bölgəyə yolunun daha etibarlı şəkildə qapadıldığının fərqində olmayacaq dərəcədə axmaqdır?..

Xəcalət məsələsinə gəlincə, rus deputata tövsiyəmiz: öncə sən 1992-ci ilin fevralında erməni vəhşilərinə qoşulub Xocalıda soyqırımı törətmiş Xankəndidəki 366-cı motoatıcı alayın rus zabitlərinə görə utanc hissi keçir – təbii ki, azacıq vicdan hissin qalıbsa!

Gic-gic danışmağa nə var. Tarixi faktlar amansız şeydir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR