Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasında müharibə vəziyyəti davam edir. Çünki İrəvan rəsmilərinin boşboğazlığı hansısa sülh sənədini və ya çərçivə sazişini istisna edir. Əfsus ki, ABŞ başda olmaqla Qərb də bu yöndə Paşinyan iqtidarına yaxşı məsləhətçi deyil. Əksinə, yeni-köhnə havadarlar kapitulyant ölkədə “miatsum” nostaljisini əməllicə gücləndirməklə məşğuldur...
“Ermənistanda Fransa və ya Amerika hərbi bazalarının varlığı Bakını, Ankara və Moskvaya çox tezliklə ayıldıcı təsir edəcək. Onlar aqressiv planlarından əl çəkməli olacaqlar. Və gələcəkdə Rusiya Ukraynadakı müharibə səbəbindən zəifləyəndən, Ərdoğan isə siyasi səhnədən gedəndən sonra “artsax”ı geri qaytarmaq mümkün olacaq. Bəli, indi bu fantastik görünə bilər, ancaq tarix erməni xalqı qarşında heç vaxt reallaşması mümkün olmayan vəzifə qoymayıb. Yeganə sual bu vəzifənin nə vaxt yerinə yetiriləcəyi ilə bağlıdır”.
Yuxarıdakı sitat Armenianreport.com-un yazarı Razmik Akopcanyanın dünənki məqaləsindəndir.
Bu, sözsüz ki, yalnızca hansısa erməni jurnalistin “çəhrayı arzusu” deyil. 44 günlük savaşdan sonra Ermənistandakı əhəmiyyətli ictimai kəsimdə kök salmış son dərəcə təhlükəli və aqressiv yanaşmanın, axmaq düşüncənin ifadəsidir. Əmin ola bilərsiniz, orada katolikos 2-ci Qaregin də daxil, “dəmir qapaz”dan dərs götürməyən revanşistlər bəs deyincədir. Biz hələ Qərb və Rusiyadakı erməni lobbisini demirik.
Onlar Nikol Paşinyanı devirdikdən sonra (seçki yolu ilə bu yəqin ki, mümkün olmayacaq) təzədən köhnə hədəfə - gorbagor olmuş “mitasum”a kurs götürəcəklər. Kollektiv Qərbin iki mühüm dövlətinin – ABŞ və Fransanın İrəvanı silahlandırmaq planına isə radikal-revanşistlər şübhəsiz, yeganə tarixi fürsət, axırıncı şans kimi baxırlar. Özü də boşuna yox...
Bu yerdə yadda salaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra səfirləri Şuşaya ayaq basmayan yeganə cüt ölkə məhz ABŞ və Fransadır. Bunu BMT-nin Bakıdakı nümayəndəsi, Rusiya və Almaniya səfirləri də edib, təkcə amerikanlardan və fransızlardan savayı. Nə demək bu?
Hər şeydən öncə o ki, rəsmi Vaşinqton və Paris Qarabağ məsələsini bitmiş saymır, qələbəmizi “həzm edə” bilmir. Onların rəsmi açıqlamalarına diqqət edin, hələ də “Dağlıq Qarabağ” ifadəsi işlədirlər. “Böyük bacı” Fransadan isə danışmağa dəyməz. Bu ölkənin parlamenti 2-ci Qarabağ müharibəsindən cəmi iki həftə sonra uydurma “artsax”ə hətta müstəqil dövlət kimi tanıyıb.
Sonra da utanmazcasına Bakı və İrəvanı tezliklə sülh sənədi imzalamağa çağırır, bölgədə sülhün tərəfdarı olduqlarını bildirirlər. Hanı bəs? Əməldə bunu niyə görmürük? Sülh tərəfdarı olan ölkə də suyu bulandırar, dinc danışıqlara pəl vurar, təzəcə cəzasını almış kapitulyant ölkəni silahlandırar?..
Yaxud ABŞ-dakı Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan görün nə xəyal edir. O Qərbin köməyinə arxalanmadan İrəvanı öz maraqlarından çıxış etməyə çağıraraq deyib ki, Ermənistanın səriştəli diplomatlara ehtiyacı var. Səbəb?
Xaçikyan: “İrəvan son 6 ildə (Paşinyan iqtidarı dönəmində – Z.S.) bizə danışılan nağıllardan və ölkəni indiki vəziyyətə gətirən Avropa ümidlərindən çoxdan imtina etməli idi. Amma artıq Rusiya ilə münasibətləri bərpa edib və İranla strateji əlaqələr qurub Türkiyə və Azərbaycanla danışıqları daha güclü mövqedən davam etdirmək lazımdır”, - əlavə edib.
Aydındır ki, “daha güclü mövqe” deyərkən erməni politoloq revanşist mövqeyi nəzərdə tutur - ancaq bu dəfə Rusiya və İrana arxayın olaraq...
Radikal-revanşist müxalifət bir yana, ötən ay Paşinyanın deputatlarından biri beləcə də bəyan etmişdi ki, “bir-iki ilə güclənib türklərin cavabını özümüz verəcəyik”.
Bunları ona görə yazdıq ki, dövlət və cəmiyyət olaraq, vəhşi xislətli qonşulara arxayın olub da yaxın keçmişdəki tək mürgü vurmayaq. Ermənistanla sülh müqaviləsi imzalansa belə, əsla arxayınlaşmaq olmaz. Çünki qonşulara ərazi iddiası bu tayfanın qanındadır, bir xroniki və sağalmaz mərəzdir!
Kim olmasa da, axı biz axı onların “materialı”na yaxşı bələdik...
Zahid SƏFƏROĞLU
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ