İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndiyə kim gedir, gəlsin…

Bir daha şəhidlərimiz və Ali Baş Qəhrəman haqda  

27 sentyabrda başlayan müharibənin də, ondan 3 il sonrakı separatizmin son şeytan yuvalarına qarşı keçirilmiş antiteror əməliyyatının da üç simvola çevrilən qəhrəmanı var. Birincisi, əlbəttə ki, şəhidlərimiz və qazilərimizdir. İkincisi, o oğulları böyüdən, qapılarına hətta yeganə övladının tabutu gələndə də bayrağı qucaqlayıb “Vətən sağ olsun” deyib, qamətin dik tutan atalar, analardır qəhrəmanlar... Üçüncü qəhrəman bu ağır prosesləri  əvvəldən-axıra mükəmməl aparan Prezident Əliyevdir, Vətən müharibəsindəki qalibiyyətdən sonra da Qarabağda güclənən erməni revanşizminə soyuqqanlı “mən bilirəm nəyi nə zaman etmək lazımdır” deyən və  nəhayətdə 100 illik separatizmin kökünü  birdəfəlik qurudan Ali Baş Qəhrəman...Sıralama əsas deyil, onların xidmətlərini heç unutmamaqdır vacib olan.

Separatizmin tabutuna son mismarlar bir il əvvəl 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatında vuruldu, amma 19-20 sentyabradək də çox ciddi diplomatik işlər görülmüş, ekofəalların aksiyası məqsədinə çatmış, nəhayət Laçında keçid postu qoyulmuşdu. 

2668a30391e484fb019d2058a4544cde.jpg (123 KB)

Bu antiteror əməliyyatı olmaya da bilərdi, Prezident 44 günlük müharibənin nəticəsi olaraq Ağdam, Laçın və Kəlbəcərin bir güllə atılmadan boşaldılmasına nail olmuşdu. Ötən ilin sentyabrınadək də bir neçə dəfə Ermənistana 10 noyabr sənədində götürdükləri öhdəliyi-Qarabağda qalmış ordusunu və texnikasını könüllü çıxarmaq tələb olunmuşdu. Onu bilirdik ki, onların silahlı olan son dığasınadək torpaqlarımızdan çıxarmayanadək axan qanımız durmayacaq, anaların göz yaşları qurumayacaq... 

Prezident yenicə müharibədən çıxmış ordunun bir əsgərinin belə burnunun qanamasını istəmirdi. Bütün diplomatik cəhdlər bu məqsədə qansız çatmağa fokuslanmışdı. Amma ermənilər qanmadılar və bu antiterror əməliyyatı artıq zərurətə çevrildi. Yenə ciddi itkilər verdik, xeyli sayda yaralananlar oldu. Amma istədiyimiz də oldu. Erməni silahlılarından ölmək istəyənlər öldü, sağ qalmaq istəyənlər qaçdılar. Texnikaları məhv edildi, səngərləri özlərinə məzar oldu. 

2f388233ca480c12cf14765d9c69d12c.jpg (82 KB)

44 günlük müharibədən sonra ermənilərin Qarabağda qalmayacaqlarını ən azı 10 dəfə yazmışdım.  “O torpaqlarımızdakı hələ də qalıblar, müvəqqəti köçərilərdir. Bu dəfə özləri gedəcəklər, burda duruş gətirə bilməyəcəklər”. Antiterror əməliyyatından hələ iki əvvəl yazmışdım bunu. O səbəbdən ermənilərin antiterror əməliyyatdan sonra köçməsi yox, qalması təəccüblü olardı. Şələlərini yığışdırıb rədd olub getdilər. Şəxsən mən birini də ağlayan görmədim. Bunun səbəblərini onların olmayan qürurunda axtarmağa gərək yoxdur, cavab sadədir:  “Özü yıxılan ağlamaz”.     

Azərbaycan ordusu 19-20 sentyabrda təkcə Xankəndini, Xocalını, Ağdərə və  Xocavəndi erməni caynağından qurtarmadı, onların yüz illik xam xəyallarını ayağının altında əski parçası kimi silib kənara atdı, erməni mifini dağıtdı,  lobbisinin onurğasını qırdı. 

Azərbaycanda Dövlət Suverenliyi Gününü 2024-cü ilin 20 sentyabrında qeyd edir. Bu düşmən millət müstəqillikdən bəri bizim 30 ilimizi yedi, amma əvəzində 100 illik tarixi zərbə aldılar. Ermənistan dağılmış ordusunu indi də kənar dövlətlərin köməyi ilə toparlamaq istəyir, dağılmış iqtisadiyyatlarını xilas etməyə çalışır, amma bir daha o xəyalları-hansı ki, onları millət olaraq ayaqda saxlayırdı- geri qaytara bilməyəcəklər!

Bəzi ermənipərəst qüvvələr  ermənilərin Qarabağa geri qayıtmasından tez-tez danışırlar.  Ermənistan XİN-in dünənki   bəyanatda “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” sərsəmləmələri  “psevdovətənpərvər” ermənilər üçün ucuz “yem” idi. Onlar etnik təmizləmə ifadəsini çox sevirlər, çünki özləri vaxtilə Ermənistanda da, Qarabağda da etnik təmizləmə aparıblar. Onların və dəstəkçi dövlətlərin qarayaxma cəhdlərinin daha heç bir faydası yoxdur, çünki Qarabağ Azərbaycan torpaqlarıdır, bunu dünya da qəbul edir. İndən 100 sonra da belə olacaq...

Bu gün Xankəndidə yenə tarixi anlar yaşanıb. Dövlət başçısı Qarabağ Universitetinin ilk tələbələrini salamlayıb, burada görülən işlərlə tanış olub. Çıxışında Azərbaycan hərbçiləriminin qəhrəmanlığından, peşəkarlığından qürurla danışıb. Sonda dedikləri də günə möhür vuran fikirlərdir: “Bu gün azad Qarabağda olmaq, sizi görmək, o tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz”. 

1726813934_whatsapp-image-2024-09-20-at-09.50.20.jpeg (105 KB)

...İki gün sonra Xankəndinə getməliyik. Sonuncu dəfə bu şəhərdə nə vaxt olduğumu xatırlamıram. Bəlkə 35 il, bəlkə 37 əvvəl... Amma bir fakt dəqiqdir. Xankəndi heç vaxt indiki qədər bizim olmayıb. Həm də son 100 ildə...

“Azərbaycan indi bütün cəbhələrdə üstün mövqedədir, həm də şahmat dili ilə desək, ağlarla oynayır...Bu mövqeyi saxlamaq yeni qələbələr üçün çox vacibdir. Biz millət olaraq hansı xəyalları gerçək etdik. Günlərin birində, Azərbaycanın hər bölgəsindən “Xankəndiyə kim gedir, gəlsin…”sözlərini eşidəcəyimizə də inanaq...”Bunu da 2021-ci ilin yanvarında yazmışdım. 

Tarix budur. Şərəf və Suverenlik tarixi...

Nazim SABİROĞLU, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR