Onlayn ictimai-siyasi qəzet
Ermənistanda radikal-revanşist ünsürlərin Qazaxın anklav olmayan 4 kəndi ilə bağlı isterik tutmaları artıb. Əlbəttə, 1 nömrəli hədəf Nikol Paşinyanı bu yolla ölkə daxilində daha da nüfuzdan salıb “əlverişli ictimai rəy” fonunda onu devirmək üçün hərəkətə keçməkdir. Hətta kəndlər məsələsindən hakim partiya daxilində parçalanma yaratmaq üçün istifadə edilir.
Təsadüfi deyil ki, Qarabağ klanının özəyində durduğu Rusiya yönlü radikal müxalifət artıq parlamentdə baş nazirə qarşı növbəti dəfə impiçmentə başlayacağını anons edib. Hərgah bilirlər ki, çoxluq hakim partiyada olduğundan belə cəhd yenə fiaskoya məhkumdur. Ancaq “tutdu qatıq, tutmadı ayran” prinsipi ilə zənn edirlər ki, bir yandan narazı elektoratın diqqətini ölkə boyu “xain Nikola” yönəldə biləcəklər, digər yandan isə hakim “Mülki Müqavilə” fraksiyasında hansısa qopmalara nail olub impiçment üçün yetərli tərəfdarlar toplayacaqlar...
Amma məsələ ondadır ki, hazırda Paşinyanın reytinqi nə qədər düşsə də, pozucu müxalifətə və onun liderlərinə cəmiyyətdə rəğbət ondan dəfələrlə aşağıdır. Üstəlik, hüquq-mühafizə orqanları, ordu, polis baş nazirə sadiqliyini davam etdirir. Bunu bir neçə gün öncə polis bölməsinə hücum edən radikal-terrorçuların sərt şəkildə cəzalandırılması və kəndlərin Azərbaycana qaytarılmasına qarşı çıxan silahlı qruplarla bağlı atılan kəskin addımlar da sübut edir.
Məntiqlidir. Çünki Nikol Vovayeviç Azərbaycanla sülhdə maraqlı olmayan destruktiv kəsimin əsas məramının heç də hansısa 4 kənd yox, onu devirmək olduğunun yaxşı fərqindədir. Bu baş verərsə, sözsüz ki, Moskvanın diktəsi ilə sülh prosesi qeyri-müəyyən müddətə tormozlanacaq. Niyə?
Ona görə ki, Rusiya “Ukrayna problemi”ni öz xeyrinə bitirməyincə Bakı və İrəvan arasında konkret sənədin, yaxud çərçivə sazişinin imzalanmasına qarşıdır. Daha bir səbəbə: sülh prosesi, hətta ikitərəfli danışıqlar faktiki Kremlin iradəsindən kənar (oxu: Moskvanın imperiya maraqları nəzərə alınmadan) aparılır...
Kremlin “barışıq resepti” isə aşağı-yuxarı bəlli: tərəflərə elə bir sənəd imzalatmaq ki, bölgədə həm Rusiyanın hərbi varlığı qalsın və davam eləsin, həm də qonşu xalqlar arasında ədavət faktiki bitməsin, gələcəkdə potensial konflikt üçün zəmin saxlanılsın.
Qısası, Moskva Azərbaycan və Ermənistanın vasitəçisiz-zadsız anlaşmanı da istəmir. İşğal altındakı kəndlərimizlə bağlı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın ötən həftə səsləndirdiyi qızışdırıcı, narazı bəyanat bunu bariz şəkildə isbatlayır.
Unutmayaq, Rusiya yeganə dövlətdir ki, Ermənistanın Qarabağı Azərbaycan ərazisi elan eləməsinə ən yüksək (Putin) səviyyəsində etiraz bildirib. Bundan rahatsız olub. Rusiyan Müdafiə Nazirliyi dünənədək öz bülletenlərində “Dağlıq Qarabağ”, “Stepanakert”, “Mardakert” ifadələri işlədir, ölkəmizin daxili inzibati-ərazi bölgüsünə etinasızlıq göstərirdi...
Odur ki, İrəvan son dərəcə unikal tarixi şansı düzgün dəyərləndirib Bakı ilə sülh müqaviləsini imzalamağa tələsməlidir, nəinki təzədən xarici havadarların şirin vədlərinə aldanıb axmaq revanşist fikirlərə düşməlidir. Artıq Bakıdan asılı bir şey yox, qalmayıb. Azərbaycanın ədalətli sülh prinsipləri 3 ildir masada.
Hər şey Paşinyan iqtidarının əlində. Əgər Ermənistan hökuməti həqiqətən yeni müharibədən qorxursa və Rusiyanın öz üzərindəki total təsirini (hərbi, energetik və s.) azaltmaqda maraqlıdırsa, yol bəlli: təcili Azərbaycan və Türkiyə ilə anlaşmaq, müvafiq sənədlərə qol çəkmək. Ardınca sərhədləri, kommunikasiyaları, yolları açmaq, xalqlar arasında gediş-gəlişi, ticarəti bərpa eləmək.
Nə bilmək olar, bəlkə bir gün Avropa Birliyindəki kimi, Güney Qafqaz ölkələri arasında da sərhədlər simvolik hala gələcək, ortaq valyuta tətbiq ediləcək? O zaman Ermənistan rahatca Rusiya qazından imtina edib Azərbaycanın mavi yanacağına da ümid edə bilər. Həmçinin neft və neft məhsullarına.
Demək, 4 kəndinin qaytarılmasından sonra ərazidən keçib Ermənistana uzanan “Qazprom” kəmərinə görə əndişəyə də lüzum qalmaz. Üstəgəl, noyabrda Nikol Paşinyan COP-29 tədbirinə qatılmaq üçün Bakıya gələ bilər – hansı tədbirə ki, Ermənistanın özü də razılıq verib.
Niyə də olmasın. Heç vaxt “heç vaxt” deməyin. Hər şey niyyətə bağlı. Xoş niyyətə...
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ