İnsanlara hürriyət, millətlərə istiqlal!

Humanizmin dibi... – Makron Fransasının daha bir qələti

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun köynəyi ətrafında mübahisə mühüm bir olayı deyəsən diqqətdən yayındırıb. Söhbət dünən Parisdə Yay Paraolimpiya Oyunlarının açılışında baş vermiş əcaib insidentdən gedir.

Məsələ ondadır ki, açılış zamanı yerli telekanal şərhçiləri Azərbaycana qarşı yenə təxribata yol veriblər - idmançılarımız əsas yoldan keçərkən ölkəmizin adını çəkməyiblər. Bundan qabaq – Yay Olimpiya Oyunlarının açılış mərasimində başqa bir təxribata əl atmışdılar...

Sual yaranır: fiziki qüsurlarına rəğmən, uzun illərdir özünütəsdiqə çalışan bu mübariz, fədakar, iradəli insanlara qarşı ikrah doğuran belə münasibətin, onların idman ovqatını korlayıb ruhdan salmağın adı nə?

Əlbəttə ki, hər şeydən öncə mənəvi şikəstlik, mənəvi yoxsulluq, mənəvi aşınma. Elementar insani duyğuların korroziyası, humanizmin dibi. Meşşanlıq, heyvani eqoizm. Odur ki, əlil əslində həmin fransız aparıcılardır, azərbaycanlı paraolimpiadaçılar yox!..

Sən bir dövləti, hətta bütöv xalqı sevməyə bilərsən, amma miskinliyin bu qədəri də yox ki. Görəsən Makron Fransasının, ABŞ-ın üzərinə “toz” belə qondurmayan “sapı özümüzdən olan baltaların” - Qərbin muzdlu təbliğatçılarının buna nə sözü? Dünənki biabırçı hadisəni də demokratiyanın, plüralizmin “fontan vurması”mı sayırlar?

Şübhəsiz, Fransa dövlət telekanalının idman şərhçilərinin indi də paraolimpiadaçılar timsalında Azərbaycana sayğısızlığı özfəaliyyət deyil. Bilavasitə ən yüksək hakimiyyət eşelonunda hökm sürən ovqatın, hikkənin diktəsindən doğan davranışdır.

İlk dəfə deyil ki, götürüb bunu təsadüfün “ayağına” yazasan. Daha öncə Evian Le-ban şəhərində Natəvanın heykəlinə qarşı vandalist hərəkətlərə rəsmi qurumların susqunluğu az qala, şok yaratmışdı...

Amma sirkə nə qədər tünd olsa, öz qabını sındırar. Fransa da istisna olmayacaq. Bu ölkənin siyasi isteblişmenti anlamalıdır ki, Azərbaycanla, onun xalqı ilə yalnız dost olmaqla, bu dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmət eləməklə özünə hörmət qazanmaq, Güney Qafqazda hansısa marağı təmin etmək olar.

Başqa variant yoxdur. Möcüzə də olmayacaq. Düşmənçilik, qaba təzyiq üsulları, “xox” və hədə gəlmək tam əksinə, sıxılmış yay təsiri yaradacaq. Yəni günün birində həmin yay açılaraq bumeranq kimi onu sıxana qayıdacaq...

Sözsüz ki, bir ölkənin rəhbərindən, onun siyasi fəhmi və müdrikliyindən (əgər varsa) çox şey asılıdır. Vay o dövlətin və xalqın halına ki, onun başına Emamnuel Makron kimi təsadüfi, burnundan uzağa görməyən, cılız hisslərlə yaşayan adam keçir. Azərbaycana münasibətdə rəsmi Parisin 7 ildir apardığı pozucu siyasət buna bariz sübutdur.

Gerçək belədir ki, Azərbaycan 33 illik müstəqilliyi dönəmində Fransa ilə münasibətlər ən aşağı səviyyəyə enib – Makron və komandasının “xidmətləri” sayəsində. Çünki dövlət olaraq biz qarşı tərəfə konfrontasiya üçün heç bir bəhanə verməmişik – öz ərazi bütövlüyümüzü güc yolu bərpa edib erməni işğalçılarını torpaqlarımızdan qovmaqdan savayı. Azərbaycan xalqının yeganə “suçu” yəqin ki, bu!

Nəhayət, unutmayaq ki, Fransanın Bakıdakı səfiri Şuşa azad olandan sonra ora ayaq basmayan yeganə Qərb diplomatıdır. Pisliyin buynuzu-zadı olmur ki.

Bütün hallarda bizim Makron Fransasına münasibətdə “səni sevəcəyəm sən sevməsən də” kimi lüksümüz yox. Firəngistan rəsmiləri xam xəyallarla yaşamasınlar. Yoxsa gözləyə-gözləyə qalacaqlar. Birtərəfli sevgi olmayacaq!..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR