Onlayn ictimai-siyasi qəzet
Makron ənənəvi ampluasındadır. Dünən yenə onun “erməni damarı” tutmuşdu. Fransa prezidenti bu dəfə Londonda “qatıqlayıb”. Keçək konkretliyə.
E.Makron Ermənistanı sürətlə silahlanması ilə bağlı azərbaycanlı jurnalistin sualına cavabında iddia edib ki, “suveren bir ölkənin buna haqqı var”. Üstəgəl, 2020-ci ildəki 44 günlük müharibəni nəzərdə tutaraq, Bakını “aqressivlik”də suçlayıb.
Əcəb işdir. Ermənistan suveren olub özünə ordu qura, ölümcül silahlar ala bilər, amma Azərbaycan suveren dövlət olaraq öz ərazisini silah gücünə işğalçıdan azad edəndə bu aqressivlik olur?..
Makron niyə ondan danışmır ki, “suveren Ermənistan”ın konstitusiyasında hələ də Azərbaycana, Türkiyəyə ərazi iddiaları qalır və bu konstitusiya potensial müharibə mənbəyidir?! Fransa prezidenti belə bir konstitusiyaya malik ölkənin Azərbaycanla sülh anlaşması içində, dinc-yanaşı mövcud olmasını necə təsəvvür edir?
Hələ o, arsızcasına ümid edir ki, tezliklə Bakı ilə İrəvan arasında sülh sazişi imzalanacaq. Necə, müsyö?
Görəsən rəsmi Paris bircə dəfə olsun Paşinyanın qulağına pıçıldayıbmı ki, “daimi və ədalətli sülh üçün Ermənistan konstitusiyası beynəlxalq hüquqa uyğunlaşdırılmalıdır”?
Əminik, bunu heç vaxt etməyib. Söyləməyib, pıçıldamayıb. Ermənistana göz ağartmayıb. Haylara “şüşəli otaqdan başqalarına daş atmaq olmaz” iradını bildirməyib...
Axı, “barıt qoxulu” konstitusiyası, işğalçı planları olan ölkəni necə, hansı ağılla silahlandırmaq olar?
Fransanın “kiçik bacısı” öncə bütün dünyaya sübut eləsin ki, onun Azərbaycana qarşı bir qarış belə, torpaq iddiası yoxdur, beynəlxalq hüquqa Azərbaycan qədər sayğılı və sülhpərvərdir. Yolu bəlli.
Kəsəsi, əvvəlcə öz “Əsas Qanun”unu qaydaya salsın, ondan sonra lap Fransadan nüvə silahı da alsın. Gözləyirik...
Bölgəyə ən böyük təhlükə də elə budur: İrəvan Fransanın, Hindistanın, digər ölkələrin hesabına ordusunu ilk növbədə ona görə gücləndirmək istəyir ki, revanş fürsəti yetişənədək özünün müharibə konstitusiyasını dəyişməz saxlasın, Bakının bu yönbdə təzyiqlərini neytrallaşdıra bilsin. Guya Makron bundan bixəbərdir?
Azərbaycanın silahlanmasından isə heç kim qorxu-ürküyə düşməsin. Buna zərrəcə əsas, motiv yox. Çünki biz çoxdan isbat eləmişik ki, qüdrətli ordu bizə sırf ərazi bütövlüyümüzü təmin etmək və onu qorumaqdan ötrüdür - kapitulyant ölkədən fərqli olaraq!..
Siyasət, diplomatiya yalanı, feyki sevməz. Ya da çox qısa zaman sonra gerçək çılpaqlığı ilə üzə çıxar. Əfsus ki, Paris və İrəvan “dəvəquşu” siyasətindən əl çəkmək istəmir. O zaman hər ikisi Azərbaycanın şübhə və narahatlığını əsaslı və haqlı saysın! Bizim ermənilər və onların havadarlarının nağıllarına daha 30 il inanmaq kimi bir lüksümüz yox.
Və qulaqlarında həmişəlik sırğa eləsinlər: Ermənistan konstitusiyası indiki vəziyyətdə qaldıqca Paşinyanın Makronla hər qucaqlaşması, İlham Əliyevlə təmasdan isə qaçması, İrəvanın xaricdən aldığı və alacağı istənilən silah, “raqatka”, bıçaq, daş-kəsək, ABŞ və ya Fransa ilə keçirdiyi istənilən hərbi təlim, - hansı sülhpərvər ad altında olur-olsun, - müharibə hazırlığı kimi qəbul olunacaq!
Deməli, qarşılığı da olacaq. Artıqlaması ilə. Mütləq. Azərbaycan Prezidentinin təbirincə desək, əgər görsək ki, Ermənistanın aldığı silahlar təhlükəli miqyasa çatıb, onda heç kim bizdən inciməsin. Və nida işarəsi!
Z.SƏFƏROĞLU
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ