Onlayn ictimai-siyasi qəzet
Dönə-dönə yazmışıq, bir daha təkrarlayaq ki, erməni xalqının təfəkkürü dəyişməyincə heç bir hakimiyyət dəyişikliyinin və ya inqilabın ona faydası dəyməyəcək. Doğru, “Dəmir qapaz”dan, bir günlük antiterror tədbirindən sonra bu yöndə müəyyən pozitiv gəlişmələr müşahidə elədik. Ancaq əfsus ki, dəyişikliklər kosmetik, simvolik xarakterlidir, yetərli və “müalicəvi doza”da deyil. Proses nə yazıq ki, ağır və ləng gedir.
Əks təqdirdə, Ermənistanın “barıt qoxulu” konstitusiyası çoxdan beynəlxalq hüquqa uyğunlaşırılar, oradan Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları çıxarılardı. Ardınca vaxt itirmədən Ermənistan üçün taleyüklü, iki ən mühüm qonşu dövlətlə sülh müqavilələri imzalanardı – yenə məhz beynəlxalq hüquq normaları əsasında...
Təəssüf, 4 ildir heç birini görmürük. Guya indi Nikol Paşinyan buna ciddi şəkildə çalışır. Ancaq populizmi sevən Nikolun da öz xalqı üçün gerçək xilaskar kimi tarixdə qalıb-qalmayacağı tam məlum deyil. Hər halda məhz bu il yəqinlik olacaq ki, Paşinyan Azərbaycan və Türkiyə ilə düşmənçilik səhifəsini həmişəlik qapadıb da Ermənistanı inkişaf yoluna çıxarmağa qadirdir, ya yox?
Hələliksə, kapitulyant ölkədə qondarma Ermənistan dövlətinin gələcəyi ilə bağlı iqtidar-müxalifət boğuşması davam edir. Gör nə günə qalıblar ki, kilsə, keşişlər də siyasətə qoşulub, “qan-qan” deyir. Deyəsən sona bir şey qalmayıb. Hansı, nə cür bir sonluq? Onu da böyük ehtimalla 2024-cü il ərzində biləcəyik...
“Əgər müxalifətə inansaq, onda Ermənistanın dövlət sərhədi yoxdur”.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bugünkü iclasda “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyanın tənqidinə cavab verərkən bildirib (Axar.az).
Simonyana görə, Ermənistan öz müstəqilliyini konkret sərhədlər daxilində əldə edib. “İndi siz bəyan edirsiniz ki, Ermənistan Respublikasının heç bir sərhədi yoxdur. Özü də parlamentin tribunasından. İndi düşmənimiz (Azərbaycan – Z.S.) da gəlib ofisinizin yaxınlığında postlar qurub sözünüzü xatırlatsa, onda nə edəcəksiniz? Sözlərinizə diqqət edin. Ermənistan Respublikasının qanuni əsası olan aydın və çox konkret sərhədi var” – spiker fikrini hədə tonunda tamamlayıb.
Bəli, var. Amma sərhəd məsələsi indimi yadınıza düşdü? SSRİ 33 ildir dağılıb!..
Sərhədləri bilinməyən dövlət ya Rusiya kimi işğalçı olur, ya da axmaqcasına özünün ərazi bütövlüyünü real risk altına atır. Zira, sən başqalarının sərhədini tanımırsansa, başqası sənin sərhədlərini dünəndən tanımaz! Bumeranq effekti yəni.
Rusiyanın ucqar quberniyasından da zəif suverenliyə malik, fəqət boyundan yuxarı tullanmağa çalışan cırtdan Ermənistan əlbəttə ki, ikincilər sırasındadır. Demək, erməni radikal-revanşistlər gərək öz iddialarının ağır bədəlinə hazır olsunlar. Nə barədə ki, insafən Simonyan da xəbərdarlıq edir...
Bu yerdə yada üzdəniraq Minsk Qrupunun 28 illik uğursuz vasitəçilik dönəmi düşür. Həmin dövr Bakı torpaqların dinc yolla boşaldılması qarşılığında Qarabağdakı bir ovuc erməniyə dünyada analoqu olmayan yüksək muxtariyyət vəd edirdi. Erməni sakinlərinin de-fakto hətta öz polis qüvvələri olacaqdı. Üstəgəl, blokadan çıxan Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiya, energetik və digər böyük ortaq layihələrə qoşulub sürətli inkişaf şansı qazanacaqdı.
Bütün şansları qaçırdılar. “Biz Qarabağı boruya dəyişmirik” deyib lovğalandılar. Sonrası məlum: Azərbaycan atalar məsəlində deyildiyi kimi, çox istədikləri üçün azdan da məhrum olub indiki miskin, rəzil günə düşdülər. Əlavə, erməni əhali radikal-revanşistlərin fitnəsinə uyaraq, Qarabağı tərk etdi.
Ancaq erməni xalqının faciələri bununla da bitməyib. Çünki təfəkkür dəyişikliyi, “Qarabağı boruya dəyişmirik” deyənlərin kütləvi peşmançılığı və tövbəsi gecikir. Türkə nifrət aşağı-yuxarı dəyişməz qalır...
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ