Onlayn ictimai-siyasi qəzet
Əslində Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda “nə üzlə bura gəlmisən”, sualını eşitməyə haqq edirdi. Amma ona da Paşinyan deyərlər, ona da hay deyərlər. İlk dəfə deyil ki... Türkiyənin 6 vilayətinə iddia edən, bu sarsaq iddiaları ölkə konstitusiyasına yazan, gerbində Ağrı dağının şəklini saxlayan, olmayan hadisələrə görə türkləri “soyqırım”da günahlandıran Ermənistanın rəhbərləri üz-üzə gələndə özlərini heç nə olmamış kimi aparıblar hər zaman.
Elə Nikol Paşinyan keçən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmadımı, yenə də heç nə olmamış kimi...
Ötən ilin əvvəlində həmin bu Ermənistan Türkiyədəki zəlzələdən sonra 1993-cü ildən Kəlbəcərin işğalına cavab olaraq üzünə qapadılan sərhəd qapısından keçmək bəhanəsi ilə Türkiyəyə yardım göndərmədimi?
Əslində Türkiyənin hansısa hayastanın yardımına ehtiyacı yox idi, amma böyüklük nümayiş etdirib, geri qaytarmadı. Üstəlik, elə Paşinyan Tehrana səfər etdiyi gün Türkiyə və Ermənistanın xüsusi nümayəndələri iki ölkənin sərhədində görüşdülər. Ermənistan yenə də özünü “süddən çıxmış ağ qaşıq” kimi aparırdı. “Marqara” buraxılış məntəqəsini təmir edib, Ankaranın qərarını gözləyirlər, sərhədləri açmaq üçün. Amma bu yaddaşı gödəklər oturub düşünmürlər ki, axı biz “sərhəd qapılarını açaq” dediyimiz ölkənin azı 200 min kv km-lik ərazisinə iddia edirik, sözdə də yox, konstitusiya ilə, gerblə, nə bilim daha nə ilə. Bəlkə əvvəlcə öz içimizi dəyişək, səhmana salaq, sonra Türkiyə ilə münasibətlərdən danışaq. Dəvəquşu kola girir, elə bilir onu görən yoxdur, daha bilmir ki, quyruğunu el-aləm görür. Paşinyanın Ermənistanı da eləcə...
Paşinyanın İrana səfəri, heç nə olmamış kimi davranması Ermənistanın növbəti riyakarlıq nümunəsidir.
Ermənistan cəmi bir həftə əvvəl ABŞ hərbçiləri ilə birgə təlimlər keçirdi. Bu təlimlər təkcə Rusiyanı deyil, İranı da ciddi şəkildə narahat edirdi. Təsadüfi deyil ki, Rusiya rəsmiləri İrəvana xəbərdarlıq etməklə yanaşı, birgə hərbi təlimlərin İrana da təhlükə vəd etdiyi barədə anonslar edirdilər. Düzdür, İran rəhbərliyi narahatlığını diplomatik qaydalarla ifadə edir, amma hələlik pərdələri götürməmək naminə Ermənistana dözür. Şübhə yoxdur ki, Tehran görüşlərində lazımi sözlər Paşinyana deyilib. Nikol ənənəvi artistizmə üstünlük verərək olanları arxa plana keçirməyə cəhd göstərdi, amma alınmadı. Hətta utanmazcasına türk prezident Məsud Pezeşkianı bağrına basmağı hədəfləyirdi, arzusu ürəyində qaldı. Bu qucaqlaşma ilə nəinki İrandakı azərbaycanlılarda, həmçinin Azərbaycan Respublikasında bir məyusluq yaratmağı hədəfləyirdi. Həm də nifaq toxumu səpmək niyyətindəydi. Şübhəsiz, Məsud Pezeşkian təkcə əli minlərlə insanın qanına bulaşdığına görə Paşinyanla məsafə saxlamadı, həm də “Soros uşağı”nın Ermənistanı İran düşmənlərinə meydan olaraq təklif etməsinin qarşılığında onunla nümayişkaranə şəkildə məsafə saxladı.
Adam Fransadan SEZAR silahları alır, Avropa İttifaqının missiyasını öz ərazisində yerləşdirir, saylarını da ilbəil artırır, Qərbin regionda düşərgəsini, bazasını yaradır, digər tərəfdən də İrana üz tutur. Biz də bilirik ki, Ermənistanın Qərbdəki havadarları bizim bölgəmizdə hərbi mövcudluqlarını təkcə Ermənistana dəstək vermək naminə, yaxud Azərbaycana qarşı planlarda yer almaq üçün təmin etmirlər, onlar həm də perspektivdə İrana qarşı həyata keçirəcəkləri əməliyyatlar üçün baza yaradırlar. Qərbin Ermənistan qalasını ələ keçirməsi təkcə Rusiyaya qarşı cəbhə açmaq niyyətindən irəli gəlmir ki, həm də anti-İran planının bir hissəsindən qaynaqlanır.
Paşinyan elə bilir ki, İranda bunu bilmirlər. Düzdür, bir sıra hallarda İran rəsmilərinin davranışları Ermənistanı cızığından çıxmağa həvəsləndirir. Həmçinin İranın Ermənistandakı səfiri də ermənipərəstliyindən geri qalmır, hər vəchlə İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışır. Amma bəzən o da dözmür və sözünü deyir. Məsələn, bu yaxınlarda İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mediasına müsahibəsində bildirmişdi ki, “ABŞ-nin regiondakı siyasətinin Cənubi Qafqaz xalqlarının maraqları ilə heç bir əlaqəsi yoxdur, “Böyük Şeytan” başqa məqsədlər güdür”.
İran diplomatı bildirmişdi ki, Vaşinqton Cənubi Qafqazı başqa bir ölkə ilə hesablaşmaq üçün platformaya çevirmək istəyir.
“Böyük Şeytan”la münasibətlərimizdə olan təcrübəmizi nəzərə alaraq, onların bəyanatlarına şübhə ilə yanaşırıq”, - deyə diplomat bildirib.
Göründüyü kimi, İran diplomatı nə qədər ermənipərəst olsa da, Ermənistanın ABŞ-ni bağrına basmasını sinirə bilməyib, hətta sülh vədinə də inanmadığını nümayiş etdirib.
Amma Paşinyanın İranda irəli sürdüyü təşəbbüslərə rəsmi Tehranın reaksiyası ona tərs şillə oldu. Nə Zəngəzur dəhlizi ilə bağlı iddiaları qəbul edildi, nə də onun “sülh kəsişməsi” layihəsi. Paşinyan bir-biri ilə dərin ziddiyyətdə, münaqişə vəziyyətində olan qütblərin hər birinə yarınmağa çalışır. Hər yerdə bir vəd verir, amma onun etdiklərinin riyakarlıq olduğunu hamı görür. Buna görə də Paşinyanın bütün cəhdləri iflasa uğrayır.
Tehranda baş nazir Nikol Paşinyanla İran Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianın görüşünün mətbuata açıq hissəsində ümumi fikirlər səsləndirilib. Paşinyan isə “Mənim bu gün burada olmağım Ermənistan və İran arasında münasibətlərin ən yüksək səviyyədə dərinləşdirilməsinə, əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliyimizə sübutdur”, deyib.
Bu yerdə “bəs ABŞ hərbçilərinin Ermənistanda, amerikalı generalın Ermənistan Müdafiə Nazirliyində olması bizim dostluğumuza hansı şəkildə “töhfə” verir?”, sualı tam yerinə düşərdi. Bilmirik, Məsud bəy qapalı görüşdə bu barədə soruşub, ya yox?..
Nikol Paşinyanın növbəti dəfə əcaib “Sülh kəsişməsi” layihəsini və onun prinsiplərini təqdim etsə də, ciddi qarşılıq ala bilməyib. İran Respublikasının yeni seçilmiş prezidenti regionda sülh və sabitliyin bərqərar olması üçün ardıcıl səyləri vacib sayıb. Məsud Pezeşkian regionda sülhün qorunmasının İran üçün əsas əhəmiyyət kəsb etdiyini qeyd edərək əlavə edib ki, İran tərəfi də bütün məsələlərin dialoq yolu ilə həllini zəruri hesab edir.
Məlumata görə, Nikol Paşinyan İran tərəfinin Şimal-Cənub magistralının, xüsusilə Agarak-Kacaran hissəsinin tikintisində iştirakına əhəmiyyət verib. Ermənistan-İran sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyəti də vurğulanıb. Amma Ermənistanın “fövqəl” əhəmiyyəti barədə iddialarına Pezeşkianın xəfif təbəssümündən başqa diqqəti çəkən nəsə olmayıb.
İstisna deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan İranın dini lideri Ayətullah Xamenei ilə görüşdən də məyus ayrılıb.
Xüsusilə də bu görüşdən bir neçə saat sonra Tehranda HƏMAS liderinin öldürülməsindən sonra İranın Ermənistandakı Qərb casuslarına, hərbçilərinə daha sərt mövqe sərgiləyəcəyinə şübhə yeri qoymur. Amma kimə deyirsən, röyakar – “dənizdən-dənizə” ərazilərə sahib olduqlarını sərsəmcəsinə zənn edənlərin ölkəsinin riyakar siyasəti davam edir...
Hələ aylar öncə İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani Ermənistanın müdafiə naziri Suren Papikyanı Tehranda qəbul edərkən “regiondan kənarda təhlükəsizlik zəmanətləri axtarışı əks nəticə verəcək”, xəbərdarlığını etmişdi. İranlı nazir demişdi ki, təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda region güclü dövlətlər arasında münaqişə meydanına çevriləcək.
Paşinyan hakimiyyəti bu xəbərdarlıqlardan nəinki nəticə çıxarmadı, üstəlik, son ildə ikinci dəfə ABŞ hərbçiləri ilə birgə hərbi təlimlər keçirdi, Fransadan silah alışını artırdı, indi də müasir silah və texnikalardan istifadə ilə bağlı NATO mütəxəssislərini ölkəyə dəvət edir.
Qısası, bu hadisələr və sadalanan faktlar bir daha göstərdi ki, İranın regionda bir düşməni var, o da Ermənistandır. Nə olsun ki, Qarabağın işğal illərində, Ter-Petrosyan demişkən, İran Ermənistan üçün nəfəslik olub. Ermənilər üçün müqəddəs heç nə yoxdur. Rusiya ermənilərə Azərbaycan ərazilərində dövlət yaratdı, bir əsrdən çox bəslədi, hətta əlavə torpaqların ilhaqında hər cür dəstək verdi, amma günün birində Rusiyanı Qərbdəki yeni havadarlarına satdılar. Odur ki, bu gün bir ayağı ABŞ-də, bir ayağı Fransada olan Ermənistan rəhbərliyinin İranla bağlı siyasəti Sabiranədir:
“Çox ucuz qiymətə hər şey satıram,
Ay alan! Məmləkəti-Rey satıram!”
Ümid edək ki, Ermənistanın hələ bəlli olmayan sərhədlərini özünün “qırmızı xətti” hesab edən əvvəlki rəhbərlikdən fərqli olaraq Məsud Pezeşkianın İranı Ermənistana qırmızı vərəqə göstərəcək...
24 Noyabr 2024
22 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ