Onlayn ictimai-siyasi qəzet
Dünyada saysız-hesabsız səfeh qanunları olan ölkələr çoxdur. Görünür, o qanunlar vaxtilə hansısa zərurətdən, xüsusilə də axmaq adamları cilovlamaqdan ötrü yaradılıb, yoxsa ağlı başında adamlar niyə elə qanunlar qəbul etsinlər ki?
Məsələn, adamlar Sinqapurda çeynədikləri saqqızı masanın altına yapışdırmasalar, ölkədə saqqız çeynəməyi yasaqlamaz, ağzı “cinayət əməli” törədərkən ilişənləri cərimələməzdilər.
Bir müddət əvvələ qədər Böyük Britaniyada parlamentdə ölməyə qadağa qoyulubmuş. İzah belədir ki, parlament kral sarayıdır, orada ölən gərək krallara layiq təntənə ilə dəfn edilsin. Bu isə saraya sərf eləmir. Ona görə də mühafizəçilər halı pisləşən deputatları və ya texniki işçiləri sürüyüb parlamentdən çıxarırmışlar ki, burda ölüb bizi zibilə salma.
Avstraliyada kişilər dekolte qadın geyimindən istifadə edə bilməz. Əti tökülmüşlər, papağı yerə girmişlər, əl-əlbət, elə şey edirmişlər. Bu hərəkətin özü qanundan betər axmaqlıqdır. Zənənə köpəyuşağı...
Amma Danimarkada həbsxanadan qaçmağa çalışmağın cinayət sayılmaması axmaq qanun deyil, əksinə, yaxşı qanundur. Nəzərə alırlar ki, insan azadlığa can atır – imkanı çatdığı qədər.
Xüləs, dövlətlərin əksəriyyətində gicqulu qanunlar çoxdur. Biz şükür edə bilərik, elə səfeh qanunlarımız yoxdur, bizdə sadəcə, qanunlara qoz qoymamaq kimi axmaq bir vərdiş var. Amma bu başqa söhbətin mövzusudur.
Gəldik, türkün sözü, zurnanın “zort” elədiyi yerə, Səudiyyə Ərəbistanındakı bəzi səfeh qanunların mövcudluğuna. (Ümid edirəm, Əfqanıstandan fərqli olaraq Səudiyyə Ərəbistanında zurna çalmaq qadağan deyil).
Səudiyyə Ərəbistanında kişi həkimlərin qadınları müayinə etməsi və qadınların həkim peşəsinə yiyələnməsi qanunla qadağandır və bu, axmaqlığın yekəsidir. Bəs bu binəva qadınlara kim baxacaq, onları kim sağaldacaq? Deyəsən, qanunun fəlsəfəsi belədir: arvaddır, xəstələnib öldüsə, eybi yoxdur, get təzəsini al...
Heç demə, Səudiyyə Ərəbistanında daha bir axmaq qanun varmış, xristianların xaç çevirməsi qadağan imiş. Bu qanunun mövcudluğu bu günlərdə futbol matçında qol vuran portuqaliyalı legioner Kriştianu Ronaldonun xaç çevirməsindən sonra bilinib. İndi deyirlər ki, qanunu pozan Ronaldo həbs olunmalıdır.
Qanun belədirsə, ta neynəmək olar, Ronaldo gedib türmədə yatmalıdır – vicdan məhbusu kimi. Üstəlik, adı (Kriştianu) da xrstian deməkdir.
Amma maraqlıdır ki, xaç çevirmək niyə qanun pozuntusu sayılır. Təfsir belədir ki, xaş çevirən adam müsəlmanları öz dininə cəlb etmək üçün təşviqat aparır.
Bizə qalsa, biz tolerant adamlarıq, deyərik, təşviqat aparır, cəhənnəmə aparsın, bir müsəlman ki bir xaççevirmə jestini görən kimi dinindən dönəcək, Allah kəssin onun müsəlmanlığını.
20 il öncə o xaççevirənlər, küçədə adamın qabağını kəsib Yəhova şahidliyi təriqətinə dəvət edənlər Bakını, Gəncəni, Sumqayıtı başını götürmüşdü. Dəstə ilə gəzirdilər. Deyilənə görə, adamları pulla şirnikləndirirmişlər. Bir dəfə Gəncədən bir fotoşəkil göndərmişdilər, bir toyxana Yəhova şahidi adam yığışıb ibadət edirdi. Axırı nə oldu? Heç nə. Pul kəsilən kimi, “inanclılar” Yəhovanın daşını atdılar, ya hal şahidi oldular, ya da İmamzadəyə nəzir verməyə getdilər.
Amma Səudiyyə Ərəbistanında bunu qanuna salıblar ki, birdən kimsə gələr, sağ əlini əvvəlcə başına, sonra göbəyinə, daha sonra isə sol və sağ çiyninə aparar, din-iman əldən gedər.
Bu qanunu kitaba salanlar heç olmasa istisna halları da nəzərə almayıblar. Məsələn, qol vurana, küçədə qorxulu nəsə görəndə “oh, may Qad” deyənlərə güzəşt nəzərdə tutulmalıydı.
Bax, indi yaxşıdırmı, o boyda futbolçu həbs təhlükəsi qarşısındadır. Tutacaqlar, olmayacaq, dünya ayağa qalxacaq, tutmayacaqlar, yenə olmayacaq, dünya deyəcək ki, Səudiyyədə qanunlar işləmir.
Deməli, nə etmək lazımdır? Onu etmək lazımdır ki, dövlət öz axmaq qanunlarını ləğv etməlidir, dünya standartlarına uyğunlaşdırmalıdır. Əgər Avropada oynayan müsəlman futbolçular qol vuranda meydanın ortasında, stadiondakı 50 min azarkeşin və 50-60 milyon da televiziya tamaşaçısının önündə az qala bir rükət namaz qılırlarsa və bu jestə görə heç kəs dinindən dönmürsə, demək, xaç çevirməklə də heç kəs dinindən dönməyəcək. Açığı, xaç çevirməyin elə bir cəzbediciliyi də yoxdur, adi hərəkətdir.
Amma gələn son xəbərlərdə bildirilir ki, Ronaldo növbəti qoldan sonra sırf müsəlmanlar kimi dizini yerə qoyub səcdə edib. Türmə qorxusu belə şeydir.
***
Bizim uşaqlardan biri balaca olanda televizorda görmüşdü, bir az qorxan kimi xaç çevirir və deyirdi: “Bissi-millah, raahim”.
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ