Onlayn ictimai-siyasi qəzet
Qabaqkı illərdə belə şeylərə “müvəffəqiyyətdən başgicəllənməsi” deyirdilər. Bu ifadə ən çox da idman sahəsində işlədilirdi. Məcazi söz idi.
Olurdu, bir il hansısa yarışmada qızıl medal qazanan, təriflənib göyə qaldırılan biri sözün hər iki mənasında şişirdi, yəni həm çəkisi artırdı, həm də burnu dikəlirdi, nəticədə növbəti ilə biabırçılıqla uduzurdu və kəllə-mayallaq gəlirdi yerə.
“Qarabağ”la bu təhkiyə ilə davam etmək, bu sözləri işlətmək çox ağırdır. Biz azı 15 ildir bu komanda ilə nəfəs alırdıq, bu axşam nəfəsimizi kəsdi.
Fəhm başqa şeydir, qardaşlar. Oyundan əvvəl də bir futbol biləndarı dedi ki, çox da şey eləmə, turu “Rakov” keçəcək. Dedim, intuisiyan elə deyir, cavab verdi ki, yox, ümumi analiz belə göstərir.
Hələ keçən ildən həyəcan təbili çalırdıq, deyirdik, bu komandada bir şeylər qaydasında deyil, ancaq söz eşidən olmurdu. Komandanı idarə edənlərdə qəribə bir höcətlik var, deyirlər, qırxdır, bir əskik deyil, biz özümüz bilirik hansı oyunçunu harada, nə cür oynadacağıq.
“Qarabağ”a lazımlı və faydalı tövsiyə verənlər arasında Pelenin, Lev Yaşinin, Banişevskinin, Ələkbər Məmmədovun gəncliyi görən, son 40-50 ildə bir futbol matçı buraxmayan təcrübəli azarkeşlər vardı.
Vallahi, onlar futbolu Qvardiola və Simeone qədər bilirlər, bu işin professorlarıdır, bir komandanın oyununa yarım saat baxar, hansı potensiala malik olduğunu, hara qədər gedəcəyini yüzdəyüz dəqiqliklə deyə bilərlər.
Bax, o adamlar deyirdilər ki, “Qarabağ” bu gedişlə bir qara zolağa girəcək. Masa üzərindəki qəndin tamına and içirdilər, deyirdilər, bu tam haqqı, o Şahruddin bu komandanı becərəcək.
Hələ keçən il o qapıçı iki kobud, uşaqvari səhvi ilə komandanı Çempionlar Liqasının qrupuna düşməkdən məhrum edəndə futbol biliciləri yekdil və kateqorik şəkildə ondan əllərini yumuşdular. Deyirdilər, “Qarabağ”a təcili bir normal qapıçı lazımdır.
Amma sən gəl komandanın prezidenti Tahir Gözəli və baş məşqçi Qurban Qurbanovu, türkün sözü, ikna et, görüm, necə edirsən.
Ölkənin azarkeş kütləsi bir yana oldu, “Qarabağ”ın başbilənləri bir tərəfə, öz bildikləri etdilər. Noyer, Ter Ştegen, Kurtua elə səhv eləsə, onu klubundan qovardılar, amma Şahruddin toxunulmaz oldu.
Nə prinsip idi, axı? Ölkədə, regionda başqa qapıçımı yox idi? “Rakov”la ilk oyunda onun heç nədən buraxdığı 3 qol qarşılaşmanın taleyini həll etdi, “Qarabağ”ı da ÇL-dən kənarda qoydu. Ən azı son 7 ildə “Qarabağ” bu mərhələdə mübarizəni dayandırmamışdı, həmişə rəqiblərini çiləyə-çiləyə (3:0. 4:0) getmişdi.
İspaniyanın “Atletiko”, Fransanın “Nant” klublarını Bakıdan şoka salıb göndərən komanda bu axşam öz azarkeşlərini, yəni bütün ölkəni şoka saldı (“Qarabağ” çoxdan milli komandaya dönüb, ona bütün ölkə azarkeşlik edir).
Oyuna baxanda adama elə gəlirdi ki, oynayan “Qarabağ” deyil, ənənəvi qara formanı geyən başqa gənclərdir. Keçən illərdə meydana Maksim, Bədavi, Qara, Ozobiç, Ramil, Mahir, Kadi, Ovusu, Gerye və o birilər çıxırdı. Bu il heç biri yoxdur. Bir ilin içində bir komandada bu qədər dəyişiklik, yeniləmə edəndə mütləq zibili çıxır, komandanın oyun stili pozulur, təcrübə mirası dağılır. Heyətin yenilənməsi tədricən olmalıdır, radikal şəkildə olmaz.
Bəli, son oyunda “Qarabağ”ın qızıl kollektivindən – Rəşad Sadıqovdan Qaraya qədər heç kəs yox idi. “Qızıl” oğlanların yeri nəinki “gümüş”lə, heç “bürünc”lə də doldurulmayıb. Toraldan başqa gözəgəlimli oyun göstərən yoxdur. Bəhlul bir oyun yaxşı oynayır, ikinci oyunda baxırsan ki, bu keçən dəfəki Bəhlul deyil. Zubir yaxşı driblinq etsə də, axırda əlinə-üzünə bulaşdırır, vuran ayağı yox, ağıllı qərar qəbul edəcək başı yox, nə etsin? Andrade soyadlı legionerlərin oyununun qiyməti də “andıra qalsın”dan başqa bir şey deyil.
Bir sözlə, bu dəfə qələbəmiz mübarək olmadı. Ümid edək ki, bu məğlubiyyət komanda üçün soyuq duş olar, onları ayıldar. Hərçənd bu uduzmaq azarkeşlər üçün qaynadan radiatordan paqqıldayan qaynar su effekti verdi, əl-ayağımızı pörşələdi.
Heç olmasa bu il “Neftçi” bir az qabağa getsə, başımızı onunla qatardıq. Bizə qürur duymağa komanda, öyməyə baş məşqçi, tərifləməyə oyunçu lazımdır. Görək, kim qabağa çıxacaq...
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ