Onlayn ictimai-siyasi qəzet
Hər ilin bu vaxtları gələndə sanki ölkədə və dünyada başqa söhbətlər qurtarır, bütün siyasi proseslər, hadisələr arxa plana keçir, müharibələrdə atəşkəs elan edilir və jurnalistlərin peşə bayramı, təbrik olunmaları, mükafat almaları, ziyafətlərə çağrılmaları əsas müzakirə predmeti olur.
Bu, niyə belə olur, oxumuş adamlar demişkən, obyektiv və subyektiv səbəbləri var.
Bəs bunu kimlər edir? Bunun cavabı dərində deyil. Bunu jurnalistlərin özləri, dostları və düşmənləri edir. Hamısı yazı-pozu işində pərgardır axı, bu yazır, o yazır, o biri, bu biri yazır, qaşınmayan yerdən qan çıxarır, vannada sunami yaradır, köhnə vaxtların hərbçi mundiri geyən aşıqları kimi qabaq-qənşər durub deyişirlər, olur gündəm.
O yandan da jurnalistlərlə müəyyən münasibəti olan və hər mövzuya münasibət bildirdikləri kimi bu mövzuya toxunmağı da vicdan borcu hesab edən (əks təqdirdə kimsə onlara zəng edib deyə bilər ki, xeyir ola, jurnalistlərə aid bir yazmadın) adamlar da “qələmini satmayan, obyektivliyini qoruyan, vicdanlı jurnalistlər”i təbrik edir. Bununla da onlar cəmiyyətə mesaj verirlər ki, əslində jurnalistlərin çoxu qələmini satmış vicdansızlardır, amma onun özü vicdanlı adam olduqları üçün yalnız vicdanlılara təbrik ünvanlayırlar.
Axtarıb-araşdıranda məlum olur ki, “vicdanlı jurnalistlər”i təbrik edənlərdən biri həkimdir və apteklərlə işbirliyindədir, faiz alır və pasiyentlərini yalandan mənasız analizlərə göndərməklə məşğuldur – amma vicdanlı adamdır.
Başqa birinin işi, peşəsi ilə maraqlanırsan, aydın olur ki, illərdir heç yerdə işləmir, eləcə bir QHT-si var, xarici fondlarla (ya da yerli qrantverənlərlə) əməkdaşlıq edir, lüks cip sürür, bağ evində yaşayır, günaşırı restoranlarda, həftəaşırı xarici səfərlərdədir, amma çox kristal adamdır.
Başqa biri vergidən yayınanın, inhisarçıların yanında küllələnlərin yekəsidir, amma özünü vicdanlı adamların kateqoriyasına aid edir.
Xüləs, baxırsan ki, iki cüt bir tək vicdanlı adamı olan ölkədə hamı bir-birini yola verməklə, bir-birindən barınmaqda, bir-birinə üz görməkdə, başqasının haqqına girməkdədir, amma hamısı da vicdanını itirməyib, gözləri təkcə jurnalistləri görür.
Çox adamda belə bir qənaət var ki, ölkədə A.-dan Z-yə qədər bütün peşə sahibləri hər cür əmələ qol qoya, hər cür tort, keks-poks yeyə, hər türlü əclaflığı başlarından aşıra bilərlər, amma jurnalistlərin bu haqqı yoxdur. Onlar həmişə vicdanlı və obyektiv olmalıdırlar və xalqın hüquqları, güzəranı uğrunda döyüşməlidirlər, problemlərini həll etməlidirlər, lazım gəlsə, döyülməlidirlər, söyülməlidirlər, amma geri durmamalıdırlar, çünki onların peşəsi bunu tələb edir.
Bax, illərdir belə bir yanlış düşüncə var. Çox adamın ağlına gəlmir ki, Z-dən A.-ya cəmiyyət dürüst, qanunsevər olmayınca, jurnalistlər dronla göyə qalxsalar da heç nə edə bilməzlər. Onlar heç öz problemlərini həll edə bilmirlər, o da ola cəmiyyətin avanqard qüvvəsi olalar.
Bir peşədir, işləyirlər, maaş, qonorar alırlar, vəssalam, öz üzərlərinə müdhiş öhdəliklər, ölkəni, bəşəriyyəti xilas etmək kimi missiyalar götürmək istəmirlər, heç kimə lazım olmayan həqiqətin ortaya çıxması üçün özlərini qurban vermək fikirləri yoxdur.
Lap tutaq ki, öz peşəsinin fanatı olan bir gənc jurnalist aradı, araşdırdı, bir oliqarxı ifşa etdi, nə olacaq? Oliqarxı həmin gün qandallayacaqlar? Yox. Amma 5-10 gündən sonra o jurnalisti tutub eşşək qədər döyəcəklər, düşəcək xəstəxanaya, ölsə, yığışıb xatirəsini yad edəcəyik, ölməsə, bir daha heç kəsi ifşa etməyəcək. Hətta son nəfəsində onu döydürənin adını çəksə, adam gülümsünərək belə cavab verəcək: “O gəncin haqqında eşitmişəm, dedilər, məndən də nəsə yazıbmış, amma biz o səviyyənin adamı deyilik ki, hər yazılan sözə görə belə hərəkət edək. Həm də mən o qədər ağılsızam ki, şübhələrin mənə yönələcəyini bilə-bilə belə bir işə qol qoyum? Bu, yəqin ki, əslində mənə qarşı təxribatdır”.
Di gedin, tapın, görüm, jurnalisti döydürəni necə tapırsınız.
Dediyim odur ki, cəmiyyət, millət olaraq jurnalistlərdən gözləntilərinizi ərşə-gürşə qaldırmayın. Onlar da adi adamlardır, adi qayğıları, adi arzuları, adi həyatları var və ölkənin, xalqın indisini, gələcəyini istiqamətləndirmək onların əlində deyil. Dövlət mürəkkəb mexanizmə, quruluşa malik maşındırsa, jurnalistlər uzağı, o mexanizmdə bəzən əl tormozudurlar, bəzən də qaz pedalıdırlar, proseslərdə iştirakları aşağı-yuxarı bu cürdür.
Ona görə də hər ilin bu vaxtları bu mövzuda ajiotaj və tozanaq qoparmasaq, yaxşıdır.
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ