İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiadanın sonu – Bir ölkə 63 kilo medal qazandı, 113 ölkə əliboş qaldı

Paris olimpiadası bitdi, getdi. Adama elə gəlir ki, oyunlar çox tez başa çatdı, biz hələ azarkeş olaraq indi-indi qızışırdıq, idmançılarımızın çıxış edəcəyi vaxtları yeni-yeni dəqiqləşdirirdik, bir də baxdıq ki, bay, yarış qurtarıb və əlimizdə cəmi 7 medal var.

“Buna da şükür” deməkdən başqa çarə yoxdur. Olimpiadaya qatılan 206 ölkənin içində 30-cu yeri tutmaq da pis deyil. Pis olan odur ki, Qafqaz birincisi ola bilmədik, son gündə Gürcüstan daha bir medal qazanaraq, 24-cü oldu, qürur duyacağımız detalı əlimizdən aldı. Amma gözəgörünməzə şükür edə bilərik ki, sülh müqaviləsi bağlaya bilmədiyimiz qonşularımız 67-ci yeri tutublar.

Onlar da qürur duya bilər ki, hər halda olimpiadaya sıfırla gəlib sıfırla gedən 113 ölkənin içində deyillər. Yeri gəlmişkən, 68-ci yeri də Kolumbiya tutub. Bu iki ölkənin bayraqlarının bənzər olmasını səhv salıb yumruqlayanlar vardı, xatirinizdədirsə.

Olimpiadanı 0 medalla tərk edənlərin içində Finlandiya, Səudiyyə Ərəbistanı və Surinam kimi ölkələr var. Təsəvvür edin ki, Hollandiyanı dünyada idman, futbol ölkəsi kimi tanıdan məhz surinamlılardır. Bəlkə də çox adam Surinamın harada yerləşdiyini bilmir, amma bütün idman azarkeşləri Ruud Qulliti, Frenk Raykaardı, Edqar Davidsi tanıyırlar. Onlar isə surinamlıdır. Elə bu il də 15 qızıl, 7 gümüş, 12 bürünc medalı Niderlanda qazandıranların arasında dərisi hər rəngdə olan idmançılar var. Yəni Surinam idmana maya qoysaydı, atletləri öz ölkələrinin bayrağını qaldırardılar.

Hərçənd maya qoymaqla da deyil, ona qalsa, Səudiyyə Ərəbistanı 6 qramlıq qızılla örtülən və ümumi çəkisi 531 qram olan olimpiya medalını qazanan idmançıya 5-6 kilo xalis qızılın pulunu verərdi, amma bu ölkəni təmsil edən idmançılar heç bürünc də qazanmadılar. Allah şeytana lənət eləsin. O qədər daş da kar eləmir yaramaza.

Medal sayına görə 1-ci yeri, çox vaxt olduğu kimi, yenə də ABŞ qazanıb. Bu ölkənin idmançıları toplamda okeanın o tayına 126 (40 qızıl, 44 gümüş, 42 bürünc – toplamda 63 kilo 660 qram) medal apardılar. İndi gəlin nəzərə alaq ki, ABŞ 50 ştatdan (dövlətdən) ibarətdir və o ştatların ən balacası Niderland boydadır. 126-nı bölək 50-yə. Cavab 2.57 olur. Demək, ABŞ-nin bir-birinə birləşmiş 50 dövlətinin hərəsinə 2,5 medal düşür. Bunun da biri qızıl, biri gümüş, o biri yarımı da bürünc olsun. Göründüyü kimi, böyük nəticə deyil.

Elə dünyanın ərazicə ən böyük 4-cü, əhalicə 2-ci ölkəsi olan Çinin də 40 qızıl medal qazanması elə də böyük uğur deyil. 1 milyard 400 milyon insanın içindən 91 medal qazanan idmançı tapmaq asandır. Hərçənd əhalisi Çininkindən də artıq olan və ərazisinə görə dünyanın 7-ci ölkəsi olan Hindistanın 6 medalla (1 gümüş, 5 bürünc) 72-ci yeri tutması, kosmosdan baxsaq da, ayıbdır. Polis gələnə qədər bir rota adamı bir-birinə qaran Şakaya, Cimiyə yaraşan nəticədirmi bu? Elə çıxır ki, induslar döyüşməyi, güləşməyi təkcə filmlərdə bacarırlar. Qoyasan nazənin dilbərlə əl-ələ tutub dərə aşağı çəmənlikdə qaçsınlar, arada yağışa düşsünlər, eyzən oxuyub-oynasınlar. Oğluna yarım milyard dollarlıq toy çaldıran milyarder Mukeş Ambani o pulun yarısıyla 10 federasiya yaratsaydı və şudralar kastasının bekar gənclərini idmana sövq etsəydi, bəlkə də ki, Hindistan da Niderland qədər medal qazanardı.

Güləşməyin, at çapmağın kitabını yazan monqolların cəmi bir gümüş medal qazanması da Çingiz xanın, Hülakü xanın, Ugedayın adına ayıb oldu. Koreyadan Macarıstana qədər getmiş əcdadların züryətləri belə olmamalı idilər. Bax, əmir Teymurun nəvələri dədələri kimi qoçaq çıxdılar - 13 medal qazandılar, hamısı da əlbəyaxa döyüş növləri üzrə.

Qardaş Türkiyənin yeri də yaxşı olmadı. 65-ci yer nəydi? Şaka kimi. Görünür, türkün sözü, jenerasyon (nəsil) dəyişikliyi gedir, yeni Naimlər, Rzalar yetişməlidir.

Ta keçdi, növbəti olimpiadalara hazırlaşmaq lazımdır. 2028-ci il olimpiadasında bir qızıl medalımız nağddır. Zorla boynuna qoymaq kimi çıxmasın, Hidayət söz verib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024