Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan “bir budaqda oturub, yüzünü silkələməyə” çalışdı. Özünü sülh carçısı kimi təqdim etməyə çalışdı. Yaddaşı gödək olanlar unuda bilər və Paşinyanın özünün də yaxın keçmişin həqiqətlərini unutdurmağa çalışması hay prizmasından yanaşdıqda, normal görünür. Amma nöqtə-vergülünə, nidasınadək yaxın keçmişdə baş verənlər yadımızdadır.
Düz 5 il əvvəl, 2019-cu ilin avqustunda Paşinyan “ümumerməni oyunları”n keçirilməsi ilə bağlı Xankəndiyə qanunsuz gəlmişdi və orada Ermənistanın heç bir rəhbər şəxsinin iddia etmədiyi şəkildə Qarabağa iddiasını irəli sürmüşdü. Daha dəqiq olması üçün sitatı xatırladaq: “Əminəm, indi sizdən çoxları soruşur ki, bəs nə üçün artsax (Dağlıq Qarabağ - red.) haqqında heç deyilmir? - Ermənistanın gələcək 30 ilin inkişaf perspektivləri barədə danışan baş nazir Paşinyan qeyd edib, - Cavabı aydındır. Çünki artsax Ermənistandır, vəssalam!” Həmin çıxışında bir neçə dəfə “Artsax” Ermənistandır, vəssalam”, - ifadəsini səsləndirdi və ondan sonra nələr baş verdi, hamımıza məlumdur.
Xankəndiyə son gəlişində Ermənistan və “Dağlıq Qarabağ hökumətləri” üçün “yalnız Ermənistan və Qarabağ xalqları tərəfindən təqdir edilən danışıqların yekunları əsasında qəbul olunmuş istənilən həlli məqbul hesab edilə bilər” deməklə savaşı tətikləyən Nikol Paşinyanın çatdığı savaş alovu minlərlə gəncimizin həyatına son verdi. Əli minlərlə gəncimizin qanına batmış bu “sülh qarğası” indi yenə də valı dəyişib, özünü “aydan arı, sudan duru” göstərməyə çalışır.
Keçən həftə keçirdiyi mətbuat konfransında Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün birbaşa danışıqlara üstünlük verir. Onu da deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-Ermənistan sərhədində görüş keçirməyə hazırdır. Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi üzərində ikili formatda aparılan iş effektivdir. “Biz bütün beynəlxalq tərəfdaşlarımızın Ermənistanla Azərbaycan arasında sülh prosesi üçün səylərini yüksək qiymətləndiririk. Artıq uzun müddətdir ki, Azərbaycanla ikili formatda iş aparılır. Bu format özünün effektivliyini göstərib”.
Paşinyan bildirib ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinə də son telefon danışığı zamanı deyib.
Əvvəla, danışıqların ikitərəfli formatda aparılması zərurətini və bunun ən effektli yol olduğunu ilk olaraq Azərbaycan Prezidenti bildirib və deyilənlərin doğruluğunu 19 apreldə delimitasiya, demarkasiya prosesi ilə bağlı nəticəyə gətirib çıxaran razılaşmaların əldə olunması da təsdiqlədi. 4 anklav olmayan kəndin azad olunması, komissiyalarla bağlı əsasnamənin razılaşdırılması da məhz Azərbaycanın israrı nəticəsində ikitərəfli görüşlərin nəticəsində baş verdi. Amma hətta bu pozitiv prosesin fonunda Nikol Paşinyan Makron Fransasının və ABŞ-nin, həmçinin prosesləri pozmağa çalışan digər paytaxtların təzyiqləri nəticəsində sülhün əldə olunmasına yönəlik addımlardan yayınmağa çalışdı. Azərbaycan Prezidenti ilə sərhəddə görüşməyə hazır olduğunu bildirən Paşinyan bu suala cavab verməlidir: elə isə Londonda, cənab İlham Əliyevlə görüşdən niyə qaçdın? Məntiqlə Böyük Britaniyada ikilikdə görüşüb, daha irəli aparan qərarlar qəbul etmək olardı. İmtinanın səbəbi və ya səbəbkarı kim oldu – Makron?
Başqa bir sual: Paşinyan Azərbaycan Prezidenti ilə sərhəddə görüşərək onunla nə danışacaq? Fakt budur ki, sülh sazişini bir aya bağlayacağını hər kvartalda bəyan edən Ermənistan rəhbərliyi silahlanmanı davam etdirir. Hətta son brifinqdə Azərbaycanla bağlı hərzə-mərzə danışaraq iddia etdi ki, bu ölkə daha çox vəsait ayırır silah-sursat alınmasına. Nikol Paşinyan doğrudanmı anlamaq istəmir ki, onun kadastr sənədi olmayan ölkəsinin fərari ordusu işğalçı ordudur və hələ ərazisini 30 il işğalda saxladığı qonşu ölkə ilə sülh imzalamadığı halda, ordusunu silahlandırmağa ixtiyarı yoxdur?! Belə bir ölkə ordudan məhrum edilməlidir! Nikol Paşinyan iddia edir ki, Azərbaycan ÜDM-nin 17 faizini hərbi məqsədlərə xərcləyir. Əslində isə ölkəmizdə orduya ayrılan vəsait ÜDM-in 4 faizini təşkil edir. Reallıqda Ermənistanın özü 2024-cü il dövlət büdcəsinin 17 faizini hərbi məqsədlərə ayırıb - 2020-ci illə müqayisədə 81 faiz çox!!! Ermənistanın Fransa, ABŞ, Hindistan, İrandan aldığı silahlara yüz milyonlar ayrılır. Bu silahlar, özüyeriyən artilleriya qurğuları niyə alınır, sülh danışıqlarında atəşfəşanlıq təşkil eləməkdən ötrü? Hər halda Paşinyan bir az ciddi olmalıdır!
Azərbaycan Prezidenti şərtini elan edib: sülhün imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməli, Azərbaycana qarşı ərazi iddialarının əksini tapdığı qanun zibil qutusuna atılmalıdır! Həmin qanunda Türkiyəyə qarşı ərazi iddialarının olduğu təqdirdə hansı sülhdən, yaxud Türkiyə ilə sərhəd qapılarını açmaqdan söhbət gedə bilər? Gerbində Ağrı dağının əksi olan ölkə hansı üzlə Türkiyə ilə sərhəd qapısını açmaq istəyir – qapının üstündə Ağrının şəkli olduğu halda?! Odur ki, sərhəddə görüşə qədər Paşinyan Prezident Əliyevin tələb etdiyi şərtləri icra etməlidir: Ermənistan Konstitusiyası dəyişdirilməlidir, ATƏT-in Minsk Qrupu adlı mənasız qurumdan məhz bu günlərdə imtina olunmalıdır! Yoxsa Paşinyan oyunbazlıq nümayiş etdirərək konstitusiyanın 2027-ci ildə dəyişdiriləcəyi barədə yalan vədləri dövriyyə buraxır, həmçinin Minsk Qrupunun sülh sazişinin imzalanmasından sonra buraxılmasını məqbul sayır. Adam reallıq hissini itirib: İlham Əliyev vaxtilə dedi: “Qarabağ Azərbaycandır və nida!” Paşinyan dərsini götürmədi və Tovuz təxribatı, ardınca 27 sentyabr təxribatına əl atdı. Ordusu darmadağın oldu. Sonrakı dönəmlərdə də ciddi səhvlərə yol verdi, amma hər dəfə də uduzdu. Keçən il separatçı dəstəni təbrik etmişdi, sonra nə baş verdi, o da məlum: Xankəndidə seçici fəallığı ölkəmiz üzrə ən yüksək oldu, bu faktın özü haylara dağ çəkdi.
Nikol Paşinyanın və Ermənistanın xilası Azərbaycanın təklif etdiyi yol xəritəsinə uyğun addımlar atmaqdır, əks halda növbəti məğlubiyyətlər qaçılmaz olacaq. Nikol Paşinyan anlamaq istəmir ki, onun oyunbazlığı, siyasi manevrlər etmək cəhdləri separatçı ünsürlərin, revanşistlərin yenidən baş qaldırmasına səbəb olur, bu isə sülh prosesinə ciddi əngəl olacaq. Budur, Paşinyanın nağıllarından sonra Qarabağdan tülkü kimi, bəlkə də arvad paltarında qaçmış Samvel Şahramanyan yenidən ortada görünüb. “Təəssüf ki, bu gün “Artsax” itirilib. Biz bu günü bayram kimi qeyd etdik, amma bu gün acı gündür. Vətənimizə qayıda biləcəyimizə böyük ümidlər bəsləyirik. “Artsax”a hansı status və necə qayıtmaq məsələsi daim gündəmimizdədir. Bu məsələni həll etmək üçün “Artsax” parlamenti Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Vardan Oskanyanın rəhbərlik etdiyi komitə yaradıb. Biz vaxtaşırı görüşür və mümkün qayıdışla bağlı məsələləri müzakirə edirik. Bununla bağlı müxtəlif variantlar və təkliflər var. “Artsax” xalqı həqiqətən də “Artsax”a qayıtmaq və öz vətənində, Ermənistan “Artsax”ında yaşamaq istəyir. Hazır olmalıyıq. Bizim qayıdışımız beynəlxalq zəmanətlər, layiqli, ədalətli şərtlər altında mümkün olacaq və ən əsası özümüzü təhlükəsiz hiss etməliyik. Əgər bu kriteriyalar kəsilərsə, biz bu problemi mümkün qədər tez həll etmək üçün danışıqlara hazırıq”, - deyə Şahramanyan sərsəmləyib.
Nikol Paşinyan Azərbaycanın təhlükəsizliyini təhdid edən Köçəryan, Sərkisyan, Ohanyan, Şahramanyan, Oskanyan kimi canilərin ağzını yummalıdır, sülh istəyirsə…Yoxsa sərhəddə görüşüb, Prezident Əliyevə nə deyəcək? Deməyə sözü varmı? Adama deyərlər: “Get, dərsini oxu, gəl!” Yaxud tapşırıqları icra edəndən sonra gəl, görüm nə deyirsən? Azərbaycanın əsas şərtini 2027-yə saxlamaq istəyir, görüşə gəlir. Deyən gərək, sən əminsənmi ki, 2027-yədək hakimiyyətdə qalacaqsan?!
22 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ