Onlayn ictimai-siyasi qəzet
İndiki cavanlar bilməz, təxminən 20 il öncə müğənni Aygün Kazımovanın bir klipi vardı, adı, gərək ki, “Ya i Tı” idi, elə rusca da oxuyurdu.
Olduqca peşəkarcasına çəkilmiş klipdə müğənni xanım eyzən çimərlik paltarında görünürdü. Həmin klipin 3-4 epizodunda isə Aygün xanım ağ mini yubka geymiş halda qəfildən yerində fırlanırdı və “yel vurdu, rübəndi atdı üzündən” hadisəsi baş verirdi.
O vaxt nəyə görəsə hamı məhz bu epizoda ilişirdi – epizoddan xoşları gələnlər də, gəlməyənlər də deyirdilər, bu nədir belə, ar-abır əldən getdi, belə klip olarmı, camaata belə mənzərələr göstərilərmi.
Yəni çimərlik paltarında oynayıb-oxumağa bir söz deyən yox idi, amma yubkanın havaya pərvaz eləməsi epizodu mental dəyərlərə düz gəlmirdi, abırsızlıq kimi qiymətləndirilirdi.
O vaxtın cavanları bu iradla çıxış edən böyüklərə deyirdilər, burda nə var ki, Aygünə yaraşır, imkan verin, fırlansın, insanlara zövq versin.
Onlar da deyirdilər, siz bilmirsiniz, beş-altı ildən sonra biri də gəlib daha pis çırmanacaq, sonra ondan nümunə götürən başqaları bir az da qabağa gedəcəklər və arvad-uşaq yanında televizora baxmaz hala gələcəksiniz.
Düzdür, axırda başqa düşüklüklərə görə televizora baxmaz olduq, amma deyilənlər də oldu. Aygünü populyarlığının zirvəsində haqlayan, ona şərik olan başqa bir qadın müğənni telekanalın canlı efirində gənc sənət yoldaşının qucağına tullandı – özü də ayaqlarına haçalayıb gədənin belinə dolayaraq. (Bir ara bəzi futbolçular qol vuranda sevinclərini ötürmə verən yoldaşı elə bölüşürdülər, axırda bir-ikisinin adına söz çıxdı).
O hadisədən və bir neçə belə abırsız, açıq-saçıq hərəkətlərdən sonra “yeni “ulduz” parladı. Ondan sonra gələnlər də həmin xətlə parlaya-parlaya getdilər və gedirlər. Açıq-saçıqlıq, ədəbsizlik populyarlığın ekvivalenti oldu.
“Yeni ulduz” demişkən, bu adda musiqili teleşounun populyar vaxtı bir həmkarımız bir gün işdə gileyləndi ki, işə baxın, 100 il əvvəl Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasını tamaşaya qoyanda Leyli rolunda oynamaq üçün qadın müğənni tapa bilməyib, məcbur olub Əhməd Ağdamskini oynadıb, amma indi...”. Dedik, indi nə olub ki. Əməkdaşımız dedi, indi o olub ki, “Yeni ulduz”da iştirak etmək üçün 8 min gənc ərizə verib, 4 min 500-ü qızdır.
Zarafata saldıq ki, bax, görürsən, sənətə diqqət yaxşılığa doğru necə dəyişib. O da başını buladı, dedi “bu, sənətə diqqət deyil e, ətədir”.
Əslində biz də bilirdik ki, musiqi yarışmasındakı 20 yerə seçilmək üçün 8 min adam bir az çox kimidir, amma ta neynəmək olardı.
Tələbat vardı, xalqa yeni səslər, nəfəslər lazım idi. Pullu adamlar da sənətin bu növünə ciddi yatırımlar edirdilər. Opera və balet ustalarına qara qəpik xərcləyən yox idi, amma gənc müğənni xanımların klipinə sponsorluq etmək üzrə yarışma gedirdi, təxminən bu cür: “Mənim civim səninkindən yaxşı oxuyur”.
Sponsorlar nikahdankənar lotuluqları ilə məşhur idilər və boşuna bir manat da xərcləməzdilər, sponsorluğun axırı mütləq istirahətlə bitməliydi. Hətta bir dəfə türkiyəli müğənni Hadisəyə də girişənlər olmuşdu, o da demişdi, get, anqır, tayını tap.
“Yeni ulduz”da autsayder olduğu və yarışmadan kənarlaşdırılmaq təhlükəsi yaşadığı üçün gözünün yaşını gilə-gilə tökərək xalqdan səs istəyən 18 yaşlı qız 3 aydan sonra 3 mərtəbəli villasını, lüks avtomobilini və 50 cüt bahalı ayaqqabısını xalqa nümayiş etdirəndə çox adam barmağını dişlədi ki, hər halda sənətə diqqət və qiymət var.
“Daha böyük abırsızlıqlar olacaq, fahişəlik normal sayılacaq və onlar heç nədən utanmayacaqlar” deyənlərin proqnozları doğrulub artıq. O gün biədəb klipi yayılan müğənni qızın ardınca efirlərdə biri müğənni olan xala-balanın “yataqda kişi ilə tutulmaq” qovğası neçə gündür ictimai müzakirələrin mövzusudur. Bu mövzu hətta “Rəqsanənin qızının yeni sevgilisi kimdir” dilemmasını da kölgədə qoydu.
Yeri gəlmişkən, bu mövzunu açıqlığı ilə gündəmə gətirənlərdən biri də məhz Rəqsanə olmuşdu, onu “müğənni xanımların çoxunun sponsoru-sevgilisi var” dediyinə görə bir ara az qala studiyada saçlayıb sürüyəcəkdilər. Amma o da dediyini axıracan dedi.
İndi vəziyyət belədir. Hər gün yeni abırsızlıq, yeni rüsvayçılıq, yeni əxlaqsızlıq. Daha nikahdan kənar saxlanılma hadisəsi qəbahət sayılmır, “gündə bir ərə getmək” haqq-hesabı da keçmişlərdə qalıb.
Oxumuş adamlar deyir, hələ daha pis olacaq. Olar, olar. O vaxt biz “Ya i Tı” klipinə baxanda deyirdik, bundan o yanası ola bilməz.
P.S. Bu yazını yazanda o klipə yenidən baxdım. Allah tərəfi, Aygün xanım hələ də yaxşı oxuyur, yaxşı da oynayır.
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ