Onlayn ictimai-siyasi qəzet
Yəqin xəbəriniz var, Fransa prezidenti Emmanuel Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edib. Bu, həmin Milli Assambleyadır ki, son illərdə Azərbaycanın “daş”ı ilə əlləşirdi, fürsət düşən kimi, ölkəmiz əleyhinə yalan və iftira dolu qətnamə qəbul edir, erməni revanşizmini, faşizmini, terrorizmini, qondarma ittihamlarını müdafiə edən abırsız mövqelər sərgiləyirdi.
Budur, Makron Fransa Milli Assambleyasının buraxıldığını elan edərək 30 iyun tarixinə birinci, 7 iyula isə ikinci tur olmaqla Assambleyanın növbədənkənar seçkilərini təyin edib.
Rəsmi məlumata görə, bundan əvvəl Fransada Avropa Parlamentinə (AP) seçkilərdə qalib gələn “Milli Birlik” partiyası Makronu Fransa parlamentinə növbədənkənar seçkilər təyin etməyə çağırıb. Beləliklə, Makron özü də bu, uğursuz qurumla yollarını ayırmağa qərar verdi. Amma yeni seçkilər onun işinə yarayacaqmı? O qənaətdə deyilik ki, Fransa Milli Assambleyası Azərbaycanla düşmənçiliyi özbaşına seçmişdi. Xeyir! Bu, birbaşa Makron siyasətinin senatorlar səviyyəsində həyata keçirilməsi idi. Amma görünür anti-Azərbaycan siyasəti o qədər uğursuz formada reallaşdırılıb ki, hətta Emmanuel də narazı qalıb. Görək bundan sonrakı tərkib hansı yolu tutacaq? Ümumiyyətlə, Fransa prezidenti Azərbaycanla bağlı sərglədiyi yanlışlara son verəcəkmi, yoxsa yeni tərkibdən də eyni mövqeyi tələb edəcək?
Xatırlatmaq yerinə düşər: Milli Assambleya Fransa parlamentinin aşağı palatasıdır. Assambleyanın deputatları qanunların müzakirəsi və qəbulu, habelə zəruri dəyişikliklərin edilməsi ilə məşğuldur. Amma son zamanlar bu qurumun iş fəaliyyətinə Azərbaycana, Türkiyəyə qarşı düşmənçiliyin davam etdirilməsi, “erməni milli irsi” adlı amorf bir məsələni bayraq edib qaralama kampaniyası aparması, öləziməkdə olan erməni revanşizminin çörəyinə yağ sürtməsi, çırağına neft tökməsi kimi sahələr də daxil idi. Qos-qocaman Fransanın imicini nə kökə saldılar bu oyunbazlar, erməni lobbisinin yedəyində gedən korrupsionerlər dəstəsi.
Azərbaycan öz ərazisini işğaldan azad edəndən sonra yekdilliklə - 256 nəfər lehinə, 0 nəfər əleyhinə olmaqla “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı (?!) tələb edən qərəzli qətnamə qəbul edənləri Makron bir işarə ilə “sel aşağı” yolladı. İstifadə olundular, birdəfəlik “şpiris”sayağı. Görəsən, içərilərində kimlərsə olacaqmı ki, çıxıb nəyin müqabilində bir suveren ölkənin hüquqlarına bu qədər alçaqcasına müdaxilə etdiklərini cəsarətlə dilə gətirərək üzrxahlıq eləsin Azərbaycan dövlətindən və xalqından? Çətin. Bu, məhşər günündən Makron özü üçün də var, günün birində fransız xalqı onu da “üzü o tərəfə” yollayacaqlar. O Makronu ki, 44 günlük müharibənin ilk günündə ərazilərimizi Ermənistanın 30 illik işğalından azad etməyimizə qarşı çıxaraq, Azərbaycanın Qarabağı yenidən “işğal etməsinə” imkan verməyəcəyini sərsəmcəsinə bəyan edirdi. Heç olmasa Paris Sülh Konfransında tanınan Azərbaycanın xəritəsinə, ərazisinin həcminə baxmadan, Ermənistanın Azərbaycan ərazilərində yarandığı barədə daşdan keçən faktları görmədən. Erməni lobbisinin, erməni diasporunun və xəstə erməniçiliyin əlində yesir olan ikinci bir prezident tanımadıq, Makron bunu özünə rəva bildi. Budur, öz əkdiklərini biçir, ölkəsinin imicini alt-üst eləyib, xalq narazılığı pik həddə, bu da çıxış yolunu parlamenti təzələməkdə görür. Fransa Senatı da ötən Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul etmişdi. Anti-Azərbaycan qətnamələri sıralayıblar, nəticəsi olmasa da. Hətta Makron özü etiraf etmişdi ki, Azərbaycanla sanksiya dili ilə danışmaq mənasızdır. Belədirsə, onda niyə ənənəvi məkrli siyasətindən əl götürmür? Bax, bu, çox maraqlıdır, sanki Makronla bağlı ermənilərin əlində çox ciddi kompromat var. Azərbaycanın haqlı olduğunu, beynəlxalq hüquqa əsaslandığını, ermənilərin müharibə cinayətlərinə, soyqırım aktlarına cavabında belə, ləyaqətli müharibə apardığını bildiyi halda, yenə də ölkəmizə qarşı iftira siyasətini davam etdirir. BMT Təhlükəsizlik Şurasında dəfələrlə anti-Azərbaycan sənədin qəbuluna çalışsa da, məğlub oldu. Uduzacağını bildiyi halda, niyə əl götürmür keçmişindən? Deməli, kompramat məsələsi mövcuddur. Yeri gəlmişkən, Qarabağ hadisələri başlayarkən ermənilər Qorbaçov ailəsini belə ələ almağı bacarmışdılar, brilyantlarla. İstisna deyil ki, Makronun da qoluna nəzarət “qolbağı” sayağı nəsə taxıblar, erməni haləsindən kənara çıxa bilmir o boyda dövlətin başçısı.
Makron Fransası Azərbaycana – həm də qardaş Türkiyəyə qarşı - əlindən nə pislik gəlirdisə, etməyə çalışdı. 30 il ərzində torpaqların əbədi ilhaqı üçün Ermənistana və Qarabağdakı separatçılara dəstək verdi. ATƏT-in Minsk Qrupunun həmsədri kimi də əlindən gələni etdi ki, torpaqlar azad olunmasın, Ermənistan ordusu Ağdamda, şumlanmış Qarağacı qəbiristanlığında “at oynatsın”. Ərazilərimizi azad etdikdən sonra da gah TIR siyasəti, gah binokl diplomatiyası, gah Aİ missiyası ilə üstümüzə gəlməyə cəhd göstərdilər, Ermənistana Bastionlar göndərdilər, revanşizmi qızışdırdılar. Bütün bunlar Makron Fransasının “aktiv”inə yazılıb.
Fransa prezidenti o qədər yanlış siyasət yürütdü ki, ölkədəki fermerlərin belə qarşısına hansısa arqumentlə çıxa bilmədi. Afrikadan biabırçılıqla qovulan Fransa ordusunu Qafqaza yerləşdirmək üçün min cür hiyləyə əl atdı. Yeni Kaledoniyada, Fransız Polinezyasında həyata keçirdiyi antiinsani siyasətə son verməkdənsə, günahı Azərbaycanda axtardı Fransa rəhbərliyi. On illər ərzində Azərbaycan bayrağının Qarabağda dalğalanmasına qarşı çıxdı, hətta düşmənləri ilə koalisiya şəraitində bu, mənfur siyasəti yürütdü. Amma günün birində Fransanın əsarətində olan bölgələrdə Azərbaycan bayrağı dalğalandı. Bundan ağır cavab ola bilməzdi. “Döymə taxta qapımı...” misalı.
Və budur iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilər Fransanın hazırkı hakimiyyətində məyusluq yaradan nəticələrə səbəb oldu. Belə ki, Marin Le Penin rəhbərlik etdiyi “Milli birlik” partiyası əvvəlki nəticələrini xeyli yaxşılaşdıra bildi. Eyni gündə Milli Assambleyanı buraxdığını və ölkədə iki turdan ibarət növbədənkənar parlament seçkilərini təyin edən Makron üçün soyuq duş efekti verən hadisə! Le Penin partiyası ilə yanaşı, daha bir müxalif qüvvənin - “Respublikaçılar” partiyasının lideri Erik Syotti Avropa Parlamentinə seçkilərin nəticələrini “makronizmin” iflası kimi qiymətləndirib. Makron içindən yıxılıb, özünə məğlub olub, hikkəsinin qurbanı olub, bütün platformalarda. Diqqət edin, Sosialist Partiyasından Avropa Parlamentinə daxil olan Rafael Qluksmann belə Makronun seçki qərarını pisləyib və bunu rəqiblərinin reytinqinin xeyrinə oynamaq kimi qiymətləndirib. (AZƏRTAC) Nüfuzlu “La Figaro” nəşrinin baş redaktoru Giyom Tabard isə Makronun qərarını alçaldıcı adlandırıb və Prezidentin komandasını batan “Titanik”lə müqayisə edib. Beləcə, Makron batır, saman çöpündən yapışmaqla xilas olmağa çalışır, amma Eyfel qülləsinin qarşısına saman bağlaması ilə gələrək aksiya keçirən fermerlər də onun siyasətindən narazı olduqları üçün onu çör-çöp də xilas etməyəcək. Bu, “Müsibəti-Makron”dur. Onu artıq heç yerdə sevmirlər, hörmətlə yanaşmırlar, hətta ermənilər də Azərbaycan dövlətinin və liderinin sərt cavablarına məruz qalan Makrondan əllərini üzməkdədirlər. Fransa hətta Brüssel görüşündə də Ermənistanın xilası üçün heç nə edə bilmədi, çünki Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi. Azərbaycanın ilahi ədaləti təmin etməsinə qarşı çıxanlar gec və ya tez cəzalarını alırlar, bu, artıq ənənə halını alıb və burada məntiqə uyğunluq var. Görəsən, Makronun üzrxahlığa gücü çatacaqmı? Amma bəlkə də gecdir, mənası yoxdur, Fransa səfirinin Şuşaya minnətlə səfər etməsi kimi...
22 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ